Aprelin 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian ilə geniş tərkibdə görüşü keçirilib.
Qaynarinfo xəbər verir ki, Prezident İlham Əliyev deyib:
-Hörmətli cənab Prezident.
Hörmətli qonaqlar.
Sizi səmimiyyətlə salamlayıram, Azərbaycana xoş gəlmisiniz. Biz Sizin səfərinizə çox böyük əhəmiyyət veririk. Əminəm ki, bu səfərin tarixi əhəmiyyəti olacaq. Biz bu gün Sizinlə məhdud tərkibdəki görüşdə bir çox məsələləri müzakirə etdik və görürük ki, əməkdaşlığın dərinləşməsi üçün çox gözəl imkanlar var. Həm siyasi, həm iqtisadi, həm də bütün başqa sahələrdə əməkdaşlığın dərinləşməsi iki qardaş xalqın marağındadır. Ümid edirəm ki, bu gün müzakirə olunan və olunacaq məsələlər, verəcəyimiz tapşırıqlar bizim əlaqələrimizi daha da gücləndirəcək.
Son aylar ərzində bizim hökumətlərin üzvləri bir-biri ilə sıx təmasda olmuşlar, qarşılıqlı səfərlər etmişlər. Bir çox məsələlər həll olundu. Sizin səfərinizə hazırlıq məqsədilə bir çox məsələlər də müzakirə olundu.
Bu gün bir çox önəmli sənədlər imzalanacaq və veriləcək qərarlar iki qardaş xalqı bir-birinə daha yaxın edəcək. Bir daha sizi ürəkdən salamlayıram, xoş gəlmisiniz. Əminəm ki, səfəriniz uğurlu olacaq.
X X X
Prezident Məsud Pezeşkian deyib:
-Bismillahir-rəhmanir-rəhim. Mərhəmətli və rəhmli Allahın adı ilə.
Mən əziz qardaşım Azərbaycanın hörmətli Prezidentini, burada olan əziz qonaqları və qardaşlarımızı yenidən salamlayıram. Çox şadam ki, Azərbaycandayam və sizin qarşınızdayam. Ümid edirəm ki, bizim burada iştirakımız, həmçinin daha əvvəl keçirilən iclaslarda mütəxəssislərimiz tərəfindən hazırlanan razılaşmalar və bundan sonra imzalanacaq sazişlər Azərbaycanla, əziz, dost, qardaş və demək olar ki, həm də qohum Azərbaycan xalqı ilə əlaqələrimizdə daha geniş addımlarla irəliləyişin başlanğıcına çevriləcək, bölgədə münasib əməkdaşlıq nümunəsinin formalaşmasına səbəb olacaq. Ali Rəhbərin salamını Sizə çatdırmağı özümə borc bilirəm.
Sizin, Azərbaycanın və əziz Azərbaycan xalqının Qarabağda və Azərbaycanın sahib çıxmalı olduğu digər ərazilər üzərindəki hüququnu tanıyırıq. Biz inanırıq ki, Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və buna hörmətlə yanaşırıq. Təbii ki, bizim burada olmağımız əlaqələrimizin və birliyimizin möhkəmlənməsinə imkan yaradacaq.
X X X
Prezident İlham Əliyev İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İranın Ali Rəhbərinə çatdırmağı xahiş deyib.
17.08
Aprelin 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian mətbuata bəyanatlarla çıxış ediblər.
Qaynarinfo xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti bəyanatla çıxış etdi.
Prezident İlham Əliyevin bəyanatı
-Hörmətli cənab Prezident.
Hörmətli qonaqlar, xanımlar və cənablar.
Cənab Prezident, Sizi Azərbaycanda bir daha səmimiyyətlə salamlayıram, Azərbaycana xoş gəlmisiniz. Əminəm ki, Sizin səfəriniz Azərbaycan-İran dostluq, qardaşlıq münasibətlərinin inkişafına öz dəyərli töhfəsini verəcək.
Xalqlarımız əsrlər boyu mehribanlıq, qardaşlıq şəraitində yaşayıb. Bu gün dövlətlərarası münasibətlərimiz bu möhkəm təməl üzərində inkişaf edir. İran Prezidentinin Azərbaycana rəsmi səfəri əlaqələrimizin yüksək səviyyədə olmasının təzahürüdür.
Bu gün apardığımız danışıqlar və fikir mübadiləsi əsnasında bir çox önəmli məsələlər haqqında söhbət etdik, fikirlərimizi bildirdik, Azərbaycan-İran strateji münasibətlərini bir daha təsdiqlədik. Biz bütün məsələlərə səmimi şərait əsnasında öz fikirlərimizi bildirmişik. Əsas məsələ ondan ibarətdir ki, hər iki tərəf Azərbaycan-İran əlaqələrinin inkişafına çalışmalıdır və çalışır. Hörmətli Prezidentin böyük heyətlə Azərbaycana gəlməsi və bu gün bir çox önəmli sənədlərin imzalanması, o cümlədən prezidentlər səviyyəsində imzalanmış sənəd bir daha bizim xoş niyyətimizi göstərir, onu göstərir ki, biz bütün istiqamətlər üzrə bir-birimizə daha yaxın olmağa çalışırıq.
Biz beynəlxalq təşkilatlar çərçivəsində bir-birimizi ənənəvi olaraq dəstəkləyirik. Bu barədə bu gün də fikir mübadiləsi aparıldı və gələcək birgə əməkdaşlıq çərçivələri müzakirə edildi. İstər BMT olsun, istər İslam Əməkdaşlıq Təşkilatı, ECO, Qoşulmama Hərəkatı və digər təşkilatlar çərçivəsində daim bizim nümayəndələrimiz bir-birinin yanındadır.
Biz bu gün geniş gündəlik əsasında fəaliyyət göstəririk. Burada həm regional təhlükəsizlik məsələləri önəmli rol oynayır, - bu barədə fikir mübadiləsi aparılmışdır, - eyni zamanda, çoxtərəfli əməkdaşlıq üçün gözəl şərait var. Təbii olaraq bizim ticarət əlaqələrimizin inkişafı ilə bağlı konkret göstərişlər verildi. Nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüş də çox məhsuldar olmuşdur. Birinci mərhələdə hörmətli Prezidentlə təkbətək və məhdud tərkibdəki görüş əsnasında fikir mübadiləsi aparılmışdır. Yəni, məramımız, məqsədimiz birdir - Azərbaycan-İran dövlətlərarası əlaqələrini yüksək səviyyəyə qaldırmaqdır. Bunun üçün yenə də deyirəm, müvafiq göstərişlər verildi və əminəm ki, bu göstərişlər yerinə yetiriləcək.
Prezidentin səfərinə qədər çox fəal təmaslar həyata keçirilirdi, yüksəkvəzifəli şəxslər qarşılıqlı səfərlər edirdilər, həm Prezidentin səfərinə hazırlıq məqsədilə, eyni zamanda, konkret layihələrin icrası üçün. Bütün bu işlərdə əməyi olan vəzifəli şəxslərə öz təşəkkürümü bildirmək istəyirəm. Səfər doğrudan da çox yaxşı hazırlanıb, çox yaxşı sənədlər ərsəyə gəlib. Əminəm ki, qəbul edilmiş qərarlar bizim əlaqələrimizi uzun illər bundan sonra yüksələn xətlə aparacaq.
Biz bu gün təbii olaraq üçtərəfli əməkdaşlıq layihələrini geniş müzakirə etdik. Onların arasında təbii olaraq Şimal-Cənub nəqliyyat dəhlizi xüsusi yer tutur. Bu layihə bu layihədə iştirak edən bütün ölkələrə çox böyük səmərə gətirəcək, böyük fayda verəcək. Azərbaycan öz ərazisində bu nəqliyyat dəhlizinin fəaliyyəti üçün bütün lazımi infrastruktur layihələrini həyata keçirib. Hazırda biz, sadəcə olaraq, artacaq yükləri nəzərə alaraq öz nəqliyyat imkanlarımızı və infrastrukturumuzu genişləndiririk. İstər dəniz limanı olsun, dəmir yolu olsun, avtomobil nəqliyyatı olsun - bütün bu istiqamətlər üzrə gözlənilən böyük yük həcmlərini qəbul etmək və ötürmək üçün biz böyük sərmayə qoyuluşu layihələrinə başlamışıq.
Biz bu gün, eyni zamanda, humanitar sahədə, mədəniyyət sahəsində ənənəvi dostluq əlaqələrinin davam etdirilməsi üçün konkret göstərişlər verdik. Müəyyən etdik ki, sonuncu qarşılıqlı mədəniyyət günləri səkkiz il bundan əvvəl keçirilmişdir və birgə qərar əsasında yaxın gələcəkdə qarşılıqlı mədəniyyət günləri keçiriləcək. Xalqlarımızın tarixi ortaqdır, mədəniyyətimiz də ortaqdır. Biz əsrlər boyu bir məkanda yaşamışıq, bir dövlət çərçivəsində yaşamışıq. Yəni, qohumluq əlaqələri də çox genişdir. Bu gün iki müstəqil dövlət kimi biz bölgəmizdə önəmli rol oynayırıq. Bölgə məsələlərinin bölgə ölkələri tərəfindən həll olunması da hər iki tərəfin fikridir və siyasətidir.
Mən heç şübhə etmirəm ki, bu səfər bizim münasibətlərimizin inkişafında çox önəmli rol oynayacaq. Biz Prezident Pezeşkianı səbirsizliklə gözləyirdik. Çox təəssüf edirik ki, bir neçə gün bundan əvvəl İranda baş vermiş faciə insan itkiləri ilə nəticələndi. Bir daha qardaş İran xalqına başsağlığı veririk. Allah həlak olanlara rəhmət eləsin, yaralananlara Allah şəfa versin. Bu faciəyə baxmayaraq, Prezident Pezeşkian Azərbaycana öz səfərini gerçəkləşdirir. Biz bunu çox yüksək qiymətləndiririk və Allah xalqlarımızı bu bəlalardan qorusun, həmişə bizim bölgəmizdə sülh olsun, əmin-amanlıq olsun və hər iki ölkə bu istiqamətdə öz səylərini göstərəcək. Hər halda ikitərəfli formatda bölgədəki vəziyyət, sülhün dayanıqlı olması, əmin-amanlığın təmin edilməsi, ölkələrin suverenliyi, ərazi bütövlüyü, ölkələrin daxili işlərinə qarışmama kimi prinsiplər də üstün tutuldu.
Mən yenə də Prezident Pezeşkiana "Xoş gəlmisiniz!” deyirəm, mənim dəvətimi qəbul edib Azərbaycana səfər etdiyi üçün təşəkkürümü bildirmək istəyirəm. Onunla birlikdə gələn bütün qonaqlarımıza da "Xoş gəlmisiniz!” deyirəm. Əminəm ki, səfəriniz uğurlu, nəticələr də çox gözəl olacaq. Sağ olun.
16.59
Aprelin 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian ilə məhdud tərkibdə görüşü olub.
Qaynarinfo xəbər verir ki, görüşdə hökumətlərarası komissiyanın fəaliyyətinə toxunuldu, energetika, xüsusilə elektrik enerjisi sahəsində əməkdaşlıq müzakirə olundu. Araz çayı üzərində su elektrik stansiyalarının tikintisi və Ağbənd-Kəlalə avtomobil körpüsü layihəsinin yekunlaşdırılmasının önəmi qeyd edildi.
Söhbət zamanı ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı ilə bağlı fikir mübadiləsi aparıldı. Bir daha diqqətə çatdırıldı ki, Azərbaycan və İran regional məsələlərin bölgə ölkələrinin özləri tərəfindən həll edilməsinin tərəfdarıdır. Bu xüsusda 3+3 regional əməkdaşlıq formatının əhəmiyyəti vurğulandı.
Görüşdə, həmçinin turizm və mədəniyyət sahələrində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı.
Şərhlər