İstilərin bu qızmar çağında Bakıda pomidorun qiyməti "od tutub yanır". Paytaxt bazarlarında kiloqramı 1,2-1,5 manata təklif olunan pomidor Xaçmazda, yerli əhali arasında "Eşşək bazarı” kimi tanınan topdansatış nöqtəsində cəmi 17 qəpiyə satılır. Buna baxmayaraq, sahibkarlar həm alıcı qıtlığından, həm də paytaxtda pomidorun kilosunun 1 manatdan yuxarı olmasından gileylənirlər.
Bəs Xaçmazdan Bakıya bir saatlıq yol qət edən pomidorun qiyməti niyə enmir?
İqtisadçı ekspert Vahid Məhərrəmli Qaynarinfo-ya açıqlamasında bütün bu vəziyyətdən həm istehsalçıların, həm də istehlakçıların əziyyət çəkdiyini deyib:
"İstehsalçı ona görə əziyyət çəkir ki, yetişdirdiyi məhsulu sərfəli qiymətə sata bilmir. Məcburiyyət qarşısında qalıb məhsulu aşağı qiymətə təklif edir. Hətta bu qiymətə də bazarda alıcı az olduğundan pomidor tələf olur. Ölkənin ən böyük bazarı Bakıdır. Statistikaya görə, Bakıda 5 milyondan çox əhali yaşayır. Yarıdan çoxu ona görə deyirəm ki, bir hissəsi də Rusiyadadır. Real qiymətdən iki dəfə yuxarı qiymətə, məsələn, 40-50 qəpiyə satıla biləcək pomidor sahədə qalır və tələf olur".
Ekspert hesab edir ki, problem nə istehsalçıda, nə istehlakçıda, nə də bazardadır:
"Problem istehsalçı, istehlakçı və bazar münasibətlərini tənzimləyəcək qurumlardadır. Aqrar İnkişaf mərkəzlərinin və Kənd Təsərrüfatı Nazirliyinin 1200 işçisi var. Bu qədər işçi nə ilə məşğuldur? İstehsalçı məhsulu yetişdirib bazara çıxarır, bazar da qiyməti müəyyən edir. Bəs nazirliyin işi nədən ibarətdir? Problem də elə buradan qaynaqlanır".
Vahid Məhərrəmli əlavə edib ki, Kənd Təsərrüfatı Nazirliyi istehsal olunan məhsulun istehlakçıya çatması üçün aradakı problemi həll etməlidir:
"Əsas problem böyük bazarlarda monopolistlərin olmasıdır. Xaçmazdan Bakıya daşınan məhsulu sata bilməyəndə problem yaranır. Ona görə ki, məhsulu hansı bazara çıxaracaqsan, harada satacaqsan? Bu qeyri-müəyyənliyi aradan qaldırmaq lazımdır. Dərhal Türkiyədə olduğu kimi, iki həftəlik 3-4 rayonda, daha çox əhali yaşayan ərazilərdə həmin məhsulun davamlı satışını təşkil etmək olar. Pomidor yeşikləri Xacmazda maşınlara yüklənilərək Bakıya gətiriləcək. Pomidor Bakıda Xaçmaza nisbətən 2-3 dəfə baha qiymətə satılacaq.
İqtisadçıya görə, bu həm fermerlərə, həm də istehlakçılara sərf edəcək:
"Uduzan olmayacaq. Sadəcə, öz işlərinin öhdəsindən gələ bilmirlər".
Bahar Rüstəmli
Şərhlər