Xəbər lenti

Çin alternativ yanacaq istehsalında irəliləyiş elan etdi
Dünya 22:40 25.05.2026

Çin alternativ yanacaq istehsalında irəliləyiş elan etdi

Dünyada Ukrayna və Yaxın Şərqdəki münaqişələr səbəbindən qlobal neft böhranı davam edərkən, Çin alimləri alternativ yanacaq istehsalında yeni bir üsul hazırladıqlarını bildiriblər.

Qaynarinfo "Slash Gear"ə istinadən xəbər verir ki, Şanxay Qabaqcıl Tədqiqatlar İnstitutunun (SARI) alimləri işlənmiş karbon dioksidi (CO₂) və sudan istifadə edərək uzun zəncirli karbohidrogenlər – yəni reaktiv yanacağın əsas komponentlərini sintez etməyə nail olublar.

Bu prosesdə əsas rol dəmir əsaslı katalizatora məxsusdur. Alimlər alüminium və kalium əlavələri olan xüsusi "FeAlK8” katalizatorundan istifadə ediblər. Nəticədə CO₂-nin təxminən 49 faizi karbohidrogenlərə çevrilib.

Proses 330°C temperatur və təxminən 290 psi təzyiqdə həyata keçirilib və əldə edilən yanacaq 800 saatlıq sınaqlarda sabit termal dayanıqlıq göstərib.

Bununla belə, mütəxəssislər bildirirlər ki, bu texnologiya hələ qlobal enerji problemini həll etməkdən uzaqdır. Laboratoriya səviyyəsində əldə olunan nəticələr ilə sənaye miqyasında kütləvi istehsal arasında böyük fərq var.

Eyni zamanda, belə yanacaqların geniş istifadəyə verilməsi üçün ciddi təhlükəsizlik testləri və beynəlxalq sertifikatlaşdırma prosesləri tələb olunur. Alimlər bunu daha çox CO₂ emalı texnologiyalarının iqtisadi cəhətdən rəqabətə davamlı hala gəlməsi üçün mühüm addım kimi qiymətləndirirlər.

Aydın
--> -->