Okean son illərdə davamlı istilik dalğaları yaşayır və bu, onun əsas qida zəncirlərini dəyişdirir.
Qaynarinfo xəbər verir ki, "Eurekalert"in məlumatına görə, bu nəticəyə MBARI adlı qeyri-kommersiya okeanoqrafik tədqiqat mərkəzinin beynəlxalq elmi qrupu gəlib. Tədqiqatda ABŞ, Danimarka və Kanadanın bir sıra universitetlərinin nümayəndələri iştirak ediblər.
Alimlər Alyaska körfəzlərindəki bioloji şəraiti araşdıraraq, istilik dalğalarının okeandakı qida zəncirlərinə və karbon dövriyyəsinə təsirini öyrəniblər. Bu region təsadüfən seçilməyib — son on ildə burada iki güclü istilik dalğası qeydə alınıb: biri 2013–2015, digəri isə 2019–2020-ci illərdə.
Məlumat "Global Ocean Biogeochemical (GO-BGC) Array” sistemi vasitəsilə toplanıb. Bu sistem okeanın vəziyyətini izləmək üçün robotlaşdırılmış üzən cihazlardan istifadə edir. Cihazlar hər beş-on gündə suyun temperaturunu, duzluluğunu, nitratları, oksigeni, xlorofili və üzvi karbon hissəciklərini ölçür. Komanda, həmçinin planktonun kimyəvi və genetik tərkibini də öyrənib.
Elmi nəticələr "Nature Communications” jurnalında dərc olunub. Məqalədə qeyd edilir ki, okean "bioloji karbon nasosu” adlı təbii mexanizmə malikdir. Bu sistem konveyer lentinə bənzəyir və karbonu səthdən okeanın dərinliklərinə daşıyır. Tədqiqatın aparıcı müəllifi Marianna Bifin sözlərinə görə, bu proses mikroskopik orqanizmlər – bakteriyalar və plankton vasitəsilə baş verir, yəni onlar okeanın qida zəncirinin əsasını təşkil edirlər.
Tədqiqat göstərib ki, istilik dalğaları okeanın qida zəncirinin əsasına ciddi təsir göstərib və bu, karbonun su qatları arasında dövriyyəsini dəyişdirib. Lakin iki istilik dövründə bu dəyişikliklər eyni cür olmayıb.
Adətən fitoplankton karbon qazını üzvi maddəyə çevirir. Bu mikroorqanizmlər okeanın əsas qida mənbəyidir. Onları daha böyük canlılar yeydikdə və tullantı kimi xaric etdikdə, üzvi karbon hissəcikləri əmələ gəlir və suyun səthindən dərin qatlara çökür. Beləliklə, atmosferdəki karbon minlərlə il ərzində okeanda saxlanılır.
Lakin 2013–2015-ci illərin istilik dövründə fotosintez edən plankton çoxlu karbon istehsal etsə də, bu karbon hissəcikləri dərinliklərə çökmədi, təxminən 200 metr dərinlikdə yığılıb qalıb.
2019–2020-ci illərdə isə səthdə yüksək karbon toplanması müşahidə olunub, amma bu, yalnız fitoplanktonun fəaliyyəti ilə izah edilə bilməzdi. Alimlər hesab edirlər ki, bu, dəniz canlılarının karbonu yenidən emal etməsi ilə bağlıdır. Nəticədə, həmin karbon ehtiyatı 200–400 metr dərinlikdəki "alatoran zona”da toplanaraq dənizin daha dərin təbəqələrinə enməyib.
Tədqiqatçılar bu fərqləri fitoplankton populyasiyalarında baş verən dəyişikliklərlə izah edirlər. Onların sözlərinə görə, istilik dalğaları qida zəncirində kiçik ot yeyən canlıların çoxalmasına səbəb olub. Bu canlılar karbonu dərin qatlara daşıya bilən ağır tullantılar istehsal etmir, nəticədə karbonun əksəriyyəti səthdə və alatoran zonada qalır.
Alimlər bildirirlər ki, bu iki istilik dalğası plankton icmalarını dəyişdirib və okeanın bioloji karbon nasosunun fəaliyyətini pozub. Marianna Bifin sözləri ilə desək, səthdən dərinliklərə karbon daşıyan konveyer lent dayandı. Bu da o deməkdir ki, karbonun bir hissəsi yenidən atmosferə qayıda bilər, əvəzinə dəniz dərinliklərində saxlanılmaq əvəzinə.
Müşahidələr göstərir ki, son onilliklərdə dəniz istilik dalğaları daha da güclənir. Hazırda okean atmosferdəki illik karbon qazı emissiyalarının dörddə birini udur. Lakin suyun istiləşməsi bu prosesi zəiflədə və nəticədə qlobal iqlim dəyişikliyini sürətləndirə bilər. Bundan başqa, planktondakı dəyişikliklər okeandakı canlı aləmə və insanın dəniz təsərrüfatına da təsir göstərir.
Aydın
Şərhlər