Arxeoloqlar 2300 illik qızıl üzük tapdı - Xüsusi ritual zamanı basdırılıb
İsraildə aparılan qazıntılar zamanı alimlər qədim Yunan (ellinistik) dövrünə aid – təxminən 2300 il əvvəl düzəldilmiş qızıl üzük aşkar ediblər.
Qaynarinfo xəbər verir ki, "Live Science" nəşrinin yazdığına görə, bu üzük böyük ehtimalla gənc bir qızın uşaqlıqdan böyüklüyə keçidi zamanı keçirilən ritualların bir hissəsi kimi torpağa basdırılıb.
Üzük Qüdsdə, Qüds Divarları Milli Parkının ərazisində yerləşən Davud şəhərində tapılıb. Alimlər hesab edirlər ki, üzük ellinistik dövrün əvvəllərinə aiddir və bu, son bir il ərzində həmin ərazidə tapılmış ikinci belə tapıntıdır.
İsrail Antik Əşyalar İdarəsi (IAA) və Təl-Əviv Universitetinin birgə bəyanatında deyilir: "İndi tapılan bu zinət əşyasının həmin dövrə xas olan bir adət – uşaqlıqdan yetkinliyə keçidin simvolik qeyd olunması – çərçivəsində basdırıldığı ehtimal olunur".
Arxeoloq Rivka Lenqler bildirib ki, üzük tamamilə təsadüfən – torpağın ələkdən keçirilməsi zamanı aşkar edilib: "Əməkdaşım Ben torpağı ələyərkən üzüyü tapdı. Əvvəlcə onun müasir və kiminsə itirdiyi bir zinət əşyası olduğunu düşündük. Amma mən üzüyə baxan kimi onun qədim dövrə aid olduğunu anladım".
Tədqiqatçılar qeyd edirlər ki, üzük, ehtimal ki, qranat daşlıdır və ellinistik dövrdə – eramızdan əvvəl III əsrin sonu – II əsrin əvvəlinə aid arxeoloji qatın içində tapılıb. Həmin dövr Qüdsdə İkinci Məbəd dövrünə təsadüf edir (e.ə. 516 – e. 70-ci il).
Üzüyün böyük bir tikilinin təməlində tapılması həmin binanın sakinlərinin varlı olduğunu göstərir. Bu ərazidə tapılan digər zinət əşyaları – bürünc sırğalar, qızıldan hazırlanmış heyvan fiqurları və muncuqlar – sübut edir ki, bura ritual məqsədlə istifadə olunmuş ola bilər.
İAA-nın tədqiqatçısı Merion Zindel qeyd edir: "İki qızıl üzüyün və digər bəzək əşyalarının binanın döşəməsi altından çıxarılması onların qəsdən basdırıldığı ehtimalını gücləndirir. Bu cür əşyalar yetkinlik yaşına çatmış qızlar tərəfindən uşaq vaxtlarına aid əşyalarla birgə basdırılırdı".
Bundan əlavə, üzükdəki qırmızı qiymətli daş həmin dövrdəki dəb tendensiyalarına tam uyğundur. Qızıl və rəngli daşların birləşməsi Hindistan və Fars kimi Şərq ölkələrinin modasına əsaslanırdı. Bu təsirlər Makedoniyalı İsgəndərin yürüşləri və yeni ticarət yollarının açılması ilə mümkün olmuşdu.
Qeyd edək ki, bu, İsraildə Makedoniyalı İsgəndərlə əlaqələndirilən yeganə tapıntı deyil. 2023-cü ildə arxeoloqlar Yunan qadınına – ehtimal ki, bir hərbi düşərgə müşayiətçisinə aid məzarı və zəngin bəzədilmiş bürünc güzgü ilə dəfnini aşkar etdiklərini bildirmişdilər.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər