Xəbər lenti

Ərdoğanın yeni konstitusiya mesajı nə vəd edir? (ŞƏRH)
Siyasət 15:12 14.05.2026

Ərdoğanın yeni konstitusiya mesajı nə vəd edir? (ŞƏRH)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ədliyyə Günü münasibətilə çıxışı ölkənin siyasi gündəminə konstitusiya müzakirələrini yenidən qaytarıb. Onun yeni konstitusiyanın qəbulunun vacibliyini vurğulaması həm hüquqi islahat çağırışı, həm də Türkiyənin gələcək siyasi inkişaf istiqamətinə dair mühüm siqnal kimi dəyərləndirilir. Məlumatlara görə, 2023-cü il seçkiləri öncəsi həm hakimiyyət, həm də müxalifət tərəfindən gündəmə gətirilən konstitusiya islahatı sonradan siyasi və iqtisadi prioritetlərin dəyişməsi fonunda arxa plana keçmişdi. İndi isə bu mövzunun yenidən aktuallaşması Ankaranın uzunmüddətli dövlət idarəçiliyi modelinə fokuslanmaq istəyi ilə izah olunur.

Ekspertlər hesab edirlər ki, məsələ təkcə hüquqi dəyişiklik deyil, Türkiyədə prezident idarəetmə sisteminin institusional olaraq möhkəmləndirilməsi və 1982-ci il Konstitusiyasından miras qalan siyasi modelin yenilənməsi ilə bağlıdır. Eyni zamanda bu təşəbbüs ölkənin hərbi müdaxilələr dövründən uzaqlaşma prosesinin davamı kimi də qiymətləndirilir.

Məhz bu kontekstdə Ərdoğanın çıxışı konstitusiya islahatının nə dərəcədə mümkün olduğu, siyasi tərəflər arasında kompromis imkanları və ölkənin gələcək idarəçilik modelinin hansı istiqamətə yönələcəyi ilə bağlı sualları yenidən gündəmə gətirib. Bu sualların cavabı Türkiyənin növbəti siyasi mərhələsinin konturlarını müəyyən edə bilər.

Məsələ ilə bağlı Qaynarinfo-ya açıqlama verən siyasi şərhçi Azər Hüseynov bildirib ki, Ərdoğanın konstitusiya islahatlarını yenidən gündəmə gətirməsinin bir neçə əsas səbəbi var:
 


"İlk növbədə, Rəcəb Tayyib Ərdoğan və hakim AKP hesab edir ki, Türkiyənin hazırkı konstitusiyası əvvəlki siyasi dövrün məhsuludur və müasir geosiyasi reallıqlara tam uyğun gəlmir. Xüsusilə 1980-ci il hərbi çevrilişindən sonra formalaşmış hüquqi-siyasi yanaşma dövlətin təhlükəsizlik mərkəzli idarəçilik modelini ön plana çıxarmışdı. Mövcud hakimiyyət isə bunu Türkiyənin regional və qlobal güc iddiaları ilə ziddiyyət təşkil edən bir miras kimi qiymətləndirir".

Ekspertin fikrincə, hakimiyyət dairələrinin yanaşmasına görə, Türkiyə artıq yalnız regional dövlət deyil, daha geniş təsir imkanlarına malik aktora çevrilmək istəyir. Bu baxımdan dövlət institutlarının, idarəetmə mexanizmlərinin və siyasi sistemin yeni strateji məqsədlərə uyğunlaşdırılması zəruri sayılır:

"Xüsusilə müdafiə sənayesi, enerji marşrutları, xarici  siyasət və hərbi-strateji layihələr bu düşüncənin əsas sütunlarını təşkil edir. Türkiyənin son illərdə pilotsuz uçuş aparatları, raket sistemləri və milli hərbi texnologiyalar sahəsində əldə etdiyi uğurlar "strateji müstəqillik” xəttinin nəticəsi kimi təqdim olunur. Digər mühüm məsələ isə siyasi hakimiyyətin davamlılığıdır. İqtidar hesab edir ki, başladığı uzunmüddətli layihələrin tamamlanması üçün siyasi sabitlik və idarəetmədə davamlılıq qorunmalıdır. Buraya yalnız iqtisadi və hərbi proqramlar deyil, "Mavi  Vətən” kimi geosiyasi konsepsiyalar da daxildir. Bu yanaşma Türkiyənin Aralıq, Egey və Qara dənizdə təsir imkanlarını genişləndirməyə yönəlmiş strateji xətt kimi təqdim olunur. Bununla yanaşı, yeni konstitusiyanın yalnız hüquqi sənəd deyil, həm də yeni siyasi kimlik formalaşdırmalı olduğu fikri də ön plana çıxır. Burada "milli birlik”, "güclü dövlət” və "müstəqil xarici siyasət” kimi anlayışlar əsas yer tutur. Müxalifət isə bu prosesi daha çox hakimiyyətin səlahiyyətlərini gücləndirmə təşəbbüsü kimi qiymətləndirir”.
 


"Türkiyədə yeni konstitusiya təşəbbüsü prezident idarəetmə modelini daha da gücləndirə bilərmi” sualına cavab verən Azər Hüseynov qeyd edib ki, bu məsələ təkcə hüquqi sistemlə izah olunmur:

"Prezident üsul-idarəsinin dayanıqlılığı yalnız konstitusiya  normalarından deyil, həm də lider faktorundan asılıdır. Türkiyə siyasi sistemində Ərdoğan faktoru bu baxımdan xüsusi yer tutur. Sistem bir tərəfdən hüquqi mexanizmlərlə, digər tərəfdən isə siyasi liderin cəmiyyət üzərindəki təsir gücü ilə formalaşır. Əgər yeni konstitusiya geniş ictimai konsensus görüntüsü yarada bilsə, bu, həm daxili sabitliyi gücləndirə, həm də dövlət institutlarının legitimliyini artıra bilər”. 

Siyasət şöbəsi
--> -->