Kremlin sözçüsü Dmitri Peskov ABŞ prezidenti Donald Trampın Ukraynaya "Tomahawk” raketlərinin verilməsi barədə "qərarın müəyyən dərəcədə qəbul edildiyi” barədə bəyanatını şərh edərək bildirib ki, bu məsələ ilə bağlı Vaşinqtonun daha konkret açıqlamalarını gözləmək lazımdır.
Qaynarinfo xəbər verir ki, bu barədə "İnterfaks” agentliyi yazıb.
"Biz elə başa düşürük ki, daha dəqiq bəyanatları gözləmək lazımdır - əgər onlar olacaqsa”, deyə Peskov bildirib.
Peskov Trampın mümkün raket təhvilindən danışarkən qeyd etdiyini xatırladıb ki, o, Rusiya ilə münasibətlərdə gərginliyin artmasını istəmir və bu qanadlı raketlərin hansı məqsədlə və necə istifadə ediləcəyini aydınlaşdırmağa çalışacaq.
"Silah tədarüklərinə gəlincə, əvvəlcə onlar baş verir, sonra isə bəyanatlar səslənir — ən azı Bayden administrasiyası dövründə hər zaman belə olub, biz bunu yaxşı bilirik. Bu dəfə isə baxacağıq”, deyə Peskov əlavə edib.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp Ukraynaya "Tomahawk” raketlərinin verilməsi barədə "müəyyən dərəcədə qərar qəbul etdiyini” bəyan edib.
ABŞ vitse-prezidenti Cey Di Vens ötən ay bildirmişdi ki, Vaşinqton Ukraynanın "Tomahawk” uzaqmənzilli raketləri almaq sorğusuna baxır. Bu raketlər Rusiyanın dərinliklərinə, o cümlədən Moskvaya zərbə endirmək gücünə malikdir, lakin son qərarın qəbul edilib-edilmədiyi hələlik bəlli deyil.
Yaxın zamanda isə Kremlin sahibi Vladimir Putin xəbərdarlıq etmişdi ki, ABŞ-ın Ukraynaya uzaqmənzilli "Tomahawk” raketləri verməsi barədə qərarı Moskva ilə Vaşinqton arasındakı münasibətləri dağıdacaq.
Alpər
Şərhlər