"Dəmir yollarının açılması quru sərhədlərin açılmasının ilk mərhələsi kimi qiymətləndirilə bilər".
Bunu iqtisadçı Natiq Cəfərli Qaynarinfo-ya açıqlamasında deyib.
Ekspert hesab edir ki, Azərbaycanda quru sərhədlərin açılması üçün artıq münasib vaxt yetişib və dəmir yolu əlaqələrinin bərpası bu istiqamətdə mühüm addım sayıla bilər:
"Azərbaycanda quru sərhədlərin açılmasının zamanı çoxdan yetişib. Azərbaycan kifayət qədər güclü və beynəlxalq iqtisadi münasibətlərin mərkəzində olan dövlətdir. Ona görə də quru sərhədlərin açılması çox vacibdir".
Natiq Cəfərlinin sözlərinə görə, sərhədlərin açılması xüsusilə turizm sektorunun inkişafına ciddi təkan verə bilər. Ekspert düşünür ki, region ölkələri ilə nəqliyyat əlaqələrinin genişlənməsi həm turist axınına, həm də iqtisadi aktivliyə müsbət təsir göstərəcək.
Bakı-Tiflis-Bakı marşrutu üzrə sərnişin qatarlarında tətbiq olunacaq qiymətlərlə bağlı danışan iqtisadçı bildirib ki, tariflər vaqon növlərinə uyğun müəyyənləşdiriləcək:
"Bilirsiniz, qatarlarda müxtəlif növ vaqonlar olur. Çox güman ki, qiymətlər də buna uyğun təyin ediləcək. Aydın məsələdir ki, biletlər aviauçuşlarla müqayisədə xeyli ucuz olacaq".
Qeyd edək ki, Bakıda Azərbaycan Prezidenti İlham Əliyev və İrakli Kobaxidze arasında keçirilən görüş çərçivəsində iqtisadiyyat, enerji və nəqliyyat sahələrində əməkdaşlığın genişləndirilməsinə dair bir sıra sənədlər imzalanıb. Razılaşmaya əsasən, Bakı-Tiflis-Qars dəmir yolu xətti üzrə Bakı–Tiflis–Bakı marşrutunda gündəlik sərnişin qatarlarının fəaliyyəti 26 may tarixindən etibarən bərpa olunur.
Bahar Rüstəmli
Şərhlər