Xəbər lenti

Aİ-də Budapeşti səsvermə hüququndan məhrum etmək heç nəyi dəyişmir (ŞƏRH)
Dünya 17:09 23.05.2025

Aİ-də Budapeşti səsvermə hüququndan məhrum etmək heç nəyi dəyişmir (ŞƏRH)

"Macarıstanın Orban hökuməti heç zaman öz prinsiplərindən əl çəkməyəcək. Bu mənada Avropa İttifaqında Budapeşti səsvermə hüququndan məhrum etmək prosedurunun perspektivi yoxdur".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Yusif Bağırzadə Aİ-nin Macarıstanı səsvermə hüququndan məhrum etmək niyyətini şərh edərkən deyib. 

Həmsöhbətimiz bildirir ki, Avropa İttifaqına üzv ölkələr tərəfindən hər hansı bir məsələyə münasibət bildirilməsi konsensusla həyata keçirilir:

"Zaman-zaman Slovakiya və ya Macarıstanın Aİ-nin Ukraynaya yardımla əlaqədar məsələlərə münasibətdə veto hüququndan istifadə etməsi qurumun əksər ölkələrinin xoşuna gəlməyib. Ancaq buna baxmayaraq, Aİ-nin hər hansı bir ölkənin qurumdan xaric olması və yaxud onun səs hüququndan məhrum edilməsilə bağlı proseduru yoxdur. Ona görə Aİ mayın 27-dəki tədbirində Macarıstanın səsvermə hüququndan məhrum edilməsi prosedurunu hansı qanuna söykənərək davam etdirəcəkləri barədə faktiki olaraq dəqiq hüquqi baza yoxdur. Belədə Orban hökumətinin tutduğu mövqedən əl çəkəcəyi gözlənilmir".
 


Ekspertin fikrincə, yalnız Aİ öz prosedurlarını Tramp adminstrasiyası razılaşdırdığı təqdirdə, Orban hökuməti öz siyasətini qurumun mövqeyilə uyğunlaşdıracaq: 

"Hazırda isə ABŞ-la Aİ arasındakı münasibətlər hamar deyil. Aİ hətta Ukraynaya yardım və Rusiyaya sanksiyalar tətbiq etmə prosedurunu belə ABŞ-la razılaşdırır. Bu səbəbdən yalnız ABŞ bu prosedura razılıq verəcəyi təqdirdə, Slovakiya ilə Macarıstan kimi üzvlər Aİ-nin mövqeyinə uyğun mövqe tutacaqlar. Əks halda isə Macarıstan özünün hazırkı mövqeyində qalmaqda davam edəcək".

Qeyd edək ki, Avropa İttifaqı Şurası mayın 27-də Avropa İttifaqı haqqında Müqavilənin 7-ci maddəsinə uyğun olaraq Macarıstanın Birlikdə səsvermə hüququndan məhrum edilməsi məsələsinə dair dinləmələr keçirəcək. Bildirilir ki, Nazirlər Avropa Parlamentinin təşəbbüsü ilə 7-ci maddə proseduru çərçivəsində Macarıstan üzrə səkkizinci dinləməni keçirəcəklər.

Avropa İttifaqı haqqında Müqavilənin 7-ci maddəsi ümumi dəyərlərə zidd hərəkətlərlə əlaqədar Birlik dövlətlərinin müəyyən hüquqlarının, o cümlədən ölkənin Aİ Şurasındakı nümayəndəsinin səsvermə hüququnun dayandırılmasının mümkünlüyünü nəzərdə tutur.

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->