"Bütün ölkələrdə qadınlara qarşı bu və ya digər formada zorakılıq var. Buraya Azərbaycan da daxildir. Bəyəm, kişilərə qarşı qadınlar tərəfindən, yaxud da uşaqlara qarşı valideynlər tərəfindən zorakılıq yoxdur? Niyə biz bunları kənara qoyub ancaq qadınlara qarşı zorakılıqlardan yazırıq? Çünki məqsəd, qadınları kişilərə qarşı qoymaq, qadın-kişi qarşıdurması yaratmaq və beləliklə də Azərbaycanda ailə institutunun əsaslarını sarsıtmaqdır”.
Bunu Qaynarinfo-ya açıqlamasında sosioloq Üzeyir Şəfiyev Milli Məclisin deputatı Hicran Hüseynovanın qadınlara qarşı zorakılıq hallarının çoxalması ilə bağlı fikirlərinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Azərbaycan sanki hansısa güc mərkəzləri tərəfindən hədəflənir:
"Bunu da bəzi layihələr, QHT-lər vasitəsi ilə həyata keçirməyə çalışırlar. Ayıq və diqqətli olmalıyıq. Azərbaycanda kifayət qədər qadın və kişi harmoniyası olan örnək ailələrimiz var. Biz bunu qorumalıyıq. Sosial şəbəkə platformalarda ailələri dağıdan, ailə dəyərlərini ayaqlar altına atan, qadınları kişilərə qarşı körükləyən xüsusi çağırışlar var. Bunun qarşısını almalıyıq. Bəyəm ata tərəfindən uşağa zorakılıq olmur? Niyə bunlar qabardılmır? Statistikada görsənə bilər ki, qadınlara qarşı zorakılıq halları çoxdur. Niyə? Çünki qadınlar müraciət edə bilir, amma Azərbaycan kişiləri bu barədə dinib-danışmır, müraciət edə bilmir”.
Sosioloq hesab edir ki, bizdə ikimərkəzli cəmiyyət olduğundan kişilər utanır:
"Kişilər qürurlarına sığışdırmırlar ki, onlara qarşı zorakılıq hallarını qabartsınlar. Nə qədər ki, məsələyə obyektiv yanaşılmayacaq, bir o qədər də problemin həllinə yaxınlaşmayacağıq. Məsələyə təkcə qadına qarşı zorakılıq kimi yanaşılmamalıdır. Məişət zorakılığıdırsa, bu, qadına, kişiyə, uşağa qarşı zorakılıq kimi bütöv halda təhlil olunub, qiymətləndirilməlidir”.
Üzeyir Şəfiyev münaqişəli ailələrin qeydiyyatının aparılmasının vacibliyini vurğulayıb:
"Müvafiq icra strukturları onlarla sosial-psixoloji iş aparmalı və boşanma həddinə gəlməmiş məsələ tənzimlənməlidir. Bunun üçün də sosial işçilərin və psixoloqların lisenziyalaşması və sertifikasiyalaşmasına ehtiyac var. Münaqişəli ailələrlə sosial, psixoloji iş aparılmalıdır”.
Sosioloq gender bərabərliyi ilə bağlı təbliğat-təşviqat işlərinin düzgün getmədiyini diqqətə çatdırıb:
"Təbliğat işləri düzgün aparılmalıdır. Sanki mətbuat vasitəsi ilə qadın-kişi qarşıdurması yaradılır. Televiziyalarda verilişlərə, layihələrə baxırıq, qadın hüquqları ilə bağlı sanki işlər düzgün getmir. Hər iki cinsə eyni yanaşılmalı, qadını kişiyə qarşı qoymamalıdırlar. Məişət zorakılığı deyəndə daha çox qadına qarşı zorakılıq başa düşülür. Məişət zorakılığı haqqında qanunda bu açıq yazılıb. Məişət zorakılığı uzun müddət birgə yaşayış və yaxın qohumluq münasibətlərindən istifadə edilən şəxsin digərinə qarşı cinsəl, fiziki, iqtisadi, psixoloji, emosional zorakılıq forması kimi başa düşülür. Amma nədənsə məişət zorakılğı deyəndə ancaq qadına qarşı zorakılıq nəzərdə tutulur. Qadınlar tərəfindən kişilərə qarşı zorakılıq halları yoxdur? Yaxud da qadınlar və atalar tərəfindən uşaqlara qarşı zorakılıq halları? Mənə elə gəlir ki, məsələyə daha obyektiv yanaşılmalıdır”.
Sosioloq Azərbaycanın ailə dəyərlərinin qorunmasının vacibliyini qeyd edib:
"Azərbaycanda gender bərabərliyi istiqamətində heç bir problem yoxdur. Dövlət gender bərabərliyinin təmini istiqamətində siyasət yürüdür və bununla bağlı böyük uğurlarımız var. Hətta gender bərabərliyi ilə bağlı örnək ölkə kimi Azərbaycan modelindən istifadə oluna bilər. Məsələyə bir qədər universal və obyektiv yanaşmaq lazımdır. Sanki elə görsənir ki, Azərbaycanda qadınlara qarşı dəhşətli zorakılıq halı var və mətbuat bunu hər gün qabardır. Bu, güzgün yanaşma deyil”.
Qeyd edək ki, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova parlamentin bugünkü plenar iclasında çıxışı zamanı qadınlara qarşı zorakılıq hallarının çoxalmasına toxunub:
"Nə qədər işlər görülsə də, qanunvericilik gücləndirilsə də, hələ də belə hallar var. Hələ də, zorakılığa məruz qalan qadınlarımız, erkən nikaha məcbur edilən qızlarımız var. Və bu bizim ailə dəyərlərimizə yaraşmayan hallardır. Zorakılıq yalnız bir ailə üçün deyil, bütövlükdə cəmiyyət üçün təhlükəlidir”.
Bahar Rüstəmli
Şərhlər