Xəbər lenti

Dünya 17:46 08.05.2025

"Beynəlxalq qanunlara məhəl qoyan yoxdur" - Ekspert

"Dünyada beynəlxalq qanunların aliliyi hökm sürsəydi, BMT məhkəmələri hörmətə sahib olsaydı, onda bu cinayətin sübutu və faş edilməsi Rusiya rəhbərliyi və Müdafiə Nazirliyi üçün ciddi təhlükələr törədərdi".
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə Avropa İttifaqının Rusiyanı Ukraynada kimyəvi silahdan istifadə etdiyinə görə rəsmi şəkildə ittiham etməyə hazırlaşdığı fonunda bu rəsmi ittihamın beynəlxalq münasibətlərdə hansı siyasi nəticələr doğura biləcəyini şərh edərkən deyib.

"Dünyanın aparıcı demokratik dövləti sayılan ABŞ-ın göz görə-görə bütün beynəlxalq qanunları pozduğunu, İsrailin soyqırım siyasətini dəstəklədiyini, bir sıra ölkələrə böhtan atıb onu bombaladığını, Haqqa məhkəməsi və onun qanunlarını tanımadığını nəzərə alsaq, belə bir şəraitdə hansısa Ukrayna şəhərinə qarşı kimyəvi silahdan istifadə edilməsi heç bir hüquqi, əməli təsirə malik olmayacaq", deyə Zərdüşt Əlizadə bildirib.



Bu mənada həmsöhbətimizə görə, Rusiyanın kimyəvi silahdan istifadəyə görə məsuliyyətə cəlb olunacağı barədə məlumatlar təbliğat xarakterli addımlardan başqa bir şey deyil:

"Bütün dünyanın gözü qarşısında cinayət törədənlər, siyasilər, hərbçilər, müharibəyə səsləyən ictimai xadimlərin hamısı azadlıqda gəzir və dünya aləm veclərinə də deyil. Rusiyaya qarşı irəli sürülən bu ittiham rəsmi təsdiqini tapsa da belə, beynəlxalq münasibətlərdə hansısa bir siyasi nəticələr doğurmayacaq. Cinayətkarlar vəzifələrində qalıb, yenədə istədiklərini etməkdə davam edəcəklər". 

Qeyd edək ki, Avropa İttifaqı Rusiyanı Ukraynada kimyəvi silahdan istifadə etdiyinə görə rəsmi şəkildə ittiham etməyə hazırlaşır. "Azadlıq Radiosu”nun araşdırma layihəsi olan "Sistema”nın əldə etdiyi sənədə əsasən, Aİ Şurası tərəfindən hazırlanmış yeni sanksiya qaydalarında ilk dəfə Rusiya CS gözyaşardıcı qazından hərbi əməliyyat vasitəsi kimi istifadə etməkdə günahlandırılır. 

Sənədin izahat hissəsində göstərilir ki, bu nəticələr Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatının (OPCW) 2024-cü ilin noyabrında və 2025-ci ilin fevralında Ukraynanın sorğusu əsasında dərc etdiyi hesabatlara əsaslanır. Hesabatlarda Dnepropetrovsk vilayətində yerləşən Maryevka və İlinka yaşayış məntəqələri yaxınlığında CS qazının tətbiqi halları təhlil olunub. 

Aparılan araşdırmalar nəticəsində qazın istifadəsinə dair ciddi sübutlar toplanıb: hücumlar sonrası torpaq və su nümunələrində CS qazının izlərinə rast gəlinib, ukraynalı hərbçilərin şahid ifadələri alınıb, eləcə də "РГ-Во” (əl qumbarası - zəhərləyici maddə) adlı Rusiya istehsalı qumbaraların gövdələrinin fotoları çəkilib. Hətta 2024-cü ildə Rusiya təbliğat kanalı RT bu tip qumbaraların döyüşlərdə rus hərbçiləri tərəfindən istifadə olunduğunu nümayiş etdirən süjet yaymışdı. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->