"Azərbaycanda gənclərlə məşğul olan təşkilatların və eyni zamanda təhsil müəssisələrinin işi yaratmazdır. Onlar öhdələrində olan vacib işləri görmürlər".
Bunu Qaynarinfo-ya açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu Gənclər Günündən danışarkən deyib.
Ekspert hesab edir ki, bu gün Azərbaycan gənclərinin əhval-ruhiyyəsinin yerində olmamasının səbəbi orta məktəbdən bünövrəsi düzgün qoyulmayan təhsil sistemindədir:
"Bu gün mən 200-dən yuxarı tələbəyə dərs deyirəm və bunu görürüəm. Təhsil sistemi gənclərə əvvəlki bilikləri verə bilmir. Bu gün gənclərdə özünə inam hissi yoxdur. Təhsil sistemi elə olmalıdır ki, gəncdə sabaha inam olsun. Məsələn, sinifdə 30 şagird olur, bunu ancaq 5-6-sı yaxşı oxuyur, yerdə qalan uşaqları 11 il müəllimlər danlayır. Eyni zamanda, onlar ailədə də danlanır. Əgər bir uşağı 6 yaşından 18 yaşına kimi danlayırsansa, ondan normal şəxsiyyət olmaz. Adamı bu qədər danlayarlar? Əgər uşağın 5 fənnə qabiliyyəti varsa, 5-nə yoxdursa, ona görə onu danlamaq olmaz. Şagirdləri kəşf etmək lazımdır, görək kimdə hansı qabiliyyət var. Bunu biləndən sonra həmin uşaqları ona uyğun inkişaf etdirmək lazımdır. Bunların heç birini bilmədən şagirdi 11 il "sən bacarmırsan, sən bilmirsən, oxuya bilmirsən” deyə danlayırıq. Yeniyetmə yaşında əks cinsin yanında kimisə danlasan, o ölümdən betərdir. Çünki qrupda 13 yaşdan sonra şagird əks cinsin diqqətini özündə hiss edir. Onun yanında müəllim şagirdi danlayır. Oxuya bilmir, riyaziyyata qabiliyyəti yoxdur, neyləsin? Amma musiqiyə qabiliyyəti var. Biz onları qabiliyyəti istiqamətində kəşf edib inkişaf etdirməliyik. Onlar orta məktəbi bitirəndə 3-4-ü ali məktəbə daxil olur, yerdə qalanların harada olduğu bilinmir, hərə başını bir yerdə saxlayır. Biri dini qurumlara, biri kriminal aləmə qoşulur, o biri də ruhdan düşür”.
Əhməd Qəşəmoğlu vurğulayıb ki, gənclərlə məşğul olan qurumlar və təhsil müəssisələrinin işinin yarıtmaz olduğunu hamı görür və susur:
"Əvəzində isə gənclər danlanılır. Birinci növbədə çalışmalıyıq ki, hər kəs özünü cəmiyyətdə tətbiq etmək imkanı olsun. Onun üçün də onların qabiliyyətini kəşf eləməliyik. O adamda ki, sabah inam yoxdur, özünü təsdiq edə bilmir həyatda özünü bədbəxt hiss edir”.
Bahar Rüstəmli
Şərhlər