Şimali Koreya ölkənin şərq sahilində bu ay istifadəyə verilmiş yeni çimərlik kurortuna əcnəbi turistlərin girişini dayandırıb.
Qaynarinfo "Bloomberg”ə istinadla xəbər verir ki, bu qərar Rusiya xarici işlər naziri Sergey Lavrovun həmin bölgəyə səfərindən bir neçə gün sonra
verilib.
Şimali Koreyanın Milli Turizm İdarəsi məlumat verib ki, yeni istifadəyə verilmiş Vonsan-Kalma sahil kurort zonası müvəqqəti olaraq xarici vətəndaşları qəbul etmir. Qərarın səbəbi ilə bağlı əlavə məlumat verilməyib.
Bu kurort zonası Şimali Koreya lideri Kim Çen Inın sevimli layihələrindən biridir. Kompleksdə lüks otellər və şəxsi villalarda təxminən 7000 qonaq otağı, açıq hava akvaparkı və hava limanı yerləşir. Bildirilir ki, Kim bu əraziyə şəxsi sahil iqamətgahını da tikdirib və tikinti prosesinə şəxsən nəzarət etmək üçün tez-tez sahəyə baş çəkib.
Rusiya xarici işlər naziri Sergey Lavrov da son Şimali Koreya səfəri zamanı məhz bu kurort şəhərinə baş çəkib. Vonsan şəhərində şimali koreyalı həmkarı ilə görüşündə Lavrov Rusiyanın Şimali Koreyaya rus turistlərin axınını artırmaq üçün "əlinə gələn hər şeyi edəcəyini" bildirib.
Əcnəbilərin kurorta girişinin niyə dayandırıldığı dəqiq məlum deyil. Bəzi analitiklər hesab edir ki, kurort hələ tam hazır deyil və əlavə işlər görülməlidir.
Stimson Mərkəzinin "38 North” proqramında peyk görüntülərinə əsaslanaraq bildirilib: "Kurort açıqdır, lakin hələ də tam başa çatmayıb. Kurortun ən böyük binalarından biri – "Kalmegi” otelinin yanındakı otel istifadəsiz görünür. Ətrafda insan çox deyil və damdakı hovuz hələ də su ilə doldurulmayıb”.
Vonsan-Kalma kurortu 2018-ci ildən bəri inşa olunur və əsasən əcnəbi turistlər üçün nəzərdə tutulur. Rusiya turizm agentliklərinin məlumatına görə, bu bölgədə artıq 17 böyük otel, 37 kiçik hostel, 29 ticarət mərkəzi və 35 ictimai-iaşə müəssisəsi fəaliyyət göstərir.
Əsas əcnəbi ziyarətçilərin rus və çinli turistlər olacağı gözlənilir. Britaniyalı və ya amerikalı turistlərin isə burada görünməsi demək olar ki, mümkün deyil.
Alpər
Şərhlər