Hamı bunlara minnətdar olmalıdır, guya bunların tarix boyu xüsusi missiyası olub! Doğrusu, ötən həftə Rusiya prezidentinin ABŞ-ın İstiqlaliyyət günü ilə bağlı təbriklərini oxuyanda ağlımdan bir daha keçən ilk fikir bu oldu – guya Rusiya bu ölkəyə İstiqlaliyyət savaşı, hətta vətəndaş müharibəsi zamanı çox yardımçı olub...
Olsun. Amma məsəl var, deyirlər ki, əvvəl özünə əriştə kəs, sonra başqalarına umac ov. Yox, demirəm, Rusiya ilə ABŞ-ın təmasları olmayıb, ən azı, ruslar keçmişdə, vaxtilə Alyaskanı satıblar Vaşinqtona, hansının ki, peşmançılığını hələ də yaşayırlar.
Sovetin vaxtında deyirdilər ki, ABŞ-ın Alyaskadan götürdüyü gəlirləri nəzərə alanda o vaxt rus çarı guya onu bu ölkəyə bir neçə qəpiyə satıbmış. Yəni bu bazarlığa görə hələ də yanıb tökülürlər ki, raketlərini ABŞ-ın lap qulağının dibində, Alyaskada da yerləşdirə bilərdilər! Krım işğal ediləndə iki rus diplomatının səsi dinlənilmişdi: bu həriflər deyirdi ki, tezliklə Alyaskanı da qaytaracağıq.
O ki qaldı ABŞ-la Rusiya arasındakı "yaxınlığa”, son illərədək rus tarixçiləri daha çox bir detalı qeyd edirdilər: Rusiyada mövcud olan və yalnız 1861-ci ildə ləğv edilən təhkimçilik hüququ ABŞ-dakı quldarlıq kimi bir şey idi.
Qeyd edək ki, ABŞ-da onda heç olmasa, "ağ”ların hüquqları var idi, Rusiyanın hətta "ağdərili insanları” hələ bugünədək bu hüquqaları tam əldə edə bilməyiblər.
Soruşacaqsınız ki, bunları niyə deyirik? Ukrayna müstəvisində sülh alınmır və bunu hamı bilir. Ən qorxulusu isə budur ki, Moskva ciddi şəkildə nəzərlərini Cənubi Qafqaza – Azərbaycana və etiraf etmək lazımdır, daha çox da Ermənistana yönəldib.
Əslində onlar gizlətmir və açıq şəkildə deyirdilər ki, "Ukraynanı bitirəndən sonra” guya digər post-sovet ölkələrilə "məşğul” olacaqlar.
Amma bu işə bir az tez başlamalı oldular deyəsən, çünki Azərbaycan məlum məsələdir, o, Cənubi Qafqazda Rusiyanın minimal təsir imkanları qalan, faktiki olaraq Moskva ilə heç bir bağlılığı olmayan və fəal şəkildə müstəqil siyasət yürüdən ölkədir.
Bunların narahatlığı ən çox Ermənistandandır, çünki bu ölkədəki "rıçaq”alrını itirmək təhlükəsi qarşısındadırlar – bəli, Paşinyan bu istiqamətdə çox fəal siyasət aparır, ən asası isə, Ermənistanın Azərbaycan və Türkiyə ilə yaxınlaşması üçün, hətta Zəngəzur dəhlizinin reallaşması üçün heç bir vaxt olmadığı kimi real imkanlar yaranıb ki, bu da Kremli çox təlaşlandırır.
Elə Azərbaycana da qarşı Moskvanın son hərəkətləri narahatlıq yaratmaya bilməz, çünki bu da epizodik insident deyil, getdikcə sistemli təzyiq təəssüratı başğışlayır.
Hətta bura "xüsusi mümayəndə heyəti”nin göndərmək təşəbbüsü bir daha deməyə əsas verir ki, Bakıya və azərbaycanlılara qarşı son dövrdə baş verən təzyiqlər bilavasitə Kremlin özü tərəfindən yönləndirilir, hətta idarə olunur. Kim bilir, bəlkə "qonaqlar” Kremlin növbəti "təklif”– tələblərini də çatdırmaq niyyətindədirlər?
Doğrusu, Moskvanın Azərbaycana qarşı təzyiqlərinin konkret nəticə verəcəyini güman etmirik. Ötən həftə Rusiyaya özümüzün geosiyasi resurslarımızı nümayiş etdirdik – Bakı daha müstəqilliyin ilk illərində olduğu kimi Moskvanın təzyiqləri qarşısında aciz və köməksiz deyil.
Amma Rusiyada azərbaycanlılara qarşı baş verən son insidentdən sonra bizim bu ölkəyə necə cavab təzyiqi edə biləcəyimiz haqda müzakirələr hələ davam edir. Çox məsələlər götür-qoy edilir, o cümlədən də rusdilli məktəblər-filanlar.
Əlbəttə ki, heç bir halda məsələni belə qoymaq olmaz: ruslar və rusdillilər bizim vətəndaşlarımızdır və onlara qarşı nəinki təzyiqdən, heç bir ögey münasibətdən söhbət gedə bilməz.
Amma nəticələr çıxarmaq lazımdır. Rusdilli məktəblərdə Azərbaycan tarixinin, ədəbiyyatının və mədəniyətinin tədrisinə diqqəti artırmalıyıq, çünki bizə rus dilini bilən, amma vətənpərvər gənclər lazımdır. Məncə, rus dilini bilmək bir şeydir, rusdilli olmaq başqa. Gənclərimiz rus dilini bilsin, amma öz dillərini və mədəniyyətlərini də bilib sevsinlər. Klassik anlamda "rusdilli” artıq keçmişdir, imperiyanın qalığıdır – özümüzü durub təzədən "bakinets” (бакинец) adlandırmayacağıq ki!..
Bütün hallarda, Rusiyanın yeni planlarına qarşı həssaslığımızı itirməməliyik. Bəlkə də səhv edirəm, amma mənə elə gəlir ki, İrəvanla da lazım gəlsə, müəyyən qədər anlaşmağa cəhd etməliyik. Ruslar əgər Paşinyanı devirib onun yerində özlərinin növbəti quldurlarını oturtsa, demirik ki, bunun bizim üçün dəhşətli dərəcədə ağır nəticələri olacaq, amma bütün hallarda regional siyasi atmosfer yenə ağırlaşacaq.
Əlbəttə, Paşinyandan bizim dörd əsas gözləntimiz var: konstitusiya dəyişiklikləri, Minsk Qrupundan imtina, sülh sazişi və Zəngəzur dəhlizi.
Rəsmi İrəvan hər dörd istiqamətdə hərəkət etməyə hazır olduğunu deyir, amma real addımlar görmürük: Paşinyan nəsə etməlidir axı!..
Tutalım, seçki ərəfəsində konstitusiya islahatı, Zəngəzurla, hətta sülh sazişilə bağlı müəyyən çətinlikləri var. Heç olmasa, Minsk Qrupundan imtina etsin, axı bu, daha kiməsə lazım deyil! Həm də Bakı qəti əmin olsun ki, İrəvan revanşist hisslərlə yaşamır.
Qərəz, belə çətin məqamda, Kreml hər iki ölkəyə təzyiq edən vaxtda İrəvan konkret addımlar atsa, Bakı da cavab jesti haqqında düşünə bilər.
Bütün hallarda, çox ehtiyatlı olmalıyıq. Moskva bizi müxtəlif yollarla təxribatlara da çəkmək istəyər. Gürcüstan müəyyən mənada hazır vəziyyətə gətirilib, adamın heç ağlına da gəlmir ki, İvanişvili və dəstəsi durub hansısa məsələdə Kremlə müqavimət göstərsin. Yox, onlar bunun üçün ölkəni bütün zəruri resurslardan məhrum ediblər.
Nə qədər qəribə olsa da, Paşinyan Moskvaya daha çox dirəniş göstərən siyasətçi kimi, görünür, indi, nəinki İvanişvili və dəstəsi.
O ki qaldı Bakıya, Moskva daha yoxdur bu ölkədə, amma bura da qayıtmaq planlarından əl çəkmir. Ona görə də bir ara müəyyən çətinliklər və hətta mürəkkəbliklər yaşamalı olacağıq. Ən əsası odur ki, başa düşək, ən azı Putin dövründə (elə gələcəkdə də!) bizim Rusiya adlı dostumuz yox, uzağı qonşumuz olacaq...
Hüseynbala Səlimov
Şərhlər