Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp Rusiyaya Ukraynaya qarşı müharibədə atəşkəs və ya sülh sazişi əldə etmək üçün 50 günlük "son tarix" qoyub. Əks halda Moskvanı yeni məhdudiyyətlər gözləyir.
Qaynarinfo xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Levit mətbuat konfransı zamanı bildirib. Onun sözlərinə görə, Vaşinqtonun şərtləri yerinə yetirilməzsə, Rusiya gömrük rüsumlarının artırılması ilə də üzləşəcək.
"Prezidentin (yəni Trampın – red.) açıq şəkildə dediyi kimi, əgər bu müddət ərzində atəşkəs və ya sülh sazişi əldə olunmazsa, əgər Rusiya atəşkəslə razılaşmaqdan qanuni şəkildə imtina edərsə, çox yüksək gömrük rüsumları ilə qarşılaşacaq. Bundan əlavə, onlar ikinci dərəcəli sanksiyalarla üzləşəcəklər”, – deyə o qeyd edib.
Levitin sözlərinə görə, bu o deməkdir ki, Rusiyadan neft alan ölkələr də sanksiyalara məruz qalacaq. Bu isə Rusiya iqtisadiyyatına "dərin zərbə” vuracaq.
14 iyulda NATO-nun baş katibi Mark Rütte ilə görüş zamanı Donald Tramp bəyan edib ki, Rusiyaya Ukraynaya qarşı apardığı müharibəyə son qoymaq və ya sülh sazişi imzalamaq üçün 50 gün vaxt verir. Əks halda Moskva və onun tərəfdaşları 100 faizlik gömrük rüsumları ilə cəzalandırılacaq.
Bu kontekstdə Mark Rütte Rusiya ilə biznes əlaqələri saxlayan üç ölkəyə xəbərdarlıq edib. Onların arasında Çin də var.
Bununla belə, "The Economist” nəşri yazır ki, investorlar Trampın Rusiya ilə bağlı sərt sanksiyalar tətbiq edəcəyinə dair hədələrinə inanmırlar.
Alpər
Şərhlər