Xəbər lenti

Kabab iyi verən tənqidçilərimiz
Orxan Saffari
Ölkə 13:04 08.08.2024

Kabab iyi verən tənqidçilərimiz

Azərbaycan ədəbiyyatında çatışmayan ən əsas məsələlərdən biri də tənqidçi məsələsidir. Təəssüf, birmənalı şəkildə bu funksiya ya yoxdur, olanı da aktual deyil. 

Bu gün tənqid Azərbaycan ədəbiyyatında nəinki inkişafa xidmət edə, heç adi təsirlər də edə bilmir. Sözsüz, məlum olan və olmayan səbəblər var, fəqət, nəticəyə baxılırsa, hal acınacaqlıdır. 

Ona görə ki, Azərbaycandakı tənqid ənənəsi müasir dövrdə belə Sovet təfəkkürünə əsaslanır. 

Məsələn, barmaq hesabı dəyərli tənqidçilər elə bilirlər ki, hansısa beşinci sort ağsaqqalın yaradıcılığına "Ədəbiyyat qəzeti”ndə qəlibli təhlil yazmaq, sonda "müəllifə uğurlar” arzu etmək də tənqidçilikdir. 

Tarixə nəzər salanda, məsələn, Rus ədəbiyyatına baxanda tənqidçiliyin yerinin nə dərəcədə böyük olduğunu görmək olur. 

Belə ki, Puşkin hər yeni əsər çap etdirdikdən sonra oxucular arasında da bir qədər durğunluq yaranırdı. Bu durğunluğun səbəbi isə Belinskinin həmin əsər haqqında nə yazacağını gözləməkdən ibarət idi. Yanlız tənqidçi Belinski əsəri təhlil edəndən sonra müzakirələr qızışır, söz-söhbətlər getməyə başlayırdı. Yəni, buradan çıxan bir nəticə də odur ki, Belinski lazım olan ədəbi mətnləri Rus ədəbiyyatına qazandıra bilirdi.

Bəs bizim tənqidçilər? Necə deyərlər, o əjdahadan bizdə niyə yoxdur? 
Əslində isə o da var. Daha dəqiq, olub. Amma zamanında o əjdahaların yarısı çörək dalınca konyunkturalıq etdilər, o biri yarısı da...nəysə.

Müasir dövr Azərbaycan ədəbiyyatındakı tənqidçiləri kim oxuyub? 

Onlar hansı şairi, yazıçını ədəbiyyat sahəsinə, ictimaiyyətə təqdim edə bilib? 

Onlara kim inanır, bələddir ki, kimisə təqdim edəndə də desinlər, filankəs yazıbsa, bir şey bilir. Əksinə, zamanla haqlarında yazdıqları adamlar onları daha da gözdən salıb. 
Üstəlik, indi sosial dünyada balaca bir istedadı olan adam tənqidçini də özü təqdim edə bilir. Məhz elə tənqidçilər də əksərən tanınmış adamları "Dili və təbi rəvandır, sujet xətti qura bilir” formatında təhlil edərək tanınmağa, onların kölgəsində görünməyə çalışır. 

Sovet ənənəsi və təfəkkürünü sayğı dəyər tənqidçilərdə həm də bu cür görmək olar ki, onlar qəzetdə, jurnalda, saytda, şəbəkə hesablarında hələ də Kamal Abdulla yaradıcılığının mistik çalarları, Ramiz Rövşən şeirlərinin ilahi qatı, AYB sədri Anarın da yaradıcılığında bir neçə nəsnəni axtarmaqdadırlar. O da bir həqiqətdir ki, hərdən iki-üç gənci də "zakuska” misalı araya qatır, guya ki, gənclərdən də yazan tənqidçi obrazı yaradırlar. 

Məsələ o deyil ki, adı çəkilən və çəkilməyən "ranqlılar” təhlil olunmamalıdır. Əlbəttə, kim kimdən istəsə yaza bilər. Sadəcə, tənqid-təhlil yazan adam özü düşünməlidir ki, çevir tatı, vur tanı. Nə qədər olar? Adam nə qədər eyni adamdan, eyni şeyləri yazar? Özü də, illərlə. Tənqidçi var ki, bir adamdan ildə bir dəfə yazı yazır. 

Axı heç onların əksərən buna ehtiyacı da yoxdur, onları təhlil yazıları ilə tanıtmaq funskiyası da işləyəsi deyil. Məsələn, kim Ramiz Rövşən, Anar, Kamaldan yazılan hansısa təhlili oxuyub deyər ki, mən bu yazıçını, şairi kəşf etdim, demək belə məqamlar var imiş, gedim oxuyum?

Sözsüz, tək bunlarla bitmir, əlavə işlər də görülür. Məsələn, keçmiş polis rəisləri, prokurorların, biznesmenlərin bağında kababdan sonrakı təqdimat məsələləri də dəyişməz qalır. Tənqidçilərimiz imkanlı pensioner dostlarının yaradıcılığında yeni nəsnələr tapır ki, demə, "kababülün-dolmaülün-xaşülün”ün altında yatan istedadlar var imiş, cəmiyyət də təcili şəkildə xəbər tutmalıymış. 

Sual yarana bilər ki, indiki dövrdə kiminsə kimisə təqdim etməyinə nə ehtiyac? Doğru sual və düşüncədir. Müasir təsir vasitələrində buna qətiyyən ehtiyac yoxdur. Fəqət, nəzərə alsaq ki, ədəbiyyat tarix, zaman məsələsidir, məsələn, gələcək araşdırmalarda tənqid, təhlil lazımlı nəsnədir və bu prosesin özü bir ədəbi ənənədir, demək, bu funksiyanı unutmağa, aradan qaldırmağa ehtiyac yoxdur. 

Olsa, daha yaxşı olar. Olmasa da tənqidçilərimizə nuş olsun.
 
Orxan Saffari

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->