Amerikalı psixoloq, Qotman İnstitutunun təsisçisi doktor Con Qotman münasibətləri dağıdan dörd zərərli davranış modelini açıqlayıb. Onun sözlərinə görə, tək bir üz ifadəsi belə gələcəkdəki boşanmanı proqnozlaşdırmaq üçün kifayət edə bilər.
Qaynarinfo "Daily Mail"ə istinadən xəbər verir ki, doktor Qotman uzunmüddətli və genişmiqyaslı münasibət tədqiqatları aparıb və bu araşdırmalar zamanı dörd əsas dağıdıcı ünsiyyət modelini müəyyənləşdirib: tənqid, nifrət (yəni, təhqiramiz münasibət və ya "ikrah"), müdafiə mövqeyi və qarşı tərəfi görməməzlikdən gəlmə (digər adı ilə "daş səssizlik"). Qotman bu davranışları "apokalipsisin dörd atlısı" adlandırıb.
Tanınmış bədən dili eksperti Vanessa Van Edvards "Unplanned Podcast" adlı verilişdə bildirib ki, Qotman sadəcə cütlüyün danışmadan iştirak etdiyi videoçəkilişə baxaraq, 93,6% dəqiqliklə boşanma ehtimalını proqnozlaşdıra bilir.
Ən əhəmiyyətli siqnallardan biri isə üz ifadəsidir: əgər cütlüklərdən biri digərinə baxaraq dodağının bir küncünü qaldırırsa, bu, "nifrət" və "ikrah"ın göstəricisidir və bu münasibətin sonunun yaxın olduğunu göstərə bilər.
Van Edvards qeyd edir ki, qorxu, sevinc və qəzəb keçici hisslərdir, lakin nifrət danışılıb həll olunmadığı təqdirdə qalıb böyüyür və münasibətləri zəhərləyir. Buna görə də evliliklərin sonunda insanlar bir-birlərinə baxmaq belə istəmirlər.
2019-cu ildə Merrill İnstitutundan doktor Devid M. Şnir də bu fikirləri təsdiqləyərək bildirib ki, nifrət və ikrah münasibətlər üçün benzin və kibrit qədər təhlükəlidir. Onun sözlərinə görə, bu hisslərin incə, lakin açıq əlamətləri mövcuddur - gözlərin çevrilməsi, dodaqların büzülməsi və ya qarşı tərəflə söhbət zamanı paltarla, barmaqlarla oynamaq kimi "toz təmizləmə" davranışları gizli ikrahın işarəsi ola bilər.
Doktor Şnir vəziyyətin gərginləşməsinin qarşısını almaq üçün aşağıdakı üsulları tövsiyə edir:
* mövzunun daha xoş bir temaya yönləndirilməsi;
* ortaq məqamların axtarışı;
* konflikti yumşaltmaq üçün yumordan istifadə;
* vəziyyət çox zəhərli hal alarsa, tam şəkildə uzaqlaşmaq.
Aydın
Şərhlər