Ukraynadakı müharibə və Avropanın ABŞ-dan asılılığa son qoymaq cəhdləri müdafiə texnologiyaları sahəsində fəaliyyət göstərən bir çox Avropa startapının sürətlə inkişaf etməsinə səbəb olub.
Qaynarinfo "Financial Times”a istinadla xəbər verir ki, NATO-nun İnnovasiya Fondu və Dealroom tədqiqat qrupunun məlumatına görə, müdafiə və əlaqəli texnologiyalar sahəsində çalışan Avropa startaplarına yatırımlar 2024-cü ildə 24% artaraq 5,2 milyard dollara
çatıb.
Məsələn, kəşfiyyat məqsədli pilotsuz uçuş aparatları istehsal edən iki Avropa şirkəti — Quantum Systems və Tekever — yüz milyonlarla avro investisiya alıb və artıq hər biri 1 milyard avrodan çox qiymətləndirilir.
Münhendə yerləşən Quantum Systems Balderton Capital-ın rəhbərliyi ilə 160 milyon avro cəlb edib. Bu, London mərkəzli vençur firmasının müdafiə texnologiyalarına etdiyi ilk investisiyadır. Layihəyə həmçinin Almaniyanın Hensoldt və Airbus Defence and Space şirkətləri də strateji sponsor kimi qatılıb. Palantir şirkətinin həmtəsisçisi olan amerikalı vençur kapitalisti Piter Til də investorlar sırasındadır. Bu investisiya Quantum-un bazar qiymətini 1 milyard avrodan çox edib.
Quantum Systems-in həmtəsisçisi Florian Seybel deyib: "Məqsəd – döyüş meydanını şəffaf etmək və cəbhə xəttinin hər hissəsində real vaxt rejimində hava kəşfiyyatına sahib olmaqdır. Haraya atəş açmaq lazım olduğunu bilirsinizsə, atəş aça bilərsiniz. Bu səbəbdən səmada gözləriniz olmalıdır”.
2001-ci ildə Portuqaliyada qurulan Tekever şirkəti isə hazırkı investorlarından on milyonlarla avro investisiya cəlb edib. Şirkətin baş direktoru Rikardo Mendeş FT-yə bildirib ki, Tekever-in yeni qiymətləndirilməsi "1 milyard funt sterlinqdən çoxdur”.
Mendeş qeyd edib ki, Ukrayna müharibəsi Avropadakı bütün hökumətlərə bu sahədə istifadə olunan texnologiyaların mahiyyətinin dəyişdiyini göstərdi. Tekever-in istehsal gücü artan tələbat səbəbindən hər il "iki dəfədən çox” artır. Şirkət 2025-ci il üçün 200-dən çox sistem istehsal etməyi planlaşdırır. Onun sözlərinə görə, əsas problemlərdən biri sənayenin nə qədər sürətlə genişlənə bilməsi ilə bağlıdır.
Tekever — Birləşmiş Krallıqda da fəaliyyət göstərən — süni intellektlə dəstəklənən pilotsuz uçuş aparatları istehsal edir. Onun AR3 və AR5 modelləri Ukraynada geniş şəkildə istifadə olunur və real vaxt kəşfiyyat məlumatı əsasında dəqiq zərbələr endirməyə imkan verir. Şirkətin digər müştəriləri arasında Avropa Dəniz Təhlükəsizliyi Agentliyi və Britaniya Daxili İşlər Nazirliyi də var.
Bundan əvvəl "The Times” yazmışdı ki, Böyük Britaniya ABŞ-a kritik silah asılılığından qurtulmaq niyyətindədir. Belə ki, ölkədə 155 millimetrlik artilleriya mərmilərində istifadə olunan RDX partlayıcısını istehsal etmək üçün konteyner zavodları tikiləcək.
Eyni zamanda bildirilirdi ki, Rusiyayla gələcək qarşıdurmaya hazırlıq görən Britaniya ordusu dronlarla döyüş hazırlığında gözlənilməz problemlə qarşılaşıb. Müdafiə Nazirliyinin sərt təhlükəsizlik qaydalarına görə əsgərlərə yoldaşlarının üzərində dron uçurtmaq və siqnal pozucu avadanlıqdan istifadə etmək qadağandır.
Alpər
Şərhlər