Avropada yaşamaq və işləmək üçün ən komfortlu ölkələrin siyahısı açıqlanıb. Reytinqə İsveçrə, Danimarka və Lixtenşteyn başçılıq edir.
Qayanrinfo xəbər verir ki, bu barədə "Rankingroyals” nəşri yazır.
İsveçrə siyahıda birinci yeri tutaraq Avropada həyat keyfiyyətinin etalonu statusunu təsdiqləyib. Ölkədə birbaşa demokratiya sistemi mövcuddur və vətəndaşlar ildə bir neçə dəfə qanunlara səs verirlər. İş həftəsi orta hesabla 42 saatdır, ödənişli məzuniyyət isə 4–6 həftə arasında dəyişir.
Bir nəfər üçün aylıq xərclər (kirayə daxil) orta hesabla 3–3,5 min İsveçrə frankı (3,2–3,7 min dollar) təşkil edir. Sürix və ya Cenevrənin mərkəzində bir otaqlı mənzilin kirayəsi 1,5–2 min frankdır. İcbari tibbi sığorta isə aylıq 300–500 frank arasında dəyişir.
Ərzaq xərcləri aylıq təxminən 600–900 frankdır. Kafe və restoranlarda bir yemək 25–35 frank, espresso isə 4–5 frankdır. İctimai nəqliyyatda aylıq abonement 70–85 frank civarındadır.
İkinci yerdə Danimarka qərarlaşıb. Ölkə universal səhiyyə sistemi, pulsuz təhsil və ailələrə geniş sosial dəstək ilə tanınır. Bir nəfər üçün aylıq xərclər təxminən 15 500 Danimarka kronu (2 320 dollar), dörd nəfərlik ailə üçün isə 43 000 kron (6 350 dollar) təşkil edir. Orta maaş isə 50 000 kronu (6,9 min dollar) keçir ki, bu da əsas xərclərdən xeyli yüksəkdir.
Üçüncü yer Lixtenşteynə verilib. Cəmi 38 min əhalisi olan kiçik ölkə Avropanın ən varlı və eyni zamanda ən bahalı yaşayış məkanlarından biridir.
Aylıq xərclər 2,5–2,8 min dollar civarındadır. Bir otaqlı mənzil kirayəsi 1,5–2,5 min frank, qida xərcləri isə 1,2 min frankadəkdir. Orta maaş 7 min frankdan başlayır, yüksək ixtisaslı mütəxəssislər isə 10–15 min frank qazana bilirlər.
Dördüncü yerdə İrlandiya qərarlaşıb. Burada əsas problem mənzil böhranı və yüksək kirayə qiymətləridir. Dublində bir nəfərin aylıq xərcləri 2,9–3,5 min avro arasındadır.
TOP-5-i isə Avropanın ən varlı ölkələrindən biri olan Lüksemburq tamamlayır. Burada aylıq xərclər 4,3 min avronu keçir, orta maaş isə 7 min avrodan yuxarıdır.
Qeyd olunur ki, son illərdə iqtisadi çətinliklərə baxmayaraq, Avropa ölkələri dünya reytinqlərində yenidən ön sıraya çıxır. 2026-cı ildə ən varlı ölkə kimi Norveç göstərilib. Əvvəllər də müxtəlif reytinqlərdə Lüksemburq dünyanın ən zəngin ölkələrindən biri kimi qeyd olunub.
Aydın
Şərhlər