Ukraynanın Avropa tərəfdaşları Donald Trampdan narazı və məyusdurlar, çünki o, sözlərində Rusiyanı sanksiyalarla hədələsə də, onların tətbiqindən yayınır. Öz növbəsində Tramp isə Avropadan Rusiya nefti alındığına görə narazıdır.
Qaynarinfo xəbər verir ki, bu barədə "Bild”
yazır.
Nəşrin məlumatına görə, "İstəklilər koalisiyası” ölkələrinin liderləri ilə ABŞ prezidenti arasında bu gün baş tutan telefon danışığında Tramp avropalıları Rusiya nefti almaqda və bununla da Ukraynaya qarşı rus təcavüzünü dolayı yolla maliyyələşdirməkdə günahlandırıb.
"Bild”in həmsöhbətlərinin sözlərinə görə, avropalılar bunu inkar etməyə çalışaraq Trampa bildiriblər ki, Rusiya neftini yalnız Macarıstan və Slovakiya alır. Lakin Trampın xüsusi nümayəndəsi Stiv Uitkof qeyd edib ki, Avropanın qalan hissəsi də Hindistan neft emalı zavodlarında Rusiya neftindən alınan neft məhsullarını alır.
Tramp söhbəti Rusiyaya qarşı sanksiyalar mövzusuna gətirəndə, avropalılar 48 saat ərzində nümayəndələrini Vaşinqtona göndərərək Rusiya əleyhinə sanksiyalar üzrə işçi qrup yaratmağa hazır olduqlarını bildiriblər. Lakin Trampın bu təklifə razılıq verib-vermədiyi aydın olmayıb.
"Bild” qeyd edir ki, Donald Tramp dəfələrlə Rusiyanı sanksiyalarla hədələyib və Putindən müharibəni dayandırmağı tələb edib, lakin bütün müəyyən olunmuş müddətləri ötürüb və "heç bir tədbir görməyib”.
"Avropa tərəfi Trampın Rusiyaya qarşı sanksiyalar tətbiq edəcəyini gözləmir, hətta cümə axşamı keçirilmiş telefon danışığından sonra belə”, – nəşr insayderlərə istinadən yazır.
Xatırladaq ki, Ukrayna prezidenti Vladimir Zelenski bildirib: Tramp Slovakiya və Macarıstanın hələ də Rusiya nefti alması faktından narazılıq edib. Zelenski xatırladıb ki, həmin iki ölkə bundan əvvəl hətta Ukraynanın Rusiya neft sənayesinə hücum etməsindən Trampa şikayət də etmişdilər.
Bundan başqa, avqustda Tramp Hindistana qarşı əlavə ticarət rüsumları tətbiq etmişdi və bunu Rusiya nefti aldığına görə "cəzalandırma” kimi təqdim etmişdi. Lakin analitiklər və insayderlərin sözlərinə görə, bu, yalnız bəhanə idi, çünki əsl səbəb Trampın Hindistanın baş naziri ilə mübahisəsi olub. Dolayı yolla bunu o da sübut edir ki, Rusiya neftinin digər alıcılarına, o cümlədən Çinə qarşı Tramp oxşar addımlar atmayıb.
Alpər
Şərhlər