ABŞ-ın sabiq prezidenti Donald Tramp Çinə səfər etməyə və Çin Xalq Respublikasının sədri Si Szinpinlə şəxsən görüşməyə hazır olduğunu bəyan edib.
Qaynarinfo xəbər verir ki, bu barədə o, cümə günü "Fox News" telekanalına verdiyi müsahibədə bildirib.
Bloomberg" yazır ki, Tramp Çinlə Amerika arasındakı münasibətlərin əhəmiyyətini vurğulayıb və xarici siyasət ilə iqtisadiyyat məsələlərini müzakirə etmək istədiyini söyləyib.
"Əlbəttə ki, bunu edərdim", deyə Tramp xarici səfəri zamanı Si Szinpinlə görüşmək istəyib-istəmədiyi sualına cavab olaraq bildirib. O əlavə edib ki, Çin və ABŞ arasındakı münasibətlər "əhəmiyyətlidir".
Bu, Trampın Çinlə dialoqa can atdığını ifadə etdiyi ilk bəyanat deyil. O, bu həftənin əvvəlində də Si ilə telefon danışığının mümkün ola biləcəyini istisna etməmişdi. Söhbət ABŞ-la Çin arasında ticarət müharibəsində əldə olunmuş müvəqqəti atəşkəsdən sonra baş tuta bilər. Razılaşmaya əsasən, iki ölkə gömrük tariflərini 90 gün müddətinə azaldıb: ABŞ Çin mallarına tətbiq etdiyi rüsumları 145%-dən 30%-ə endirib, Çin isə ABŞ məhsullarına olan tarifləri 125%-dən 10%-ə qədər azaldıb.
Qeyd edək ki, Trampın Çinə mümkün səfəri dəyişən geosiyasi şərait fonunda qlobal iqtisadiyyatın və ABŞ-ın xarici siyasət kursunun sabitləşdirilməsi baxımından əsas məqam ola bilər.
ABŞ və Çin arasında rüsumların müvəqqəti endirilməsi qərarı iki nəhəng iqtisadiyyat arasında ticarət gərginliyini azaltmaq və qarşılıqlı fikir ayrılıqlarını həll etmək üçün bir neçə aylıq vaxt qazanmaq məqsədi daşıyır.
Bundan başqa, gələcəkdə iqtisadi münasibətləri müzakirə etməyə imkan verəcək mexanizmin yaradıldığı da məlum olub.
Alpər
Şərhlər