1518-1520-ci illər arasında kətan üzərinə işlənmiş "Madonna della Rosa" əsərində Müqəddəs Yusifin portreti son günlər müzakirə mövzusuna çevrilib. Tablodakı bu sima mikroskopik fırça toxunuşları ilə digər fiqurlardan fərqləndiyi üçün uzun illərdir şübhələrə səbəb olur. Süni intellektlə aparılan yeni təhlil isə bu portretin məşhur rəssam Raffaelə aid olmadığını ortaya çıxarıb.
Qaynarinfo xəbər verir ki, əsərin sol yuxarı küncündə Madonna İsa və Müqəddəs Yəhyanın arxasında təsvir olunan Müqəddəs Yusif, digər fiqurlarla müqayisədə üslub baxımından nəzərəçarpacaq dərəcədə fərqlənir. Bu fərqlilik sənət tarixçiləri və tədqiqatçılar arasında uzun müddətdir həmin hissənin Raffael tərəfindən deyil, başqa biri tərəfindən çəkildiyi fikrini gündəmdə saxlayırdı.
Son dövrlərdə bu mövzu süni intellekt texnologiyası vasitəsilə yenidən araşdırılıb. "ScienceAlert"in məlumatına görə, Böyük Britaniya və ABŞ-dan olan tədqiqatçılar xüsusi analiz alqoritmi yaradaraq bu fərziyyəni sübut edən elmi məqalə dərc ediblər. Süni intellekt vasitəsilə tablodakı dörd əsas sima araşdırılıb və onların hamısının eyni rəssam tərəfindən çəkilmədiyi müəyyən edilib. Müqəddəs Yusifin üzünün Raffaelə aid olmadığı dəqiq şəkildə ortaya qoyulub. Lakin bu hissənin konkret kim tərəfindən çəkildiyi hələlik müəyyən olunmayıb.
Tədqiqatda iştirak edən professor Həssən Uqeyl bildirib: "Dərin xüsusiyyət analizindən istifadə edərək kompüterə Raffaelin üslubunu - fırça toxunuşlarından rəng palitrasına, kölgələmələrə qədər bütün yönləri ilə öyrətdik. Kompüter insan gözünün görə bilmədiyi mikroskopik detalları aşkar edə bilir".
Alimlər "ResNet50" adlı əvvəlcədən öyrədilmiş süni intellekt modelindən istifadə edərək bu modeli Raffaelə aid rəsmlərlə birləşdiriblər və dəstək vektor maşını (Support Vector Machine) texnikası ilə yüksək dəqiqliklə nəticə əldə ediblər. Əvvəlki təhlillərdə model bütöv tablolara baxırdısa, bu dəfə isə öncə bütün əsərə, sonra isə ayrı-ayrı simalara fokuslanıb.
Model bütöv tablonu araşdırarkən qəti nəticəyə gəlməsə də, ayrı-ayrı hissələrə baxdıqda Müqəddəs Yusifin portretinin Raffael tərəfindən çəkilmədiyini ortaya çıxarıb. "ScienceAlert" bu hissənin Raffaelin şagirdlərindən biri olan Culio Romano tərəfindən çəkilmiş ola biləcəyini irəli sürsə də, hələlik bu barədə dəqiq məlumat yoxdur.
"Madonna della Rosa" əsərinin 1518-1520-ci illər arasında tamamlandığı və Raffaelin 1520-ci ildə vəfat etdiyi nəzərə alınarsa, rəssamın bu hissəni şagirdlərindən birinə həvalə etmiş və ya ölümündən sonra tamamlanaraq sifarişçiyə təhvil verilmiş olması da mümkündür. Bununla belə, bu ehtimallar hələ ki yalnız spekulyasiyadır.
Sənət tarixçiləri 19-cu əsrin ortalarına qədər bu tablonun başqasının əli ilə tamamlanıb-tamamlanmadığını ciddi şəkildə araşdırmağa başlamamışdılar. Hətta "Madonna della Rosa"nın "Wikipedia" səhifəsində belə Raffaelin bu əsərə nə qədər töhfə verdiyi qeyri-müəyyən sayılır. Lakin süni intellekt analizləri ən azı tablodakı üç simanın Raffael tərəfindən çəkildiyini təsdiqləyə bilir.
Aydın
Şərhlər