Xəbər lenti

Belə yüksəliş görülməyib: Bismut 500 faiz bahalaşdı
Dünya 13:56 21.03.2025

Belə yüksəliş görülməyib: Bismut 500 faiz bahalaşdı

Bir çox sahədə istifadə olunan bismut adlı nadir metalın qiyməti fevral ayından bəri ticarət müharibələri səbəbindən yüksəlib. Bu artım fövqəladə bir səviyyəyə çataraq 500%-ə yaxınlaşıb.

Qaynarinfo xəbər verir ki, müxtəlif sahələrdə, o cümlədən boya, müdafiə sənayesi və elektronika sektorunda istifadə edilən bismut Çinin ABŞ-ın prezidenti Donald Trampın ticarət siyasətinə cavab olaraq ixrac məhdudiyyətləri tətbiq etməsi ilə kəskin bahalaşıb.

Trampın Çin mallarına ilk mərhələdə 10%-lik idxal rüsumu tətbiq etməsindən sonra, Çin bismutu ixrac nəzarət siyahısına əlavə olunan beş materialdan biri elan edib. Bu qərardan sonra Çindən ixrac azalıb, qlobal bazarda tədarük daralıb və qiymətlər 500%-ə yaxın artıb.

Çin bazara nəzarət edir

Çin Vaşinqton və Pekin arasında getdikcə şiddətlənən geosiyasi rəqabətə daxil olan bir sıra strateji xammalların əsas istehsalçısıdır. ABŞ Geoloji Araşdırmalar Mərkəzi (USGS) bildirir ki, dünyada emal edilən bismutun 80%-i Çində istehsal olunur. ABŞ isə 2013-cü ildən bəri bu metaldan heç bir istehsal həyata keçirməyib və tələbatının təxminən üçdə ikisini Asiyadan təmin edir.

Ölkənin gömrük məlumatlarına görə, Çinin bismut ixracı fevral ayında 458 tona qədər azalaraq ötən ilin aylıq ortalamasının yarısından da aşağı düşüb. "Fastmarkets Ltd." tərəfindən izlənən qlobal qiymətlər, Pekinin 4 fevralda qəbul etdiyi qərardan əvvəl funt üçün 6 dollar olduğu halda, bu həftə 35 dollara qədər yüksəlib.

Alternativ tədarük mənbələri axtarılır

"Fortune Minerals Ltd." şirkətinin baş direktoru Robin Qoad verdiyi müsahibədə bildirib ki, Çin öz ixrac məhdudiyyətləri ilə bazarda qeyri-sabitlik yaradır və müştəriləri alternativ mənbələrə yönəldir.

Bismut avtomobil örtüklərindən dərman preparatlarına, aşağı temperatur ərintilərinə qədər müxtəlif sahələrdə istifadə olunur. Hazırda bu metal Çinin ixrac üçün yüksək nəzarət tələb etdiyi materiallar siyahısına daxil edilib. Bu siyahıda volfram, molibden, indium və tellur kimi digər metallar da yer alır. Daha əvvəl ixrac məhdudiyyətlərinə məruz qalan antimonun qiyməti isə son bir ildə 300%-dən çox artıb.

Son həftələrdə Vaşinqton və Pekin arasında artan gərginlik Çinin kritik mineral istehsal edən şirkətlərinə olan marağı artırıb. "Zhuzhou Smelter Group Co." bu ay 24% dəyər qazanıb, Şanxay birjasında isə artım 2%-dən aşağı olub.

ABŞ daxili istehsalını artırmağa çalışır

USGS-ə görə, ABŞ-ın yeganə yerli bizmut mənbəyi, son beş ildə təchizatın yalnız 3%-10%-ni təşkil edən təkrar emal edilmiş ərintilərdir. Bizmut bəzi qurğuşun filizlərində mövcud olsa da, ABŞ-ın son birincil qurğuşun emalı zavodu on ildən çox əvvəl bağlanıb.

Çində yerli bismut külçələrinin qiyməti ixrac məhdudiyyətlərindən sonra iki dəfə bahalaşıb. "Mysteel Global" analitiki Çen Çiçiyə görə, bazardakı treyderlər materialı saxlayaraq qiymətlərin artmasına əlavə təzyiq göstərirlər.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->