Xəbər lenti

Siyasət 16:24 05.09.2025

"Bu açıqlama göstərir ki, Kreml Azərbaycanla münasibətləri normallaşdırmaqda maraqlı deyil"

"Rusiya XİN-in bu açıqlamaları göstərir ki, Kreml əslində Bakı ilə münasibətləri normallaşdırmaqda maraqlı deyil və postsovet ölkələrinə hücum fürsəti gözləyir".

Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Üzeyir Şəfiyev Rusiya Xarici İşlər Nazirliyinin AZAL təyyarəsinin qəzaya uğramasına görə sığorta ödədikləri və Bakıda saxlanılan həmin ölkə vətəndaşlarının azadlığa buraxılmasını şərt kimi irəli sürmələrini şərh edərkən deyib.

"Azərbaycan Rusiya ilə münasibətləri kəskinləşdirməkdə maraqlı deyil. Rusiya tərəfindən ölkəmizə qarşı edilən təxribat və hörmətsizlik dövlətlərarası münasibətlərə, Moskva ilə Bakı arasında imzalanan strateji mütəffiqlik anlaşmasına ziddir. Bakı tələb edir ki, AZAL təyyarəsinə qarşı törədilən hadisəyə görə Rusiya məsuliyyəti üzərinə götürüb, üzr istəsin və kompensasiya ödəsin. Rusiya isə bundan imtina edir", deyə konfliktoloq bildirib.

Ekspert qeyd edib ki, Azərbaycan saxlanılan Rusiya vətəndaşı olan şəxslərlə bağlı hüquqi müstəvidə addım atır:

"Burada hüquqa zidd əməl törədən vətəndaşlar hüquqi məsuliyyətə cəlb olunublar. Rusiyada isə azərbaycanlılara qarşı yerli-yersiz sıxışdırma siyasəti aparılır. Moskva yaşadığımız coğrafiyaya özünü arxa bağçası kimi baxır. AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı Moskva tərəfindən səsləndirilən fikrə Azərbaycan rəsmiləri aydın şəkildə izah verərək, Rusiyanın bütün bu yalanlarını ifşa etdi. Hadisə ilə bağlı qarşı tərəf heç bir üzrxaqlıq etməyib, kompensasiya ödəməyib".
 


Üzeyir Şəfiyevin fikrincə, ancaq bərabərhüquqlu münasibətlər fonunda dövlətlərarası münasibətlər normallaşa bilər:

"Moskvanın hər kəsə yuxarıdan aşağı baxması ritorikası fonunda isə Rusiyadan qaçma meylləri də artacaq. Hətta Moskva ilə bu vaxta qədər olan əlaqələr belə aradan qaldırıla bilər. Bunun olmamasını istəyirsə, Rusiya qonşu dövlətləri əməkdaşlığa cəlb edən daha maraqlı və cəlbedici ideyaları gündəmə gətirməyin vacib olduğunun fərqində olmalıdır. Əfsus ki, Putinin neoimperalist maraqları ona bu reallığı görməsinə mane olur. Bu isə sonda Rusiyanı böyük itkilərlə üz-üzə qoyacaq, onun tərkibindəki subyektlər belə Moskvadan ayrılacaq".

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyi yaydığı açıqlamada AZAL təyyarəsinin qəzaya uğraması fonunda sığorta vəsaitinin ödənilməməsi ilə bağlı yayılan məlumatların həqiqətə uyğun olmadığını iddia edib. Onlar iddia edirlər ki, Azərbaycan aviaşirkətinə təyyarə üçün tam sığorta dəyəri - 1,003 milyard rubl məbləğində sığorta kompensasiyası ödənilib: 

"15 Rusiya vətəndaşından 7-si, 38 Azərbaycan vətəndaşından 35-i, Qırğızıstan vətəndaşlarından 3-ü, Qazaxıstan vətəndaşlarından 6-nın hər birinə ödənişlər tam ödənilib. Bu günə kimi təyyarənin xəsarət almış sərnişinlərinə və ölənlərin yaxınlarına ümumilikdə 358,4 milyon rubl sığorta ödənişi edilib". 

Azərbaycan Xarici İşlər Nazirliyi isə Rusiya XİN-in açıqlamasının həqiqəti əks etdirmədiyini, ictimaiyyəti çaşdırmaq məqsədi daşıdığını bəyan edib. Burada qeyd edilir ki, AZAL-a və sərnişinlərə Rusiyada qeydiyyatda olan sığorta şirkəti tərəfindən sığorta ödənişlərinin həyata keçirilməsi və təyyarənin vurulması ilə bağlı ölkəmizin Rusiya hökumətindən kompensasiya tələb etməsi məsələləri tamamilə fərqli mövzulardır:

"Sığorta ödənişləri AZAL-ın sığorta müqaviləsi çərçivəsində, şirkətin təyyarəsini və sərnişinləri sığorta etməsi nəticəsində öhdəliklərə uyğun olaraq təmin edilir. Belədə sığorta ödənişlərinin Azərbaycanın Rusiya hökumətindən tələb etdiyi kompensasiya ilə eyniləşdirilməsi cəhdləri düzgün deyil".

Eyni zamanda. Rusiya XİN-in sözçüsü Mariya Zaxarova bəyan edib ki, Moskva Bakının saxlanılan Rusiya vərəndaşlarını azad etməsini iki ölkə arasında münasibətlərin normallaşması yolunda mühüm addım olacağı qənaətindədir. Azərbaycan XİN-ni Moskvanın bu məsələyə şərt kimi yanaşmasını da yanlışlıq kimi dəyərləndirib. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->