Xəbər lenti

Azərbaycana gələn turistlərin sayına təsir edən səbəblər... - Ekspert açıqladı
Ekonomiks 17:55 24.03.2025

Azərbaycana gələn turistlərin sayına təsir edən səbəblər... - Ekspert açıqladı

"Ötən ilin müvafiq dövrü ilə müqayisədə İsrail, Tacikistan, Çin, İspaniya, İordaniya, Hindistan, Qırğızıstan, Qazaxıstan, Pakistan, Misir, ABŞ və Niderlanddan Azərbaycana gələn turustlərinin sayının artması bəzi ölkələrə viza rejiminin ləğv edilməsi, yaxud da asanlaşdırılması ilə bağlıdır. Çünki Çin, Hindistan və s. birbaşa hava nəqliyyatı ilə əlaqədardır. Çin vətəndaşları üçün vizanın aradan qaldırılması turist artımına səbəb olub”.

Bunu Qaynarinfo-ya açıqlamasında turizm eksperti Ceyhun Aşurov 2025-ci ilin iki ayı ərzində Azərbaycana bəzi regionlardan gələn turistlərin sayında azalmanın səbəblərindən danışarkən deyib.
 
Ekspert körfəz ölkələrindən gələn turistlərin sayının azalmasının səbəbinin onların fərqli bazarlara yönəlməsi ilə əlaqədar olduğunu hesab edir:

"Bəzi regionlar turistləri öz ölkələrinə cəlb etmək üçün müxtəlif kampaniyalar həyata keçirirlər. Bu ilin iki ayında Körfəz ölkələrindən Azərbaycana gələn turistlərin sayında azalma müşahidə olunub. Həmin turistlərin bəziləri Azərbaycana bir dəfə gəlsə də, bəziləri artıq bir neçə dəfə gəlib. Körfəz ölkələrinin turistləri dünyanın müxtəlif regionlarına səfər edir. Pandemiyadan sonrakı dövrdə Avropa İttifaqı bir az qapalı idi, viza rejimi asan deyildi”. 



Ekspert artıq dünyanın bütün ölkələrində turizmin tamamilə bərpa olunduğunu və heç bir məhdudiyyətin olmadığını vurğulayıb:

"Hətta mən deyərdim ki, qlobal tendensiyanı nəzərə alsaq, ümumi götürəndə turizm xərcləri azalıb. Məsələn, 2021-2022-ci ildə adam başına düşən turizm xərcləri təxminən 1500 dollar idisə, bu gün həmin rəqəm 1000-1100 dolara düşüb. Çünkü müəyyən məhdudiyyətlərlə bağlı xərclərlə yanaşı, dünyada baş verən proseslər qiymətlərə müsbət təsir edib. Hətta ötən ilin nəticələrinə görə, səyahət edən turistlərin sayı demək olar ki, 2019-cu ilin səviyyəsində olub. Ümumi turizmdən gələn gəlir də 2019-cu il səviyyəsini bir az da üstələyib. Dünya ölkələri daha çox açıq olduqca, məhdudiyyətlər azaldıqca həmin regionlara turustlərin axını daha çoxalır”. 

Ekspertin sözlərinə görə, MDB ölkələrindən Azərbaycana gələn turistlərin sayı hər zaman çox olub:

"Xüsusən də qonşu dövlətlərdən. Azərbaycanda quru sərhədlərin bağlı olması turist axınına təsir edir”. 

Qeyd edək ki, 2025-ci ilin iki ayı ərzində Azərbaycana gələn turustlərin statistikası açıqlanıb. Həmin statistikaya görə, bu ilin iki ayında Azərbaycana gələn turistlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0.7 faiz azalaraq 338 min 600 nəfər olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə İsraildən gələnlərin sayı 3,9 dəfə, Tacikistandan - 1,9 dəfə, Çindən - 1,8 dəfə, İspaniyadan - 1,7 dəfə, İordaniyadan - 44,6 faiz, Hindistandan - 44,0 faiz, Qırğızıstandan - 25,7 faiz, Qazaxıstandan - 21,0 faiz, Pakistandan - 19,6 faiz, Misirdən - 18,9 faiz, ABŞ-dan - 17,4 faiz, Niderlanddan - 16,5 faiz artsa da, Avropa İttifaqından gələnlərin sayı 1,6 faiz, körfəz ölkələrindən gələnlərin sayı 9,9 faiz, MDB dövlətlərindən gələnlərin sayı 9,2 faiz azalıb.

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->