Keçmiş FİFA prezidenti Zepp Blatter futbol azarkeşlərini 2026-cı il dünya çempionatı üçün ABŞ-a səfər etməkdən çəkinməyə çağırıb.
Qaynarinfo xəbər verir ki, "Fox News”un yazdığına görə, Blatter bu çağırışını ABŞ prezidenti Donald Trampın aqressiv xarici siyasəti və immiqrasiya nəzarətinin kəskin şəkildə sərtləşdirilməsi ilə əsaslandırıb.
Blatter bildirib ki, mövcud şəraitdə ABŞ-a səyahət xarici azarkeşlər üçün təhlükəli ola bilər. Onun sözlərinə görə, immiqrasiya orqanlarının sərt yanaşması futbolsevərlərin ölkəyə girişində ciddi problemlər yarada bilər.
89 yaşlı Zepp Blatter X sosial şəbəkəsində yazıb ki, azarkeşlər üçün yalnız bir məsləhət var - ABŞ-dan uzaq durmaq. O, dünya çempionatının keçirilməsinin məqsədəuyğunluğunu şübhə altına alan antikorrupsiya üzrə ekspert və hüquq professoru Mark Pittin mövqeyini dəstəklədiyini vurğulayıb.
Qeyd olunur ki, Mark Pitt 2013–2016-cı illərdə FİFA islahatları çərçivəsində Müstəqil İdarəetmə Komitəsinə rəhbərlik edib. O, İsveçrənin "Der Bund” nəşrinə müsahibəsində də azarkeşləri ABŞ-a səfər etməməyə çağırıb.
Pittin sözlərinə görə, televiziya vasitəsilə oyunları izləmək daha təhlükəsizdir: "ABŞ-a gələn azarkeşlər bilməlidirlər ki, əgər məmurların xoşuna gəlməsələr, onları dərhal ən yaxın reyslə geri göndərə bilərlər. Əgər şansları gətirsə”.
ABŞ bu il dünya çempionatını Meksika və Kanada ilə birgə keçirir. Turnirin oyunları 11 iyundan 19 iyula qədər davam edəcək, 1/8 final mərhələsindən sonra qalan bütün qarşılaşmalar ABŞ ərazisində baş tutacaq.
Donald Trampın Qrenlandiya ilə bağlı mövqeyi də dünya çempionatının boykot edilməsi üçün çağırışlara səbəb olub. Almaniya Futbol İttifaqının rəhbərlərindən biri olan Oke Gettlih bu mövzuda artıq ciddi müzakirələrin başlanmalı olduğunu bildirib.
Bununla yanaşı, ABŞ-ın İmmiqrasiya və Gömrük Mühafizəsi Xidmətinin (ICE) müxtəlif şəhərlərdə, o cümlədən Minneapolisdə apardığı reydlər və baş verən insidentlər də tənqid olunur. Mark Pitt ABŞ-ı "dərin siyasi və sosial turbulentlik” içində olan ölkə kimi xarakterizə edib və bu şəraitin azarkeşlər üçün cəlbedici olmadığını vurğulayıb.
Xatırladılır ki, Zepp Blatter 2015-ci ildə futbol tarixinin ən böyük korrupsiya qalmaqallarından biri fonunda FİFA prezidentliyindən getməyə məcbur olub. Onu Canni İnfantino əvəzləyib. Bildirilir ki, İnfantino Donald Trampla yaxın münasibətlərə malikdir və təşkilat dünya çempionatı üçün ABŞ-a 5–10 milyon azarkeşin gələcəyini gözləyir.
ABŞ Dövlət Departamenti isə "Fox News Digital”ə açıqlamasında dünya çempionatı azarkeşləri üçün vizalara dair prioritet qeydiyyat sistemi – "FIFA Priority Appointment Schedule System” (FIFA PASS) tətbiq ediləcəyini bildirib. Sistem bilet sahiblərinə 11 iyunda turnir başlamazdan əvvəl viza prosedurlarında üstünlük əldə etməyə imkan verəcək.
Bununla belə, müraciət edən şəxslər ABŞ qanunlarına əməl edəcəklərini və turnir bitdikdən sonra – 19 iyulda ölkəni tərk edəcəklərini sübut etməlidirlər.
Donald Tramp daha əvvəl bildirib ki, administrasiyası dünya çempionatının 2026-cı ildə "misilsiz uğur”la keçirilməsi üçün bütün imkanları səfərbər edib və artıq bilet satışlarında rekordlar qeydə alınır.
Qeyd olunur ki, ABŞ vizalarının bir sıra ölkələr üçün dayandırılması Afrika futbol nəhəngləri olan Seneqal və Kot-d’İvuar azarkeşlərinin komandalarını stadionda dəstəkləmək ümidlərini də puça çıxarıb. Viza məhdudiyyətləri oyunçulara, rəsmi şəxslərə və komanda üzvlərinin yaxın qohumlarına şamil edilmir.
Aydın
Şərhlər