Xəbər lenti

NATO rəhbərinin Cənubi Qafqaz səfəri bölgədəki münasibətlərə necə təsir edəcək? (ŞƏRH)
Siyasət 12:40 18.03.2024

NATO rəhbərinin Cənubi Qafqaz səfəri bölgədəki münasibətlərə necə təsir edəcək? (ŞƏRH)

"Yens Stoltenberqin bölgəyə səfərinin Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanması istiqamətində gedən proseslərə hər hansı bir təsiri olmayacaq". 

Bunu Qaynarinfo-ya sabiq xarici işlər naziri Tofiq Zülfüqarov NATO baş katibi Yans Stoltenberqin Azərbaycan, Ermənistan və Gürcüstana başlayan 3 günlük səfərini şərh edərkən deyib.

Tofiq Zülfüqarov bildirib ki, Cənubi Qafqaz ölkələrinin NATO ilə uzunmüddətli əlaqələri mövcuddur:

"Gürcüstan NATO-ya üzv olmaqla bağlı bəyanatlar verib. Ermənistanın hazırkı hakimiyyəti də bu yolu tutmağa çalışır. Azərbaycan isə neytral statusunda olduğunu bəyan edib. Bununla belə, NATO təşkilat olaraq Azərbaycan üçün maraq kəsb edir. Çünki orada təkcə müdafiə mövzuları deyil, həm də onunla sıx əlaqəli olan enerji təhlükəsizliyi mövzuları da hər zaman diqqət mərkəzində olub. Hətta NATO tərkibində enerji daşıyıcıları xətlərinin istifadəsi və təhlükəsizliyinə cavabdeh olan Boru Komitəsi də fəaliyyət göstərir".
 

 
Həmsöhbətimiz qeyd edib ki, NATO hər zaman Azərbaycana diqqət yetirib:

"Azərbaycan da öz növbəsində NATO standartlarına uyğun hərbi müdafiə modelini seçib. Azərbaycanın NATO üzvlərindən bəzilərilə sıx əməkdaşlığı da var. Türkiyə ilə hərbi müttəfiq ölkələrik. O baxımdan Azərbaycan NATO münasibətləri həm tarixə malikdir, həm də onun perspektivi çox genişdir".

Tofiq Zülfüqarov düşünür ki, NATO baş katibinin bölgəyə səfərinin Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasına hər hansı bir təsiri olmayacaq:

"Bu səfərin sülh prosesinə təsir edəcəyini düşünmürəm. Münaqişə dövründə belə NATO ondan yan qalmağa çalışıb. Qurum nə danışıqlar prosesində iştirak etməyib, nə də postkonflikt dövründə nəzərdə tutulan hansısa hərbi-siyasi addımlarda iştirak barədə fikirlər səsləndirməyib. Ümumiyyətlə, NATO əlavə problemlər yaratmayan ölkələrlə əməkdaşlıqda maraqlıdır".

Qeyd edək ki, NATO baş katibi Yens Stoltenberq martın 17-də Bakıya səfərə gəlib. Burada o, dövlət başçısı İlham Əliyevlə görüşüb. Ardınca o, Ermənistan və Gürcüstana da səfər edəcək. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->