Xəbər lenti

Marsın yeni sirli qayası: Skull Hill planetin geoloji keçmişini işıqlandırır
Dünya 14:11 24.04.2025

Marsın yeni sirli qayası: Skull Hill planetin geoloji keçmişini işıqlandırır

Mars səthində aşkarlanan Skull Hill (Kəllə təpəsi) qayası sadə bir geoloji formadan daha artıq məna daşıya bilər. 

Qaynarinfo xəbər verir ki, alimlər bu qeyri-adi qayaya baxaraq planetin vulkanik fəaliyyəti, toqquşma hadisələri və səth quruluşunun təkamülünü anlamağa çalışırlar.

NASA-nın "Perseverance" adlı kəşfiyyat aparatı Marsın Jezero kraterində apardığı araşdırma zamanı diqqətçəkən bir tapıntıya rast gəlib. Aparat  kraterin tozlu yamaclarını incələyərkən tünd rəngli və kəskin xətli qəribə bir qayaya rastlayıb. Skull Hill adı verilən bu qaya alimlər üçün yeni tədqiqat mövzusuna çevrilib.

"Perseverance" aparatı "Witch Hazel Hill" adlanan təpənin alt yamaclarındakı "Port Anson" bölgəsindən keçərkən bu maraqlı qayaya rast gəlib. Bu ərazi, müxtəlif rənglərdəki geoloji təbəqələrin bir araya gəldiyi və orbitdən belə müşahidə edilə bilən təmas zonası kimi seçilir.

Aparat trayektoriyası boyunca məlumat toplayarkən, "Skull Hill" ətrafındakı solğun və eroziyaya uğramış ərazi ilə ziddiyyət təşkil edən strukturu dərhal tədqiqatçıların diqqətini cəlb edib.

Bu qaya yerləşdiyi məkanda təbii şəkildə formalaşmış kimi görünmür. Alimlər düşünürlər ki, bu qaya Marsın başqa bölgəsindən toqquşma hadisələri və ya qədim axıntılar nəticəsində buraya daşınmış ola bilər.

Qayanın üzərindəki çuxurlar və daxilində yerləşən kürə formalı strukturlar, onun sıradan bir qaya olmadığını göstərir. İlkin qiymətləndirmələrdə meteorit ola biləcəyi ehtimal edilsə də, aparılan analizlər bunu tam şəkildə təsdiqləməyib.
 


Mars səthində daha əvvəl aşkarlanan dəmir və nikel baxımından zəngin meteoritlər, Skull Hillin tünd rəngli və sıx quruluşu ilə oxşarlıqlar göstərsə də, "Perseverance"ın "SuperCam" cihazı ilə aparılan ilkin kimyəvi təhlillər bu qayadakı tərkibin məlum meteoritlərlə tam uyğun gəlmədiyini ortaya qoyub.

Qayanın başqa bir mənşə ehtimalı isə onun vulkanik keçmişə malik olmasıdır. Mars uzunmüddətli vulkanik fəaliyyət tarixinə sahib bir planetdir və bu səbəbdən magmatik qayalar müxtəlif mineral tərkiblərinə əsasən fərqli rəng və teksturaya malik ola bilər.

Skull Hillin tünd tonları və sərt səthi onun tərkibində dəmir və ya maqnezium kimi elementlərin ola biləcəyinə işarə edir. Eyni zamanda, bu qaya çarpma nəticəsində Mars səthindən qoparaq Jezero kraterinə düşmüş bir parça da ola bilər.

Skull Hillin strukturunun detallı şəkildə analiz edilməsi Marsın geoloji tarixi haqqında daha dərin məlumat əldə etməyə imkan yarada bilər. Bu kimi qayalar planetin vulkanik keçmişi və toqquşma hadisələri ilə bağlı vacib ipucları daşıyır.

"Perseverance" tədqiqatlarını davam etdirdiyi müddətdə, alimlər Skull Hillin sirlərini açmaq üçün daha çox məlumat toplamayı planlaşdırırlar. Lakin Mars tədqiqatlarının təbiəti etibarilə, hər yeni tapıntı daha çox araşdırma zərurətini də özü ilə gətirəcək.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->