Xəbər lenti

Texnologiya 18:24 28.07.2025

"OpenAI" rəhbərindən ChatGPT ilə yazışmalarla bağlı xəbərdarlıq: “Bilin ki...”

Getdikcə daha çox insan ChatGPT-ni şəxsi psixoterapevt kimi istifadə etməyə başlayır. Lakin "OpenAI"ın baş direktoru Sem Altman xəbərdarlıq edir: bu cür söhbətlər hüquqi baxımdan real terapevtlə danışıq qədər qorunmur.

Qaynarinfo xəbər verir ki, bu barədə Altman çərşənbə günü yayımlanan Theo Vonun podkastında bildirib.

"Əgər siz psixoterapevt, vəkil və ya həkimlə şəxsi problemlərinizi müzakirə edirsinizsə, bu söhbətlər qanunla qorunur, lakin süni intellektlə aparılan söhbətlərə dair belə bir hüquqi aydınlıq və qorunma yoxdur", - o deyib.

Altman əlavə edib ki, məhkəmə araşdırması halında "OpenAI" şirkəti istifadəçinin söhbət tarixçəsini təqdim etməyə məcbur edilə bilər. Onun sözlərinə görə, əgər siz ChatGPT ilə "ən həssas məsələləri” müzakirə edirsinizsə, onda bu mövzuların açıqlanmasına da hazır olmalısınız.

Şifrlənmiş mesajlaşma tətbiqləri – məsələn, WhatsApp və ya Signal-dan fərqli olaraq – "OpenAI" texniki olaraq istifadəçilərlə ChatGPT arasındakı yazışmalara çıxış imkanına malikdir. Şirkət bu yazışmalardan modelin təkmilləşdirilməsi və ya qayda pozuntularının aşkarlanması üçün istifadə edir.

"OpenAI"nın məlumatların saxlanması siyasətinə əsasən, istifadəçilərin silinmiş söhbətləri həm pulsuz, həm də pullu versiyalarda serverlərdə 30 gündən çox saxlanmır. Lakin bəzi hallarda bu yazışmalar "hüquqi və təhlükəsizlik səbəbləri ilə” saxlanıla bilər. Məhz bu "boşluq” istifadəçilər üçün problemə çevrilə bilər.

Bununla belə, Altman inanır ki, süni intellektlə ünsiyyətə də terapevtlə söhbətlərdə olduğu kimi məxfilik prinsipi tətbiq edilməlidir və bu məsələ mümkün qədər tez həllini tapmalıdır. Hələlik isə istifadəçilər bilməlidirlər ki, ChatGPT ilə etdikləri səmimi söhbətlər, düşündükləri qədər gizli olmaya bilər.

Bu arada "OpenAI" bu yay yeni nəsil süni intellekt modelini – GPT-5-i təqdim etməyə hazırlaşır. Yeni model əvvəlkilərin ən yaxşı xüsusiyyətlərini birləşdirəcək və insanla fərqləndirilməsi çətin olacaq.

Digər tərəfdən, İlon Mask özünün yaratdığı "Grok 4” modelini təqdim edib və onu "insan tarixindəki ən ağıllı Sİ” adlandırıb. Lakin sonradan məlum olub ki, bu Sİ model mübahisəli suallara cavab verərkən çox vaxt birbaşa Maskın şəxsi paylaşımlarına istinad edir.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->