Xəbər lenti

Dünya 15:44 19.05.2026

"Mango"nun qurucusunun qətlində oğlu ittiham olunur - Polis saxladı

İspaniyanın geyim və aksesuar brendi "Mango”nun qurucusu İsak Andikin dağ gəzintisi zamanı həlak olması ilə bağlı yeni detallar ortaya çıxıb. 

Qaynarinfo xəbər verir ki, "Leggo” nəşrinin məlumatına görə, iş adamının oğlu Conatan Andik atasının qətlində şübhəli bilinərək saxlanılıb. İstintaqda biznesmenin sevgilisinin ifadəsi həlledici rol oynayıb.

Faciə 2024-cü il dekabrın 14-də "Montserrat” dağ massivində baş verib. İsak Andik oğlu Conatanla birlikdə gəzintiyə çıxıb. Hadisə zamanı biznesmen dərəyə yıxılaraq həyatını itirib. Oğlu bunun bədbəxt hadisə olduğunu və atasının sürüşərək yıxıldığını bildirib.

Hadisənin yeganə şahidi Conatan olub. Marşrut boyunca müşahidə kameralarının olmaması və İsak Andikin mühafizəçidən avtomobildə gözləməsini istəməsi səbəbindən uzun müddət əsas versiya bədbəxt hadisə hesab edilib. Lakin biznesmenin sevgilisi Estefaniya Nutun ifadəsi vəziyyəti dəyişib. O, İsak Andikin ölümündən sonra onun varislərindən 70 milyon avro tələb edərək məhkəməyə müraciət edib.

Qadın istintaqa bildirib ki, İsak Andiklə "Mango”nun idarəçiliyini üzərinə götürən oğlu arasında ciddi fikir ayrılıqları yaranıb. Onun sözlərinə görə, brendin qurucusu biznesin inkişafından narazı olub. Bu ifadələrdən sonra yaranan şübhələr ötən ilin oktyabrından araşdırılmağa başlanıb.

İsak Andik oğlunu hələ 2012-ci ildə öz varisi elan etmişdi. Bundan sonra onun qardaşı və 20 il şirkətdə çalışan baş direktor vəzifədən ayrılmışdı. Conatan Andik 2025-ci ilin iyun ayına qədər "Mango”nun kişi geyimləri xəttinə rəhbərlik edib, daha sonra isə direktorlar şurasının vitse-prezidenti kimi ailə aktivlərinin idarə olunmasına keçdiyini açıqlayıb. Həmin dövrdə "Mango” şirkəti 2020-ci ildən başlayan mülkiyyət və idarəetmənin ayrılması prosesinin davam etdiyini bildirən press-reliz yayıb.

İsak Andikin sərvəti təxminən 8 milyard avro qiymətləndirilib. O, 2023-cü ildə yazdığı vəsiyyətnamədə "Mango”nun 95 faizinə və daşınmaz əmlaka sahib olan "Punta Na” holdinqini üç övladı arasında bərabər bölüb və sevgilisi Nut üçün də vəsait ayırıb. Lakin qadın özünü haqsızlığa məruz qalmış hesab edərək biznesmenin ölümündən sonra onun varislərinə qarşı məhkəmə iddiası qaldırıb.

Aydın
--> -->