Xəbər lenti

Nəfud səhrasında sensasion kəşf
Dünya 22:50 07.10.2025

Nəfud səhrasında sensasion kəşf

Səudiyyə Ərəbistanının şimalındakı Nəfud səhrasının cənub kənarı boyunca əvvəllər tədqiq edilməmiş ərazilərdə aparılan arxeoloji qazıntılar alimləri heyrətə salıb.

Qaynarinfo xəbər verir ki, qədim "dəvəli qaya rəsmləri”nin yaşı 12 min ilə qədərdir və bu təsvirlərin səhrada yerləşən su mənbələrinə aparan qədim "yol nişanları” kimi istifadə edildiyi müəyyən olunub.

"Phys” nəşrinin məlumatına görə, bu kəşf Son Buz dövrünün hiperquraq mərhələsindən sonra Şimali Ərəbistanın daxili hissələrində məskunlaşan insanların öncül rolunu vurğulayır. Onlar mövsümi su mənbələrinin bərpasına uyğunlaşaraq, özlərindən möhtəşəm qayaüstü irs qoyublar.

Beynəlxalq arxeoloqlar qrupu Nəfud səhrasının cənub kənarında yerləşən üç bölgədə – Cəbel-Arnaan, Cəbel-Mleyxa və Cəbel-Misma ərazilərində – 176 oyma olan 60-dan çox qayaüstü təsvir aşkar edib.

Rəsmlərin çoxunda dəvələr, dağ keçiləri, cütoynaqsız heyvanlar, ceyranlar və tur növləri əks olunub. Ümumilikdə 130 fiqur təbii ölçülərdə və realist şəkildə çəkilib, bəzilərinin uzunluğu 3 metrə, hündürlüyü isə 2 metrdən çoxdur.

Qazıntıların nəticələri göstərir ki, bu təsvirlər təxminən 12 800–11 400 il əvvələ, bölgədə mövsümi su hövzələrinin yenidən əmələ gəldiyi dövrə aiddir. Çöküntülərin analizi həmin mənbələrin səhranın dərinliklərinə insan məskunlaşmasının erkən mərhələsində həyati rol oynadığını təsdiqləyib.

Tədqiqatın əsas müəllifi, Maks Plank Cəmiyyətinin Geoantropologiya İnstitutunun əməkdaşı doktor Mariya Quan­yin bildirib: "Bu iri oyma təsvirlər sadəcə rəsmlər deyil, onlar insanın varlığını, məkanın mənimsənilməsini və mədəni kimliyi ifadə edən simvollardır".

London Universitet Kollecinin Arxeologiya İnstitutundan doktor Seri Şipton isə qeyd edib ki, bu rəsmlər həm su mənbələrini, həm də köç yollarını göstərib, eyni zamanda ərazi mənsubiyyəti və nəsildən-nəsilə ötürülən yaddaşı simvolizə edə bilərdi.

Cəbel-Mleyxa və Cəbel-Arnaan ərazilərindəki panellər əvvəlkilərdən fərqli olaraq hündür qayaların üzərində, bəzən 39 metr yüksəklikdə yerləşir. Qədim sənətkarlar bu təsvirləri yaratmaq üçün dar çıxıntılara qalxmalı olublar ki, bu da işin miqyasını və onun onlar üçün əhəmiyyətini göstərir.

Tapılmış artefaktlar – El-Xiyam və Heluan üslubundakı daş nizə ucları, yaşıl piqment və dəniz molyuskundan hazırlanmış muncuqlar – həmin dövrdə bölgənin Levantdakı dulusluq öncəsi neolit mədəniyyətləri ilə əlaqədə olduğunu göstərir.

"Bu unikal simvolik ifadə forması sərt, quraq şəraitə uyğunlaşmış xüsusi bir mədəni kimliyə məxsusdur”, deyə Səudiyyə Ərəbistanı Mədəniyyət Nazirliyinin Mədəni İrs Komissiyasından doktor Feysəl əl-Cibrin əlavə edib.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->