(Yazı "Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması" mövzusu üzrə hazırlanıb)
2019-cu ildə keçirilmiş əhalinin siyahıya alınmasına görə, əhalinin sayı (2023-cü il aprel ayının 1-i tarixinə-red) 10 138 585 nəfər təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsinin may ayına olan hesabatında qeyd olunub. Əhalinin 54.6 faizini şəhər, 45.4 faizini kənd sakinləri, 49.8 faizini kişilər, 50.2 faizini isə qadınlar təşkil edib.
Dövlət Statistika Komitəsi daha bir statistik göstərici də açıqlayıb. Bu statistikada ötən il doğuş (ölü doğuşla birlikdə) və abort etdirən qadınların sayı bəlli olub. Statistikya görə, 121 min doğuş (ölü doğuşla birlikdə), 58 min abort olunub.
2019-cu ildən 2023-cü ilə qədər Azərbaycanda əhalinin sayında artım cəmi 138 535 nəfər olub. Abortları da nəzərə alsaq, bu da ölkədə demoqrafik artımın zəif olduğunu göstərir.
Mütəxəssislər arasında isə fikir ayrılıqları yaşanır. Bəzi ekspertlər düşünür ki, ölkədə əhalinin sayındakı artım normaldır, digər şəxslər isə bunun zəif templə irəlilədiyini bildirirlər. Bu rəqəmləri təhlil edən ekspertlər fərqli nəticələrə gəliblər. Məsələn, gənclər arasında işsizliyin sayının artması, təhsillə bağlı gec evlənmələr, bəzi ailələrin çoxuşaqlı ailə modelindən bir və ya iki uşaqlı ailə modelinə keçməsi, gənclərin daha çox xarici ölkələrə meyl etməsi, evlilik məsuliyyətindən çəkinməkləri və s. demoqrafik artımın zəif olmasına təsir edən amillər hesab edilir.
Daha bir proqnoza görə, Azərbaycan əhalisinin sayı 2030-cu ildə 10 680 202, 2040-cı ildə 10 988 920, 2050-ci ildə 11 039 198 nəfər olacaq.
Bəs həqiqətənmi bu məsələlərin kökündə sadalanan
problemlər dayanır?
Qaynarinfo məsələni ictimai şəxslərlə müzakirə edib.
Milli Məclisin deputatı Vüqar Bayramov düşünür ki, təbii artımın həm də birbaşa iqtisadi inkişafla əlaqəsi var:
"Çünki təbii artım iqtisadi inkişafa təsir göstərən təbii faktorlardandır. Məhz, Azərbaycanda da təbii artımın növbəti illərdə də qorunub saxlanmasına ehtiyac var. Nəzərə alsaq ki, təbii artım innovasiya və digər iqtisadi prespektivlər baxımından vacibdir, Azərbaycan üçün təbii artımın qorunub saxlanılması növbəti dövrlərdə də öz aktuallığını saxlayacaq”.
Deputat qeyd edir ki, statistik rəqəmlərə görə, Azərbaycanda ikiuşaqlı ailələrin sayında artım qeydə alınıb:
"Son bir ildə bir və ya iki uşaqlı ailələrin sayının artmasını müşahidə etmişik. Hələlik Azərbaycan təbii artımı qoruyub saxlayan ölkələrdəndir. Çünki təbii artımın qorunub saxlanması həm də iqtisadi inkişafın dəstəklənməsi baxımından vacibdir. Dünyaya gələn vətəndaşlarımızın sayı, ölən vətəndaşlarımızın sayından çoxdur. Bu da təbii artımın qorunub saxlanmasına imkan verir. Növbəti dövrlərdə də təbii artımın qorunub saxlanması çox vacibdir”.
Hüquqşünas Əkrəm Həsənov isə qeyd edir ki, demoqrafiya sahəsində olan ekspertlərin fikrincə, Azərbaycanda tədricən təbii artım azalacaq və gələcəkdə hətta problemə də çevrilə bilər:
"Bəli, bu proses gedir. Bunun səbəbləri çoxdur. İlk səbəblərdən biri insanların daha gec ailə qurması, boşanmalar, az sayda uşağa sahib olmaq istəyidir. Bunlar əvvəllər Qərb ölkələrində trend idi, indi isə bizdə başlayan demoqrafik problemlenə çevrilib. İnsanlar mədəni psixoloji dəyişiklər nəticəsində ailə instituna əvvəlki kimi yanaşmırlar”.
Hüquqşünas bütün bunların sosial məsələlərlə bağlı olduğunu düşünmür:
"Çünki 90-cı illərin əvvəllərində insanların gəliri bundan aşağı olsa da, demoqrafik artım müşahidə edilirdi. Bu, düşüncə tərzi ilə bağlıdır. İndi insanlar daha çox "beş günlük dünyadır, özümüzə gün ağlayaq, uşaq, ailə boş şeydir”, ya da "az uşaq olsun” prinsipi ilə yaşayırlar. Burada qadınların da rolu böyükdür. Çox uşaq dünyaya gətirmək istəmirlər. Ən əsas boşanmalar rol oynayır. İnsanlar əvvəllər evlənəndə düşünürdülər bu evlilik çox çəkəcək, əbədi olacaq. İndi isə o fikirlər dəyişib”.
Deputat Məlahət İbrahimqızı isə əhalinin sayının az olması ilə razılaşmır, lakin Azərbaycanda bu məsələ ilə bağlı qarşıdakı illər üçün bir az qayğılanmaq lazım olduğunu da deyir:
"Bu dünyada yeni bir tendensiya deyil, dünya ölkələrinin əksəriyyətində (inkişaf etmiş və etməkdə olan ölkələr-red) əhalinin artımı ya mənfi dərəcədədir, yəni demoqrafiya da artım olmur, ya da sabit qalır. Sözsüz ki, istəyərdik Azərbaycanda daha çox artım olsun, amma bu inkişaf etmiş ölkələrdə zəif olur. Məsələn, ABŞ-da əhali artımı miqrantların hesabına baş verir. Eləcə də Avropada. Avropanın yerli əhalisinin sayında nəinki artım var, əksinə, orada ölüm doğumdan daha çoxdur. Avropa qaçqınların hesabına artım olmasa da, rəqəmləri sabit saxlaya bilir”.
Deputat düşünür ki, bizdə əsas olan Azərbaycan xalqının öz artımıdır:
"Yəni miqrantlar hesabına süni artımı yoxdur. Qonşu ölkələrə baxaq. Ermənistanda tamamilə əhalisizləşmə gedir. Orada nəinki ölüm doğuşu üstələyir, eyni zamanda, əhali ölkəni tərk edir. Yalnız inkişaf etməmiş ölkələrdə artım çoxuşaqlı ailələr hesabına çox olur”.
Psixoloq Elnur Rüstəmov isə bildirir ki, statistikaya baxsaq, artım olduğunu müşahidə etməyəcəyik:
"Hətta proqnozlar da onu göstərir ki, ailələrdə uşaq sayı azalır, demoqrafik problem yarana bilər. Bu da öz növbəsində bir çox sosial iqtisadi problemlərin yaranmasına gətirib çıxarar. Burada sosial iqtisadi problemlər də var ki, mütəxəssislər bu istiqamətdə işlər aparır”.
Psixoloq deyir ki, çağdaş ailə modelinə nəzər salsaq, uşağın olmasını, uşaq tərbiyəsinin əvvəlki illərlə müqayisədə fərqli formada hazırlandığını görərik.
"Əgər əvvəlki ailə modelində uşaq ailə üçün həm də iqtisadi fayda idisə, bu gün isə uşaq ailə üçün həm də iqtisadi yükdür. Çünki uşağın tərbiyəsi prosesində hər tərəfli yanaşma tələb olunur. Hər tərəfli yanaşma da məsrəfdir, bunu da çox ailə qarşılaya bilmir. Onlar buna görə də ailədə uşaq sayının az olmasına fokslanırlar. Uşaq sayı az olsun, lakin ona həm yaxşı təhsil, həm yaxşı tərbiyə versinlər. Belə olduğu halda valideynlərin uşaqlardan gözləntisi artır ki, bu da başqa bir məsələdir”.
Psixoloq əlavə edir ki, əvvəllər insanlar ailə quraq, uşaq olsun düşünürdü, bu gün isə ailə quraq, xoşbəxt olaq, xoşbəxt olarıqsa, uşaq da olar düşüncəsi ilə yaşayır:
"Əvvəl qurulan ailələrdə uşağın tez dünyaya gəlməsi prioritet idisə, indi 3 ildən, 5 ildən sonra uşaq dünyaya gəlir. Bu da müasir ailə modelində fərqli yanaşmanı göstərir”.
Elnur Rüstəmov qeyd edib ki, ailələrdə uşaq sayının azalmaması üçün müxtəlif təşviqedici tədbirlər görülməlidir:
"Müəyyən güzəştlər olmalıdır. Yoxsa, demoqrafik inkişafdan geri qala bilərik. Digər tərəfdən, boşanmalara səbəb olan faktorlar uşaq sayının azalmasına gətirib çıxarır”.
Sosioloq Əhməd Qəşəmoğlu isə deyir ki, Azərbaycanda artım bu templə davam etsə, bəzi Avropa ölkələrində olduğu kimi mənfi indekslə davam edəcək:
"Bu da o deməkdir ki, növbəti illərdə əhalinin sayı azala bilər”.
Sosioloq qeyd edir ki, ölkədə əhali azalanda bir çox xoşagəlməz hadisələr baş verir:
"Azalma ona görə baş verir ki, doğum azalır, az uşaq doğulur. Bu zaman bir çox fəsadlar yaranır. Məsələn, ölkədə yaşlı adamların sayı artır, əhalinini qocalması baş verir, gənclər azalır. Dünyada baş verən qloballaşma proseslərinə görə, gənclərin bir hissəsi, xüsusi ilə oğlanlar məktəbi bitirən kimi ölkədən gedir. Bu zaman isə gənclərin sayı daha da azalır. Bunun da nəticəsində biz mütəxəssislər hazırlaya bilmirik. Yeni dövrün tələbinə uyğun yeni mütəxəssislər hazırlanmalıdır, yaşlı nəsil yeni dövrün tələbinə uyğun şəkildə fəaliyyət göstərə bilmir. Digər tərəfdən vergi ödəyiciləri azalır. İnsanlar işləmir, buna görə vergi ödəmir. Vergi verənlər də az olursa, ölkədə digər sosial problemlər yaranır”.
Əhməd Qəşəmoğlu bildirir ki, ən qorxulu hal isə etnik dəyişmədir:
"İnsanlar ölkəni dəyişəndə öz mənzillərini bir çoxu xarici vətəndaşlara satır. Bu zaman etnik dəyişmə baş verir ki, bunun da fəsadları başqa olur. Ümumiyyətlə, ölkənin gələcəyi üçün təhlükə yaranır. Bu dünyanın bir çox ölkəsində belədir və Azərbaycan üçün də belə təhlükə ola bilər”.
Sosioloq deyir ki, ailə qurmayan və ya ailə qurub uşaqları olmayan ailələr də var və buna görə də bir-iki uşaq doğulanda əhali azalır:
"Hər ailədə ən azı 3 uşaq olmalıdır. Buna da dövlət kömək etməlidir. Çünki bu uşaqlar həm də dövlətin uşağıdır. Məsələn, gənclərin sayı azalanda əsgərlərimizin sayı da azalacaq. Bütün bunlar ciddi məsələlərdir, dərindən təhlil olunmalı, xüsusi konsepsiyalar hazırlanmalıdır”.
Günay İlqarqızı
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.
Şərhlər