"Amazon" çox yaxın gələcəkdə bütün "xüsusi bacarıq tələb etməyən" işləri robotlara və avtomatlaşmaya həvalə etməyi planlaşdırır. Bu isə təkcə "Amazon" daxilində 600 min iş yerinin ixtisara düşməsinə səbəb ola bilər.
Qaynarinfo xəbər verir ki, süni zəka sahəsində yaşanan sürətli inkişafın böyük bir işsizlik böhranına yol açacağı gerçəyi uzun müddətdir ekspertləri narahat edən mövzudur. Lakin bu sahədə həm ölkələr, həm də şirkətlər arasında gedən sərt yarış yaxınlaşan təhlükənin böyük ölçüdə görməzliyə vurulmasına səbəb olur.
Üstəlik, ictimaiyyət də bu mövzuda kifayət qədər maariflənmiş kimi görünmür. Ancaq yaxın gələcəkdə bu problemi gözardı etmək qeyri-mümkün ola bilər. Çünki milyonlarla insanın işini avtomatlaşmaya itirdiyi bir reallığın astanasındayıq. Bu həftə "Amazon" tərəfindən verilən kritik açıqlama, bir müddətdir gözlənilən bu dönüşümün artıq konkret planlara çevrildiyini göstərir.
Təkcə "Amazon"da 600 min iş yeri bağlanacaq
"Amazon Robotics"in texnologiya rəhbəri Tay Bredi Web Summit 2025-də etdiyi çıxışda şirkətin işçi qüvvəsinə dair strategiyasını açıq şəkildə ifadə edib:
"Sıradan, təkrarlanan və monoton işi aradan qaldırmaq istəyirik. Bizim vizyonumuz budur.”
Bredinin bu sözləri "Amazon"da bütün "xüsusi bacarıq tələb etməyən" işlərin yaxın gələcəkdə tamamilə yox olacağına işarə edir.
Şirkət daxili yazışmalar göstərir ki, təkcə ABŞ-da 2027-ci ilə qədər 160.000 potensial işçi qəbulunun lazımsız hala gələcəyi, 2033-cü ilə qədər isə bu sayının 600.000-i keçəcəyi ehtimal olunur.
"Amazon"un Floridadakı 650.000 kvadratmetrlik yeni robotlaşdırılmış depo mərkəzi işçi qüvvəsindəki bu transformasiyanın konkret nümunəsi kimi təqdim olunur.
Bu mərkəzdə məhsul toplama, qablaşdırma və göndərmə proseslərinin böyük hissəsi robotlarla həyata keçiriləcək. Blue Jay və Vulcan kimi yeni nəsil robotlar depo işlərinin təxminən 75 faizini avtomatik şəkildə yerinə yetirə bilir. Bundan əlavə, "Project Eluna" adlı süni zəka modeli qərarvermə proseslərini real vaxtda optimallaşdıraraq insan müdaxiləsini minimuma endirir.
"Amazon" iş itkilərini kompensasiya etmək üçün yeni proqrama başlayacaq
Şirkət iş itkisini tarazlamaq məqsədilə Future Ready 2030 təşəbbüsünü irəli sürüb. 2,5 milyard dollarlıq bu proqram 2030-cu ilə qədər 50 milyon insana təlim və bacarıq qazandırmağı hədəfləyir. Bunun, işini itirən insanlara yeni imkanlar yarada biləcəyi iddia olunur.
Lakin ekspertlər kütləvi avtomatlaşdırmanın sürətini nəzərə alaraq mövcud təlim proqramlarının iş itkilərini kompensasiya etməkdə kifayət etməyə biləcəyini bildirirlər.
Əslində məsələ yalnız "Amazon"la məhdudlaşmır. Daha qorxulu məqam ondan ibarətdir ki, bu transformasiya nə yalnız Amazon-la, nə də ümumilikdə logistika və pərakəndə sektoru ilə məhdudlaşır. Gedən proses demək olar ki, bütün sahələrdə ciddi işsizlik böhranı yaradacaq kimi görünür.
Günay
Şərhlər