Xəbər lenti

Səfəvi əsgərləri adam əti yeyiblər?
Ölkə 13:55 13.08.2023

Səfəvi əsgərləri adam əti yeyiblər?

Osmanlı və fars (tacik) mənbələri uzun illərdir Azərbaycan tarix elmində hökmranlıq edirlər. Onlarla yanaşı, Rusiya tarixçilərinin əsərləri də hər kəsin inandığı bir qaynaq olaraq istifadə edilir. Mən bu barədə dəfələrlə yazmışam. Bu üç ölkənin səlnaməçiləri Azərbaycan tarixinə qarşı kifayət qədər düşməncəsinə davranırlar. Dəqiq və səhih istinada bu günə qədər onların əksər əsərlərində rast gəlməmişəm. Sanki havadan əldə edilən məlumatlar onların "kitablarında" qaynaq rolu oynayıb. Xüsusilə də Qızılbaşiyə-Səfəvi dövrünə qarşı nifrətləri hiss edilir və bu nifrət yalan mənbələrlə kitablarda yazılır. Bu günə qədər onların "tarixçiləri" əllərində heç bir qaynaq, mənbə və əlyazma olmadan bir "fakt" tutub qışqırırlar ki, "Səvəfi-qızılbaş əsgərləri adam əti yeyib" 

Birincisi, Səfəvi-Qızılbaş əsgərləri İslam dininə sitayiş edib və onların böyük əksəriyyəti türk kimliyin daşıyıblar. İslam dinində və Türk törəsində nəinki adam, hətta haram ət yemək günah sayılıb. İndi isə buna aydınlıq gətirək:

Bizim və Türkiyə, İran, Rusiya "tarixçiləri" yazırlar ki, guya Şah İsmayılın adam əti yeyən dəstələri olub. İstinad kimi də İsgəndər bəy Münşinin farsca yazdığı Səfəvilər xanədanlığının tarixindən bəhs edən və Səfəvi hökmdarı I Şah Abbasa ithaf olunan "Dünyanı bəzəyən Abbasın tarixi: Tarixe-aləmaraye-Abbasi" və Şərəf xanın "Şərəfnamə” kitablarını göstərirlər. Kitabın müəllifi olan İsgəndər bəy 87-ci səhifəsində "Şah İsmayılın əmri üzərinə adam əti yeyən dəstələrin olduğunu Səfəvi tarixçilər özləri yazmışlar" deyə iddia irəli sürür. "Çegin” adında adamyeyən dəstələr  guya sünnilərin öncə qulaqlarını, sonra burunlarını, daha sonra bədənlərinin başqa yerlərini yeyirdilər.

İsgəndər bəy Münşi bu barədə Qəzvininin 1555-ci ildə yazdığı "Lobb əl-Təvarix" əsərindən götürüb. Bu kitabı istinad kimi götürənlər əvvəlcə Qəzvininin kitabının orjinal variantını oxusunlar. Orda səfəvilər "adam əti yeyir" fikirinin qaynağın görsünlər. Varmı? O kitabı yazan hansısa qaynağa və o dövrün şahidinə istinad edirmi? Yox. Bəs Münşi bunu niyə belə yazsın? Çünki Münşi şiə təriqətinə nifrət edirdi və ona görə də özünə uyğun cümlələri yazıb. 

O dövrün səhih mənbələri olan Xondəmirin "Həbib əl-Siyar" və Həsən bəy Rumlunun "Əhsən əl-təvarix" əsərlərində bu barədə bir cümlə belə yoxdur. Əgər Səfəvilər belə idilərsə, niyə digər kitablarda, əlyazmalarda bu barədə yazılmır?

Azərbaycan Əlyazmalar İnstititunda daş basma üsulu ilə yazılmış bu mənbənin əlyazması saxlanılır. XVII əsrə aiddir. O əsərlə tanış olub, əmin olmaq olar ki, Səfəvilər nəinki adam əti yeyib, heç haram ətə (donuz və düzgün kəsilməyən ət, qadağan olunan ov heyvanları) belə əl uzatmayıblar. 

Bizim alimlər də, hamının bəh-bəhlə təriflədiyi şəxslər də buna inanaraq Şah İsmayılın Leşxor dəstələri olduğunu "qəbullanırlar". 

Səfəvi tarixini oxuyanda fars (tacik), bəzi Osmanlı, əksər rus və əksər ərəb mənbələrindən bir qədər uzaq durmaq daha yaxşı olar. Güntay Gəncalp adlanan şəxsin İranın hansısa "arxivlərindən" əldə etdiyi mənbələrə də istinad edən alimlərimiz informasiyanın dəqiqliyinə varmaq istəmirlər. Güntay bunu hər müsahibəsində deyir, amma İrandan əldə etdiyi "arxiv sənədini" sübut edə bilmir, deyir Şahin Fəzlinin tərcümə etdiyi İsgəndər Münşiyə istinad edir. Demək əgər arxiv sənədi və bunu təsdiq edəcək fakt yoxdursa, bu sadəcə böhtan və şərdir. Yuxarıda da qeyd etdim bu barədə. 

İndi isə qıza izah : 

1. Qızılbaşların həqiqi mənada adam əti yeməklərini iddia etməyib, bunu məcazi mənada söyləyib.
2. Osmanlı mənbəsi sayılan "Şərəfnamə” Şah İsmayılın ölümündən 100 il sonra yazılıb, əsaslı şəkildə Şahın qəddar və zalım birisi olmasını "sübut" etməyə çalışır. Özü də bu əsər xeyli təhrif və əlavələrlə zəngindir. 
3. Türkiyədə nəşr edilən türk yazıçısı Ömər Seyfəddinin əsərlərində də bu fikir səslənir və o əsərləri oxuyanlar müəllifin şiəliyə necə nifrət etməsini görə bilər. Konkret olaraq. Ömər Seyfəddin əsərində Səfəvi dövlətinin mövcudluğunu şübhə altına alır. Amma tarixi silmək olmur. 

Gələk işin əslinə...

Şah İsmayıl 14 döyüşdə 14 qələbə qazanan şəxs olub. Onun qoşunlarının sayı Osmanlılara nisbətdə olduqca az idi. Onun dövründə ordunun psixoloji cəhətdən güclü olması ilə yanaşı, düşmənlərə psixoloji təsir edilməsi strategiyasını cızan hərbiçi atabəylər var idi. Osmanlı elçiləri Şahın yanına gələndə onun əmri ilə bir dəstə əsgər qızardılmış buzovu qarşılarına qoyaraq, elçilərin getdiyi ərazidə əlləri ilə parçalayaraq iri tikələrlə yeyirdilər. Daş üzərində qoyulan buzov cəmdəyini iri parçalarla qopardan qorçular bununla elçilərin gözündə qorxu yaratmaq niyyətində idilər. Bu səhnəni görən osmanlı elçiləri geri qayıdıb, Sultan Səlimə "qızlbaşlar leşi iri tikələrlə yeyirlər" məlumatını verirlər. Bunu eşidən də Sultan Səlim Şaha qarşı nifrət yaratmaq üçün öz əsgərlərinə "qızılbaşlar meyid yeyirlər" deyə təbliğat aparmalarını tapşırır.

İspaniya Kralı 3-cü Filip tərəfindən Şah Abbas sarayına səfir göndərilən Qarsiya de Silva Fiqeroa (Garcia de Silva Figueroa) 12 oktyabr 1617-ci il tarixində Bəndərabbas sahilində quruya çıxdığı andan 17 oktyabr 1618-ci il tarixində Qəzvin şəhərində Şah ilə ilk görüşünə qədər bütün hadisələri qeydə alır və "Comentarios" əsərində Səfəvilərin hansı ət növlərini yediyini yazır. Bu əsərdə də təsdiq olunur ki, Səfəvilər əsla haram ətdən istifadə etməyiblər. O konkret yazır: "Səfəvi mətbəxi ümumən plov, toyuq ilə qoyun ətindən ibarətdir".

A.Oleari "Qoldşin səfirliyinin Moskoviya və Persiyaya səfərinin müfəssəl təsviri" əsərində İsfahanda onların şərəfinə verilmiş ziyafətin təsvirinin sonunda yazır ki, saat yarımlıq ziyafət başa çatdıqdan və hamıya əllərini yumaq üçün ilıq su verildikdən sonra saray əyanı uca səslə söylədi: "Süfrə haqqına, Şah dövlətinə, qazılar qüvvətinə Allah deyəlim!” Bundan sonra hamı xorla dedi: "Allah! Allah!”

Sizcə süfrədə "Allah! Allah!" deyən şəxslər adam əti yeyərdilər?

XVI əsrdə müsəlman olan kəs insan əti yeyə bilməzdi. Belə hal cahiliyyə dövründə, islamdan əvvəl ola bilərdi. O vaxt düşmənin ürəyini çıxarıb yeyirdilər. Amma 16-cı əsrdə bu mümkün deyildi. Şah İsmayılın şeirlərində "Loxmanı çiy yemə, yerinə dişin düşər” şəklində bir misrası var. Belə bir fikir sahibinin haqqında bu cür cəfəngiyyat yazmaq nə qədər inandırıcıdır?

Buna görə də bir mənbəni oxuyanda dəqiqliklə onu analiz edin. 

Zaur Əliyev, dosent

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->