Böyük Baryer rifi son 40 il ərzində qeydə alınmış ən böyük illik mərcan itkisi ilə üzləşib.
Qaynarinfo xəbər verir ki, bu barədə Independent nəşri Avstraliya Dəniz Elmləri İnstitutuna istinadən məlumat yayıb.
Tədqiqatlara əsasən, rifin üç əsas bölgəsindən ikisi son bir il ərzində ciddi mərcan itkisi yaşayıb. Əsas səbəb qlobal istiləşmə nəticəsində yaranan istilik stresi olsa da, vəziyyəti ağırlaşdıran digər amillər arasında siklonlar, daşqınlar və mərcanların qidalanma mənbəyi kimi istifadə edən "tikanlı ulduz" dəniz ulduzlarının hücumları da yer alır.
Mütəxəssislər rifin ekosistemində artan qeyri-sabitliyi müşahidə etdiklərini bildirirlər. Bu, rifin xroniki stres altında olduğunu göstərir və yaxın gələcəkdə bərpaolunmaz vəziyyətə düşə biləcəyi ilə bağlı ciddi narahatlıq doğurur.
2024-cü ildə baş verən ekstremal dəniz istiləri nəticəsində rekord səviyyədə mərcan itkisi qeydə alınıb.
Mərcan ağarması, suyun temperaturunun normadan yuxarı qalxması ilə baş verir. Bu zaman mərcanlar özlərinə rəng və qida təmin edən simbioz yosunları itirirlər. Temperatur normaya düşmədiyi təqdirdə, mərcanlar qısa müddətdə məhv ola bilər. Əvvəllər bu fenomen nadir hallarda müşahidə olunsa da, 1990-cı illərin sonlarından etibarən tez-tez baş verir. Son ağarma hadisəsi 2016-cı ildən bəri beşincisidir və tədqiq olunan riflərin təxminən 75%-ni əhatə edib. Bu riflərin 40%-dən çoxunda mərcanların yarıdan çoxu ağarıb.
Əvvəllər daha dayanıqlı hesab edilən rifin cənub hissələri də bu dəfə zərər görüb. Bununla belə, alimlər qeyd edirlər ki, Böyük Baryer rifi hələ də dünyanın digər rifləri ilə müqayisədə daha çox mərcan ehtiyatına sahibdir və turizm baxımından cazibəsini qoruyur.
Aydın
Şərhlər