ABŞ-ın dövlət katibi Marko Rubio Ukraynanın danışıqlar zamanı əvvəlki sərt mövqeyinə qayıda biləcəyindən narahatdır.
Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters" agentliyi öz mənbələrinə istinadla
məlumat yayıb.
"Məlumata görə, Rubio Londona səfərini ləğv edib. Həmin görüşdə Böyük Britaniya, Ukrayna, Fransa və Almaniyanın xarici işlər nazirlərinin də iştirak etməsi planlaşdırılırdı. Avropa rəsmisinin sözlərinə görə, Rubio Ukraynanın əvvəlki sərt mövqeyinə dönə biləcəyindən və bunun danışıqlarda hər hansı irəliləyişi mümkünsüz edəcəyindən ehtiyat etdiyini bildirib”, – deyə məqalədə qeyd olunur.
Nəşr bildirir ki, Avropa İttifaqının bir çox xarici işlər nazirləri görüşdən imtina edib. Bu səbəbdən də danışıqlarda hər hansı irəliləyiş ehtimalı indi olduqca zəif görünür.
Bütün bunlar ABŞ prezidenti Donald Trampın xəbərdarlıqlarına baxmayaraq baş verir. O, yaxın günlərdə sülh razılaşmasının əldə olunmaması halında Vaşinqtonun danışıqlardan çəkilə biləcəyini bəyan etmişdi. Tramp bazar günü verdiyi açıqlamada ümid etdiyini bildirib ki, Moskva və Kiyev bu həftə razılığa gələrək üç ildir davam edən münaqişəyə son qoyacaqlar. Lakin bir çox diplomat bu ehtimalın reallıqdan uzaq olduğunu düşünür, çünki hələ də həllini gözləyən ciddi məsələlər mövcuddur.
Xatırladaq ki, ABŞ Ukraynadakı müharibəyə son qoymaq üçün bir "sülh planı” təqdim edib. Bu plan Krımın Rusiya ərazisi kimi tanınmasını və 2022-ci il işğalından sonra Rusiya tərəfindən nəzarətə götürülmüş ərazilərin qeyri-rəsmi tanınmasını nəzərdə tutur. Ağ Ev bu plana cavab olaraq Ukraynadan Londonda keçiriləcək görüşdə münasibət gözləyirdi. Lakin həmin görüş ləğv olunub.
Alpər
Şərhlər