Alimlər xəbərdarlıq edirlər: əgər qlobal istiləşmə bu templə davam etsə, bu gün doğulan uşaqlar insanlığın heç vaxt qarşılaşmadığı iqlim şəraiti ilə üzləşəcəklər. Ən çox zərər görən isə yoxsul təbəqələrdən olan uşaqlar olacaq.
Qaynarinfo xəbər verir ki, bu barədə 7 mayda "Nature" jurnalında dərc edilmiş yeni
araşdırmada deyilir.
Yeni nəsli gözləyən təhlükələr
Araşdırma istilik dalğaları, daşqınlar, quraqlıqlar, meşə yanğınları, siklonlar və məhsulsuzluq kimi ekstremal iqlim hadisələrinin gələcək nəsillərə təsirini qiymətləndirib. Məlum olub ki, 2020-ci ildə doğulan uşaqlar, 1960-cı ildə doğulanlarla müqayisədə bu cür hadisələrlə 2-7 dəfə daha çox qarşılaşa bilər. Bu nəticə, hətta istiləşmənin 2100-cü ilə qədər 2,7°C ilə məhdudlaşdırılması ssenarisində də dəyişmir.
Əgər temperatur artımı 3,5°C-ə çatarsa, bu gün beş yaşı olan uşaqların:
* 92 faizi ölümcül istilik dalğalarına məruz qalacaq,
* 29 faizi məhsulsuzluq,
* 14 faizi isə daşqın təhlükəsi ilə üzləşəcək.
Müqayisə üçün, 1960-cı ildə doğulanların yalnız 16 faizi ömrü boyu ekstremal isti şəraitində yaşayıb.
Daha çox isti, daha çox risk
Kanadanın İqlim Modelləşdirmə və Təhlil Mərkəzindən tədqiqatın baş müəllifi Luk Qrant bildirib: "Əgər temperatur sənaye öncəsi dövrdən 1,5°C çox artsa, bu gün doğulan uşaqların yarısı ömrü boyu misli görünməmiş istilik dalğalarına məruz qalacaq. 3,5°C ssenarisində isə bu göstərici 90 faizi aşacaq".
Oxşar tendensiyalar digər ekstremal hadisələrə də aiddir – quraqlıqlar, yanğınlar və məhsulsuzluq halları da kəskin şəkildə artacaq.
Uşaqların ekoloji narahatlığı artır
"Greenpeace"in sifarişi ilə keçirilən sorğuya əsasən, 12 yaşa qədər uşaqların 4-dən 3-ü iqlim dəyişikliyi səbəbindən narahatlıq keçirir. Alimlər qeyd edirlər ki, iqlim dəyişikliyinin gələcək nəsillərə təsirini tam dəqiqliklə hesablamaq çətindir. Bunun üçün əhali artımı, ömür uzunluğu və iqlim modelləri üzrə üç fərqli emissiya ssenarisi birləşdirilərək təhlil aparılıb.
Əldə edilən nəticələr belədir: 2020-ci ildə doğulan uşaqların 52 faizi, istiləşmə 1,5°C ilə məhdudlaşdırılsa belə, həddindən artıq isti ilə qarşılaşacaq. 3,5°C ssenarisində bu göstərici 92 faiz olacaq.
Ən çox zərər görənlər - yoxsullar və tropik bölgələrdə yaşayanlar
Xüsusilə ABŞ, Cənubi Amerika, Sub-Saxara Afrikası və Şərqi Asiyada doğulan uşaqlar məhsulsuzluq və digər ekstremal hadisələrlə daha çox üzləşəcək. Alimlər qeyd edirlər ki, aşağı gəlirli ailələrdən olan uşaqların 92 faizi həyatı boyu təhlükəyə məruz qalacaq, bu göstərici varlı ailələrdə isə 79 faiz təşkil edir.
"Əgər insanın həyatı boyu bir hadisə ilə qarşılaşmaq ehtimalı iqlim dəyişikliyi olmadan 1/10 000 idisə, bu ssenarilər həmin ehtimalı gerçəkliyə çevirir", deyə Qrant vurğulayıb.
Bolonya Universitetindən Rozanna Qualdi və Raya Muttarak bildiriblər ki, əgər istixana qazlarının emissiyası davam edərsə, qlobal istiləşmə daha da sürətlənəcək və bu günün uşaqları daha çox və daha təhlükəli iqlim təhdidləri ilə üz-üzə qalacaqlar. Onların fikrincə, bu gün atılan addımlar – emissiyaların azaldılması istiqamətində - bu və gələcək nəsillərin iqlim gələcəyini müəyyən edəcək. "Biz övladlarımızın gələcəyini riskə atırıq", deyə onlar xəbərdarlıq ediblər.
Aydın
Şərhlər