Bakıda məşhur mədəniyyət evi restoran kimi fəaliyyət göstərir? (VİDEO)
XIX əsrdə Hacı Sultanəli tərəfindən təməli qoyulan məscid hazırda baxımsız vəziyyətdədir.
1885-ci ildə təməli qoyulan və 1889-cu ildə istifadəyə verilən məscid bu gün demək olar ki, xarabalığı xatırladır.
Şikayətçi Rəna Əliyeva Baku TV-yə bildirib ki, məscidin vəziyyəti uzun müddətdir dəyişməz qalır:
"Məscidin üzərindəki kitabələrdən biri oğurlanıb. Digərini isə qoruyub saxlamışam. Tələbimiz odur ki, məscid bərpa olunsun və insanlar burada ibadət edə bilsinlər".
Vətəndaşın digər şikayəti isə Sabunçu rayonunun Balaxanı qəsəbəsində yerləşən kitabxana və Mədəniyyət Evi ilə bağlıdır.
Rəna Əliyevanın sözlərinə görə, həmin bina 1910-cu ildə məktəb kimi istifadəyə verilib.
"Babama aid olan bu mülkiyyət əgər tədris ocağı kimi istifadə olunmayacaqsa və restoran kimi fəaliyyət göstərəcəksə, o halda bizə qaytarılmasını istəyirik", - deyə o qeyd edib.
Məsələ ilə bağlı Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib ki, Kürdəxanı qəsəbəsində yerləşən Hacı Sultanəli məscidinin investisiya layihələri çərçivəsində bərpası planlaşdırılır.
Vətəndaş Rəna Əliyevanın şikayətçi olduğu digər məsələ - Mirzə Ələkbər Sabir adına Mədəniyyət Evi və kitabxana ilə bağlı isə Mədəniyyət Nazirliyindən qeyd edilib ki, binanın mədəniyyət sarayına aid olan hissəsində heç bir kafe və ya restoran fəaliyyət göstərmir.
Qurum həmçinin vurğulayıb ki, yaxın ərazidə yerləşən ictimai iaşə obyektlərinin fəaliyyəti ilə bağlı məlumatları aidiyyəti qurumlardan əldə etmək mümkündür.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər