Xəbər lenti

Restoranın çirkab suları arxa axıdılıb - Sahibkara 800 manat cərimə
Ölkə 20:59 28.01.2026

Restoranın çirkab suları arxa axıdılıb - Sahibkara 800 manat cərimə

Oğuz rayonunun Sincan kəndi ərazisində yerləşən "Oğuz” restoranı cərimələnib.

Qaynarinfo-nun məlumatına görə, restoranın sahibi, 1957-ci ildə Qəbələ rayonunun Mirzəbəyli kəndində anadan olmuş S.H. barəsində İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi (içməli, məişət, texniki və tullantı sularının kənara — çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə təyinatsız axıdılması) ilə protokol tərtib edilib və işə məhkəmədə baxılıb.

Protokol Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti tərəfindən yazıləb. Aparılan yoxlama zamanı "Oğuz” restoranında formalaşan tullantı sularının kənara - restoranın yanından keçən Dəymədağlı–Tərkeş arxının mühafizə zonasına, oradan isə birbaşa arxa axıdıldığı müəyyən edilib.

S.H. bildirib ki, "Oğuz” restoranında sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Onun sözlərinə görə, restoranın yanından axan arx Sincan və Tərkeş kəndlərindən keçir və restorana qədər olan hissəsinin uzunluğu 10 kilometr təşkil edir. O, restoranın yanında suyun axıdılması üçün 4 metr dərinliyində quyu qazdırdığını deyib. Restoranda yalnız çay verildiyini, mətbəxdən axan suların da həmin quyuya yönəldiyini, lakin quyunun dolaraq daşma verdiyini qeyd edib. Sahibkar həmçinin cəriməni ödəməyə maddi imkanının olmadığını bildirib.

Məhkəmənin qərarı ilə sahibkar 800 manat məbləğində cərimə olunub.

Aydın
--> -->