Bu yazını nə vaxtsa yazmalı idim. Bəlkə də yaxşı oldu ki, "müdrik çağlarım”a deyə bilmərəm, amma, hər halda, ahıl vaxtıma – altmışdan bir az sonraya təsadüf etdi.
Mən filosof Asif Əfəndiyevi sovetin vaxtından, xüsusən də onun "Müdriklik səlahiyyəti” adlı kitabı çıxandan sonra tanıdım. Amma buna qədər də müəyyən təsəvvürüm vardı bu adam haqqında. Bir neçə dəfə televiziyada görmüşdüm. Hətta bir ara, yaddaşım aldatmırsa məni, axşam saat ondan sonra "Zirvələr” adlı veriliş aparırdı, birinci buraxılışı da Nizami Gəncəviyə həsr olunmuşdu. Amma deyəsən, rəhmətliyin bu tele-layihəsi davamlı olmadı.
Bir dəfə "Azərbaycan” jurnalında onunla kiçik müsahibə, söhbət də olmuşdu. Arabir bu jurnalda kiçik yazıları da olurdu. Oxuyurduq və əlbəttə, nəsə bir nəticə çıxarmaq üçün, hökm vermək üçün savadımız yox idi – adi məktəblilər idik və o vaxt bizə fəlsəfədən elementar bilik yalnız "İctimaiyyət” fənnindən dərslərdə verilirdi ki, bu da onuncu sinifdə tədris olunurdu.
Fəqət hiss edirdik ki, bu adamın hətta yazı üslubu, danışıq tərzi başqalarından fərqlənir. O vaxt mənzum şeirdən–filandan azacıq da olsa təsəvvürümüz vardı. Onun kitabındakı yazıları və eləcə də "Azərbaycan” jurnalındakı seyrək çıxışlarını oxuyanda adamda qeyri-ixtiyari sual yaranırdı: bu nədir, mənzum şeir, yoxsa elmi, tənqidi məqalə?
Bilirsiniz, bəzi rus müttəfəkkirləri bir tərəfə, o çağın özündə arabir professor Yaşar Qarayein, hətta akademik - yazıçı Mirzə İbrahimovun (səhv etmirəmsə, islam intihabı haqqında!) yazıları dərc olunurdu Azərbaycan jurnalında. Di gəl, bu, tamam başqa üslub, tamam başqa dil idi, əsl elmi-akademik üslub idi bu!! Asif Əfəndiyevin üslubu isə bundan tamam fərqli, bir daha deyirəm, lap mənzum şeiri xatırladan bir üslub idi – bu, sezdiyimiz ilk fərq idi.
Digər yadımda qalan detal bu idi ki, onun özünü təqdim etməyi də başqlarından fərqli idi: filosof və tənqidçi! Bilirsiniz, indi bəlkə də bu çox normal, təbii təsir bağışlayar, amma o vaxt sanki bir "yekəxanalıq” (bu sözə görə dönə-dönə üzr istəyirəm) kimi qarşılanırdı bu: axı Asif Əfəndiyev heç fəlsəfə elmləri doktoru da deyildi! Halbuki hətta o dövrün Azərbaycanında neçə fəlsəfə elmləri doktorları vardı. Məsələn, "Ali cəbr” kitabının müəllifi Maarif Əkbərov vardı - bəli, risyazıiyyatçı-filosof. Fəlsəfi etika üzrə mütəxəssis, fəlsəfə elmləri doktoru (deyəsən, Akademiyanın da müxbir üzvü idi) Ziyəddin Göyüşov vardı, hansının ki, "Həzz və iztirab”, xüsusən də "Daxilə pəncərə” kimi fəlsəfi-publisistik kitabları hələ də yadımızdadır...
Amma onlar özlərini heç vaxt "filosof” deyə təqdim etmirdilər. Həm də filosof deyəndə hamımızın ağlına Sokrat, Platon və ya neçə-neçə elmin banisi Aristotel kimi nəhənglər gəlirdi.
Əlbəttə, bu siyahını bir az da uzatmaq olardı, çünki onlardan başqa klassik alman fəlsəfəsi və filosofları Kant, Hegel və Feyerbax vardı ki, bunları marksizmin üç mənbəyindən biri adlandırırdılar və bu səbəbdən də biz onların da adını eşitmişdik.
Amma Asif Əfəndiyevin özəllikləri təkcə bununla məhdudlaşmırdı. Əvvəldə qeyd etdiyim məşhur kitab çıxandan sonra elə "Azərbaycan” jurnalında bir fəlsəfə elmləri namizədinin böyük məqaləsi çıxdı: bəli, o vaxtki leksikonda desək, müəllif özünün "Müdrik görünmək xatirinə” adlı məqaləsində Asif Əfəndiyevi lap "darmadağın etmişdi”.
Doğrusu, hamımız çaşqın vəziyyətdə qalmışdıq; görən, kim haqlıdır? Özümüzün bu saula cavabımız yox idi, axı bizim fəlsəfə adlı elmdən eşitdiyiniz – bilidyimiz beş-on kəlmə olardı, ya olmazdı! Bizim üçün hələ ki əsas göstərici bu idi ki, bir adam əgər televiziyaya çıxırdısa, yazıları jurnallarda dərc olunurdusa, kitabları da nəşr olunurdusa, deməli, intellektual avtoritet idi o!
Qərəz, başınızı ağrıtmayacam. Çox məşhur olaydır bu və sonrakı illərdə də dəfələrlə buna toxunulmuş, gündəmə gətirillmişdi.
Amma səmimi şəkildə deyirəm ki, bu detal bir xeyli müddət gəcnliyimizin tapmacalarından biri kimi qaldı. Sonra Moskva, tələbəlik illəri gəldi. Əlbəttə, məni ora fəlsəfə yox, fizika-riyaziyyat öyrənməyə göndərmişdilər. Fəlsəfəni isə bir il tədris etdilər bizə. "Dialektik materializm”dən yaxşı qurtardıq. Amma "Tarixi materializm”dən bir müəllimimiz vardı – adını unutduğum dosent Aqofonova. Tələbələr ona daha çox "ifritə Aqofonova” deyirdilər.
Qeyd edim ki, deyilənlərə görə, bu qadın özü də bizim fakültəni bitirmişdi, özü də ən güclü "Kvant sahələri” kafedrasını, hansının ki, müdiri akdemik N.N.Boqolyubov kimi nəhəng idi. Sonuncu digər bir dahinin, kibernetikanın banisi Norbert Vinerin bir sözünə görə Nobel mükafatı almamışdı. Viner demişdi ki, Burbaki kimi Boqolyubov adı altında da yəqin alimlər qrupu çalışır, çünki onun fikrincə, bir adam təkbaşına bu qədər böyük elmi nəticələr əldə edə bilməzdi.
Əlbəttə ki, onda Nobel komitəsi bunu çox asanlıqla yoxlaya bilərdi, amma onlara da bəhanə lazım idi ki, sovet alimi Nobel mükafatı almasın, çünki iki sistem arasında bütün sahələrdə, o cümlədən də elm və sənət sahəsində də çox böyük çəkişmə gedirdi.
Qayıdaq sözümüzün əvvəlinə. Bəli, bu” ifritə” Aqofonova mənə də, digər qrup yoldaşlarımıza da bəyirdə-bəyirdə "kafi” yazdı imtahanda. Qrup yoldaşlarımızdan biri təkcə əlaçı deyildi, həm də fəlsəfə ilə çox ciddi maraqlanır, klassikləri, hətta M.Solovyov kimi rus dini-filosofları öyrənirdi. Bir az da dinə meyl edirdi, dini ayinləri də icra etməyə başlamışdı, valideynlərindən xəbərsiz o vaxtki Rusiya patriarxı ilə də görüşmüşdü - komsomol xəbər tutsaydı, vayını verəcəkdi!
Yeri gəlmiş, o vaxt rus yazıçısı V.Tendrayakovun da "Apostol ezamiyyəti” adlı povestini o oxutmuşdu bizə: həqiqətən də "ziyalı-intellektual və din” mövzusunda yazılmış çox maraqlı bir əsər idi.
Burada onu deyim ki, həmin qrup yoldaşımdan fərqli olaraq mən imtihana hazırlaşmaq üçün çox tər tökməmişdim, o vaxt standart bir dərslik vardı, onu, obrazlı şəkildə desək, bir dəfə əvvəldən axıra, bir dəfə də axırdan əvvələ oxumuşdum. Həm də "dialektik materializm” bir az maraqlı idi, burada təbiət elmlərilə əlaqə-rabitə, hətta məntiq vardı ki, bunu "tarixi materializm” haqqında demək olmurdu – başdan ayağa bir idedologiya idi bu!
Fəlsəfə fakültəsində bir deyim vardı ki, hər bir fizik filosof ola bilər, amma hər filosof fizik ola bilməz. Biz də sanki "seyid cəddinə arxayın olan kimi” inamla yollandıq imtahana, elə bil ki, imthana yox, söz güləşdirməyə gedirik. Bir "sığortamız” da vardı –"referat” da yazmışdıq. Amma "ifritə” Aqofonova bizə sübut etdi ki, heç də hər fizik filosof ola bilmir.
Burada daha bir maraqlı detalı qeyd etmək istəyirəm. Bu, fakültə yoldaşlarımızın birinin təcrübəsindən idi. Fəlsəfə professoru imtahanda ona demişdi: "mənə sübut edin ki, bu divardır”! Yazıq tələbə gözlərini döyüb ona baxanda demişdi: "Gedin, növbəti dəfə gələrsiniz imtahana!”
Nə isə! Az bir müddət sonra çox böyük ictimai-siyasi proseslər başladı. Hər şey dəyişdi, çox şeylər haqda yeni-yeni detallar eşitdik və oxuduq. O cümlədən də əsl fəlsəfə və filosoflar haqda.
Tələbəlik bitdi, Azərbaycana qayıtdım və indi də başqa bir Asif Əfəndiyevi tanıdım. O, artıq özünü Asif Ata kimi təqdim edir və az qala, təriqət başçısı kimi çıxış edirdi. Özünün ocağını yaratmışdı.
Bu da mənə elə də təəccüblü, hətta orijinal görünmədi, çünki şərq filosoflarının çoxu belə etmişdi vaxtında.
Bəlkə də məhz buna görə qərbli filosoflar daim ironiya edirdilər ki, şərqdən filosof yox, daha çox "peyğəmbər” çıxır, hərçənd, nəyə görəsə, elə özləri də, məsələn, Nitşeyə filosof yox, daha çox peyğəmbər deyir!
Mən, əlbəttə, Asif Atanın ocağı ilə maraqlanıb eləmirdim. Arabir mətbuatıdan müsahibələrini, hətta yazılarını oxuyurdum. Bir müsavatçı dostum vardı, həm də Ata ocağının fəallarından idi. Qərəz, Atanın hansı yazısına baxırdım "mütləq belə gəldi, elə getdi”, "mütləqə inam fəlsəfəsi belə oldu, elə oldu” oxuyurdum. O qədər "mütləq” sözü eşitdim ki, bir dəfə öz müsavatçı dostuma dedim ki, sizin Ata "balaca hegelçi”dir!
O da gedib bunu başqa bir müsavatçı filosofa demişdi və həmin adam da dərhal yazmışdı...
Deyilənə görə, Asif Ata yaman əsəbiləşibmiş! Mən dostuma başqa bir söz də demişdim: sizin fəlsəfənizin dili də, üslubu da daha çox qədim Çin fəlsəfəsini xatırladır. Bunu haradan bilirdim? Bir dəfə rəssam Rəşid Şerif mənə Çin fəlsəfəsi haqda bir kitab vermişdi ki, oxu, maraqlı olar.
Mən də onu lap elə Məşədi İbad demişkən, yarıyacan oxumuşdum. Bu "in” və ya "yan” (deyəsən, belə idi, artıq tamamca unutmuşam!) söhbəti mənə xoş gəlməsə də, iki "kəşf” etmişdim burada özüm üçün.
Birincisi, bu idi ki, çinlilərin öz fəlsəfi anlayışları, hətta kateqoriyaları varmış. İkincisi də bu fəlsəfənin dili – üslubu idi. O, sanki vəhy xarakteri daşıyırdı – hər halda, kobud şəkildə olsa da, buna bənzəyirdi.
Nə isə. Dostum sonuncu detalı deməyi deyəsən, unutmuşdu... Asif Əfəndiyev haqda daha nəyi deyə bilərəm? Ümumi təsəvvür bu idi ki, bu adam tamam irrasionallığa, hətta irreallığa gedib, sanki öz fəlsəfəsini yox, lap dinini yaratmaq istəyir...
Amma nə qədər paradoksal olsa da, onun siyasi məsələlərlə bağlı da bir-iki fikrini oxumuşdum: yox, çox sərrast siyasi yanaşması vardı.
Bircə detalı deyəcəm. Doxsanıncı illərdə liberallarla millətçilər arasında çox qızğın mübahisələr gedirdi. O vaxt Asif Əfəndiyev bircə söz demişdi: görün, Qərb, ümumiyyətlə, dünya ədəbiyyatında kapitalizmi tərfiləyən bir böyük əsər varmı?
Doğrusu, bu fikir məni möhkəmcə tutdu: deyəsən, o, haqlı idi. O vaxtdan mən öz liberal baxışlarımda daha ehtiyatlı olmağa çalışdım, hətta özüm üçün belə nəticə çıxardım ki, böyük kapital dünyası mənlik deyil, qoy, oliqarxiyanı başqaları mədh etsin, mənimki kiçik burjuaziya, kiçik biznes adamlardır – bəli, o kəslər ki, həqiqətən də demokratiyada maraqlıdırlar, o kəslər ki, sözün həqiqi mənasında özləri də zəhmət çəkib işləyirlər, qazancları da oliqarxiya kimi böyük siyasətdən çıxmır...
Bilmirəm, peşəkar filosoflar Asif Əfəndiyevdə bəlkə başqa bir orijinallıqlar da tapırlar. Ola bilər. Amma mən deyərdim ki, o, daha çox bir cəhəti ilə yadda qaldı: ilk azərbaycanlı filosof idi ki, sovet fəlsəfi-ideoloji ehkamlarından kənara çıxmağa cəhd etmişdi.
Amma ondan bir xeyli əvvəl digər filosof – Heydər Hüseynov da rəsmi ideologiya ilə konflikt yaşadığına görə intihar etmişdi – bəli, onun Qafqazda müridizm, Şamil hərəkatı haqqında yazdıqları o dövrün hakimiyyət mənsublarının xoşuna gəlməmişdi. Yeri gəlmişkən, 90-cı illərdə rus-çeçen müharibəsinin qızğın çağında bir çeçen tarixçi bunu yada salmışdı.
O ki qaldı Asif Əfəndiyevin cəhdlərinə, deyə bilmərəm ki, bu, çox uğurlu alındı. Həm də birmənalı qiymət verməyə çətinlik çəkirəm, çünki bütün hallarda, bu sahənin peşəkarı deyiləm.
Həm də şəxsən mənim üçün, məsələn, fizikadan sufiliyə gəlmiş hətta Seyyid Hüseyn Nəsr (ingilis dilini mükəmməl bilməmək nə pismiş! Mən bu filosofu ürəyim istəyincə, heç olmasa, bir azca anlamaq üçün oxuya bilmədim) daha maraqlıdır və hazırda müsəlman dünyasının ən maraqlı filosoflarından biri sayılır bu əslən iranlı!..
O ki qaldı Asif Əfəndiyevə, vaxtilə onun daha bir çox orijinal hərəkəti haqda eşitmişdim: bu adam özünün namizədlik diplomundan imtina edərək Moskvaya – Ali Attestasiyaya Komissiyasına göndəribmiş! Nə demək olar? Bunun özü də etiraz idi...
Ona görə çox da uzaq olmayan tariximizdə ən azı yarım-dissident bir ziyalı olmuşdu – bəli, Asif Əfəndiyev. Bu adam ideoloji maneələri aşmaq üçün ən azı cəhdlər etmişdi – lap məşhur bir filmdə deyilən kimi...
Hüseynbala Səlimov
Şərhlər