Xəbər lenti

Builki qəbul imtahanlarının proqramları ötən illərdəkindən nə ilə fərqlənəcək?
Ölkə 17:35 28.03.2025

Builki qəbul imtahanlarının proqramları ötən illərdəkindən nə ilə fərqlənəcək?

(Yazı "Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” mövzusu üzrə hazırlanıb)

2024-2025-ci tədris ilində respublikanın ali təhsil müəssisələrinə keçiriləcək qəbul imtahanlarına az qalıb. Abituriyentlər hər il qəbul imtahanları ilə bağlı tərtib olunan proqramların yüngülləşəcəyini arzu etsələr də, sonda sualların daha ağır olduğu üzə çıxır.

Builki qəbul imtahanlarının proqramları ötən illərdəkindən nə ilə fərqlənəcək Ümumiyyətlə, proqramlarda dəyişikliklər olubmu?

Təhsil eksperti Elmin Nuri Qaynarinfo-ya açıqlamasında ali məktəblərə keçiriləcək qəbul imtahanları ilə bağlı proqramlarda heç bir dəyişiklik gözlənilmədiyini diqqətə çatdırıb:
 


"Çünki bu cür dəyişikliklər adətən iki etapda keçirilir. Ya tədris ilinin başladığı ərəfədə, yəni sentyabr-oktyabr aylarında, ya da yeni ilin ilk ayı – yanvarda. Dövlət İmtahan Mərkəzi tərəfindən dəyişikliklərlə bağlı rəsmi qaydada məlumat verilir. Bu il isə belə bir şey baş verdi, yanvar ayında Dövlət İmtahan Mərkəzi tərəfindən qəbul proqramlarında dəyişikliklərlə bağlı məlumat verildi”.

Elmin Nuri xatırladıb ki, buraxılış imthanları həm 9, həm də 11-ci sinif şagirdləri arasında keçirildiyinə baxmayaraq:

"Edilən dəyişikliklər yanız 9-cu sinfin buraxılış imtahanlarını əhatə etdi. 11-ci siniflərin nə buraxılış, nə də qarşıdakı may və iyun aylarında keçiriləcək blok imtahanlarında hər hansı bir dəyişiklik oldu. Biz bunu mart ayında keçiriləcək imtahanlarda gördük. Blok imtahanlarında da bu prosesin canlı şahidi olacağıq”.

9-cu siniflər üçün qəbul imtahanları ilə bağlı tərtib olunan proqramlarda dəyişikliklər nədən ibarətdir?
Ekspert dəyişikliyin ingilis dili fənnində baş verdiyini vurğulayıb:

"İngilis dili fənni üzrə esse-foto sual əlavə olundu. Yəni bir foto təqdim olunur və abituriyent həmin foto əsasında esse yazır, bu da qiymətləndirilir. Dəyişiklik yalnız budur. 11-ci siniflərlə bağlı proqramlarda bu tətbiq olunmadı. Düşünürəm ki, gələn ildən bu, 11-ci siniflərə də tətbiq olunsa, yaxşı olar. Bu, 9-cu siniflərdə bir nəbz yoxlaması olaraq sınanıldı, lakin hələ cavablar olmadığına görə heç nə deyə bilmərik. Hər bir halda hardansa başlamaq lazımdır. Çünki xarici dilin məzmun standartları üzrə formalaşmaq bizim uşaqlara vacibdir. Başa düşürəm, bu, abituriyentlərin ürəyincə olmayacaq. Amma hər bir halda dünya təhsili bir yerdə durmur. Kurikulum məzmun standartlarının başqa tələbləri var. Qarşıdakı illərdə biz 11-ci siniflərin qəbul proqramlarında dəyişikliklər görə biləcəyik”.

Ekspert ali təhsil müəssisələrinə qabiliyyət əsaslı imtahanların 4 istiqamət üzrə aparıldığını söyləyib:

"Rəsm və təsviri incəsənət, memarlıq, dizayn, kino, teatr və ekran işi, musiqi və mədəni istiqamət... Bu 4 istiqamət üzrə qabiliyyət imtahanlarının aradan qaldırılmasını gözləmirəm, heç mümkün də hesab etmirəm. Əksinə, bu istiqamət üzrə qabiliyyət dəyərləndirilməsinin artırılması daha yaxşı olardı, amma və lakin obyektivlik və ədalət mexanizminin daha da qorunması şərti ilə. Biz bilirik ki, zamanla qabiliyyət imtahanlarında müəyyən neqativlərə yol verilib. Onlar aradan qaldırılsa da, hər bir halda narazılıqların şahidi oluruq. Bu mexanizmlər daha da güclənsə, biz qabiliyyət əsasını artırıb, test əsasını daha da sadələşdirə bilərik”. 

Bahar Rüstəmli

Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->