Xəbər lenti

Sabiq nazir:
Ölkə 17:15 06.04.2025

Sabiq nazir: "İsfəndiyar bir evi beş adama satdığı kimi, elə bilir diplom da satılır"

Son günlər ölkə gündəmini zəbt edən iş adamı İsfəndiyar Axundov ("Şərurlu İsfəndiyar”) daha bir cinayət əməlinə yol verdiyini efirdən etiraf edib. Açıqlaması ilə özünü və ailəsini ifşa edən "Şərurlu İsfəndiyar” övladlarına saxta yolla, rüşvətlə diplom aldığını deyib.

Onun dediyi sözlər müzakirələrə yol açıb. Bu, çox ciddi qanun pozuntusu, cinayətdir. Belə çıxır, övladlarının ali təhsilini təsdiq edən sənəd (diplom) saxtadır. Bu diplomla işə düzəliblərsə, təcili araşdırılıb, işdən uzaqlaşdırılmalıdırlar. Bunu qanun tələb edir. Üstəlik, hüquqi araşdırma aparılmaldıır.

Ortaya maraqlı sual çıxır: İsfəndiyar Axundov bu diplomları neçənci ildə satın alıb? Həmin dövrdə nazir kim olub?

Pravda.az saytı bu sualla sabiq təhsil naziri Misir Mərdanova müraciət edib.

Misir Mərdanov İsfəndiyar Axundovun dediklərinin həqiqətə uyğun olmadığını bildirib:

"Əvvəla, onu qeyd edim ki, Azərbaycanda heç vaxt diplom satılmayıb. İnsanlarda yanlış fikir formalaşdırırlar. Necə yəni diplomu alıb?! Bəli, ola bilər, onun övladı universitetə hansısa yolla qəbul olub, amma dərsə getməyib və ya az gedib. Lakin dərsə gəlmədiyi halda saxta qiymətlər yazılması mümkündür. Qiymətləri yazıldığı üçün də onlara diplom verirlər. Bu, o demək deyil ki, nazir kiməsə diplom satıb. Adam çıxıb ağzına gələni danışır, saytlar da bunu tirajlayır. Belə şey yoxdur, heç vaxt da olmayıb. Nə məndən öncə, nə mənim zamanımda, nə də məndən sonra”.

Sabiq nazirin sözlərinə görə, kiminsə saxta yolla diplom almasında nazirin məsuliyyəti yoxdur:

"Hər bir universitetin rektoru nazirliyə məlumat göndərir ki, bu il təhsilini filan sayda tələbə bitirir. Rektorun da verdiyi saya uyğun universitetə boş diplom blankı verilir. Onu da müəllimlər doldurub, imtahandan qiymət alanlara verirlər. Nazir necə kiməsə diplom sata bilər?!”

Misir Mərdanov İsfəndiyar Axundovu insanları aldatmaqda günahlandırıb:

"Şərurlu İsfəndiyar camaatla bir növ oynayır. Vətəndaşların başına oyun açan birindən nə gözləyəsən? İsfəndiyar Axundov bir evi beş adama satan biridir. Elə bilir ki, bu özü bir evi beş adama satdığı kimi, diplom da satılır”.

Diplomun qeyri-leqal yolla alınması halında ləğv edilməsinin mümkünlüyü ilə bağlı Globalinfo.az-ın suallarını cavablandıran vəkil Asim Abbasov bildirir ki, "Təhsil Haqqında” Qanunun 26.5-1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ali təhsil müəssisələri və ixtisaslar üzrə bakalavriat səviyyəsində hazırlıq qruplarında tədrisin sonunda keçirilən buraxılış imtahanları nəticəsində müvəffəqiyyət qazanan tələbələr ali təhsil müəssisələrinin birinci kursuna qəbul olunurlar.

O deyib ki, bundan sonra da universiteti müvəffəqiyyətlə başa vurmaq üçün hər semestr müvafiq imtahanlar təşkil olunur və tələbənin bilik səviyyəsi ölçülür:

"Tədris illərində bütün imtahanların müvəffəqiyyətlə verilməsi bakalvr diplomunun əldə edilməsi üçün əsas şərtdir. Şəxs ilkin olaraq dərslərdə iştirak edib daha sonra imtahanı müvəffəqiyyətlə verməlidir. Həmin qanunun 27.1-ci maddəsinə əsasən təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini (doktorantura istisna olmaqla) bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada "Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan müvafiq təhsil haqqında dövlət sənədi verilir. Lakin dərslərdə iştirak etmədən "Rüşvət” yolu ilə imtahan nəticələrinin saxtalaşdırılması özü cinayət məsuliyyətinə səbəb olur. Belə ki, Cinayət Məcəlləsində 308 ( vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311( rüşvət alma ), 312( rüşvət vermə), 320-ci ( rəsmi sənədləri saxtalaşdırma) maddələr mövcuddur. "Rüşvət” qarşılığında imtahan nəticələrini saxtalaşdıran müəllim vəzifəli şəxs sayıldığı üçün Cinayət Məcəlləsinin 308 və 311-ci maddələr ilə, müəllimə rüşvət verən şəxs isə 312-ci maddə ilə cinayət məsuliyyətinə cəlb olunur. Bu hallarda müvafiq istintaq aparılır və ittihamın təsdiq olunacağı halda cəza verilir. Aparılan istintaq və yekun hökmlə işin bütün halları aşkara çıxarılır”.

Asim Abbasov bildirib ki, bu halda diplomun alınması əsası olan imtahan nəticələri ləğv edilməlidir:

"Cinayətin təsdiq olunması halında belə diplomun ləğv edilməsi üçün mülki-prosessual qanunvericiliyə uyğun olaraq icraat aparılmalıdır. Ümumiyyətlə, heç bir universitetə qəbul olmadan saxta diplomun hazırlanması Cinayət Məcəlləsinin 320-ci maddəsi ( Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) ilə cinayət məsuliyyətinə səbəb olur. Çünki şəxsin özü faktiki olaraq universitetə qəbul olmadan saxta diplom hazırlayır”.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->