Açılış mərasimində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini İlham Bayramov, Su və Meliorasiya Elmi Tədqiqat İnstitutunun İdarə Heyətinin sədri Mir Mövsüm Dadaşev və Agentliyin nümayəndələri iştirak ediblər.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini İlham Bayramov bu cür təşəbbüslərin strateji əhəmiyyət daşıdığını vurğulayaraq qeyd edib ki,
"Su təsərrüfatı sahəsində innovativ yanaşmalar və yeni texnologiyaların tətbiqi günümüzdə daha aktual və vacibdir. Bu gün burada toplaşan hər bir iştirakçı ölkəmizin su ehtiyatlarının qorunması və davamlı inkişafı yolunda potensial dəyişiklik yarada biləcək bir fikrin, bir texnoloji həllin müəllifi ola bilər.”
Daha sonra çıxış edən Su və Meliorasiya Elmi Tədqiqat İnstitutunun İdarə Heyətinin sədri Mir Mövsüm Dadaşev çıxışı zamanı qeyd edib ki,
"Əziz tələbələr, qarşıda sizi dörd günlük gərgin, eyni zamanda çox faydalı bir proses gözləyir. Bu müddətdə siz yalnız nəzəri biliklər qazanmayacaq, həm də komandada işləməyi öyrənəcəksiniz, fikir mübadiləsi aparacaqsınız və ortaya mövcud problemlərin real həllərini çıxaracaqsınız. Sizin bu hakatonda irəli sürdüyünüz ideyalar gələcəkdə böyük layihələrin əsasına çevrilə bilər.”
Qeyd edək ki, sentyabrın 8-dək davam edəcək dörd günlük təlim və hakaton proqramı su ehtiyatlarının idarə olunması sahəsində süni intellektin və innovativ texnologiyaların tətbiqinə həsr olunub.
Proqrama ümumilikdə 305 nəfər müraciət edib, onlardan seçilən 60 gənc iştirakçı təlimlərdə iştirak etmək imkanı qazanıb.
Proqramın sonunda ən uğurlu ideyalar münsiflər heyəti tərəfindən seçilərək mükafatlandırılacaq və onların həyata keçirilməsi üçün əlavə imkanlar təqdim olunacaq.
Tədbir Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində olan Su və Meliorasiya Elmi Tədqiqat İnstitutu və SUP VC-nin təşkilatçılığı, EU4ClimateResilience layihəsinin dəstəyi ilə baş tutub. Layihə Avropa İttifaqı (Aİ) və Almaniyanın Ətraf Mühit, İqlim Fəaliyyəti, Təbiətin Mühafizəsi və Nüvə Təhlükəsizliyi üzrə Federal Nazirliyi (BMUKN) tərəfindən maliyyələşdirilir, GIZ və OECD tərəfindən icra olunur.
"WaterTech Bootcamp” iştirakçılara yeni bilik və bacarıqlar qazandırmaqla yanaşı, komanda işi, kreativlik və davamlı inkişaf prinsiplərini də təşviq edən mühüm təşəbbüsdür.
Şərhlər