"Marketlərin fəaliyyətində çox ciddi problemlər var. Onların heç birində Əmək Məcəlləsinə əməl edilmir”.
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli marketlər şəbəkələrində qadın kassirlərin fəhlə əvəzi işlədilməsi hallarını əks etdirən videogörüntünü şərh edərkən deyib. Ekspert marketlərdə iş qrafikinin pozulduğunu vurğulayıb:
"Marketlər həm müştərilərin, həm də işçilərin hüquqlarını pozur. İşçilər 8 saat işləməli olduğu halda, bəzən onları 9-12 saat işlədilirlər. Bu problemləri aradan qaldırmaq üçün ticarət mərkəzlərinin fəaliyyətinə dair hüquqi normativ aktlar qəbul edilməlidir. Bu, qanun və ya Nazirlər Kabinetinin qərarı şəklində də təsdiqlənə bilər. Dünyada bunun müxtəlif variantları mövcuddur”.
Akif Nəsirlinin sözlərinə görə, marketlərin fəaliyyətindən şikayət etmək asan deyil:
"Kiməsə şikayət edə bilərsən, məsələn, İqtisadiyyat Nazirliyinə və ya Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə. Amma konkret marketlərin fəaliyyətini tənzimləyən hüquqi normativ akt mövcud deyil. Məsələn, market müştərinin əlindəki sumkanı alır ki, guya oğurluq edə bilər. Bu, iki-üç nəfərin edə biləcəyi haldır. Amma marketlər bütün müştərilərə oğru kimi yanaşır. Bu isə alıcıya mənəvi basqıdır”.
Ekspert həmin normativ aktın hələ də qəbul olunmamasına təəssüfləndiyini bildirib:
"Ölkədə minlərlə market var, amma onların fəaliyyətini tənzimləyən hüquqi akt hələ də yoxdur. Bu qayda mütləq olmalıdır”.
Qeyd edək ki, sosial şəbəkələrdə yayılan videogörüntüdə kassir adı altında işə götürülən qadının fəhlə işi gördüyü əks olunub.
Bahar Rüstəmli
Şərhlər