İtaliyada ekstremal istilər səbəbindən inəklər stress keçirir və daha az süd verir. Bu isə Appenində istehsal olunan nadir pendirlərin keyfiyyəti və həcminə təsir göstərir.
Qaynarinfo xəbər verir ki, bu barədə "The New York Times” məlumat yayıb.
Risk zonasına mozarella, burata, skamorça, rikotta və provolone kimi pendir növləri də daxildir. İtalyan fermerləri iqlim dəyişikliyinə uyğunlaşmaq məqsədilə daha az süd tələb edən yeni pendir növləri hazırlamağa məcburdurlar.
Son vaxtlar südün keyfiyyətindəki azalmanın daha qabarıq hiss edildiyini bildirən pendir istehsalçıları deyirlər ki, stress keçirmiş inəklərin südü daha gec və daha çətin laxtalanır.
Alimlərin sözlərinə görə, istiliyə və rütubətə həssaslıq dərəcələrindən və temperatur səviyyəsindən asılı olaraq inəklərin südverməsi 3 faizdən 30 faizədək azala bilər. İsti hava həmçinin süddəki zülal və yağ səviyyəsini aşağı salır ki, bu da pendirin keyfiyyətinə birbaşa təsir edir.
Statistikaya əsasən, bütün İtaliya üzrə inək südünün istehsalı yay aylarında azalır. 2022–2024-cü illər arasında mart–sentyabr dövründə süd istehsalı orta hesabla 17,2 faiz azalıb ki, bu da əvvəlki üç ilin eyni dövründə qeydə alınan 15,5 faizlik azalmanı üstələyir.
Süd fermaları aşağı rentabelliklə işlədiyindən, kəskin azalma iqtisadçıların "süd apokalipsisi” adlandırdığı vəziyyəti yarada bilər. İnəklər çox vaxt metan qazı buraxdıqları üçün iqlim dəyişikliyinə səbəb olmaqda günahlandırılsa da, bu dəfə özləri onun qurbanına çevriliblər.
İtaliyada süd tədarükünün azalması fermerlər üçün enerji və yem qiymətlərinin artması kimi digər problemləri daha da dərinləşdirir. Ölkə üzrə demək olar ki, hər on süd fermasından biri bağlanma riski ilə üz-üzədir.
İstinin təsirini azaltmaq üçün bəzi fermerlər su püskürdücülər və kondisionerlər quraşdırırlar. Bu cihazlar hətta temperatur 20 dərəcə Selsiyə düşəndə belə mal-qara saxlanılan binalarda işlədilir. Araşdırmalar göstərir ki, inəklər bu səviyyələrdə belə istilik stressi yaşamağa başlaya bilərlər.
Mütəxəssislər bildirirlər ki, bu tədbirlərin təsir imkanları məhduddur və onların istiliyin mənfi təsirini maksimum 50 faiz azaltması mümkündür.
Avropada iqlim dəyişikliyinin nəticələri
Bu ilin yayında Böyük Britaniyada müşahidələr tarixində rekord göstəricilərlə anomal yüksək temperatur qeydə alınıb. Nəticədə Yorkşir bölgəsində inəklərin otladığı torpaqlar günəşdən yanmış preriyaya çevrilib. Fermerlər mal-qaranı qış ehtiyatları ilə qidalandırmağa məcbur olub və ciddi zərər çəkiblər.
Fransa şərabçılığı da bu il problemlərlə üzləşib. İstilik, quraqlıq və onların yaratdığı meşə yanğınları yerli üzümçülüyə ciddi ziyan vurub. Son 70 ilin ən böyük yanğınında 17 000 hektardan çox üzüm bağı və digər kənd təsərrüfatı sahələri məhv edilib.
Aydın
Şərhlər