Xəbər lenti

Almaniyanın üç deputatı Putinin ad günü mərasimində göründü
Dünya 11:11 09.10.2025

Almaniyanın üç deputatı Putinin ad günü mərasimində göründü

Saksoniya-Anhalt əyalət parlamentinin ultrasağçı "Almaniya üçün Alternativ” (AfD) partiyasından olan üç deputatı Berlindəki Rusiya səfirliyində keçirilən, Vladimir Putinin ad gününə həsr olunmuş qapalı mərasimdə iştirak ediblər.

Qaynarinfo MDR-ə istinadla xəbər verir ki, tədbir daha əvvəl konstitusiyaya zidd materialların yayılmasına görə qadağan edilmiş Rusiyapərəst ultrasağçı "Compact” jurnalının təşkilatçılığı ilə baş tutub.
 
Jurnalın baş redaktoru Yurgen Elzess¬er mərasimdə Putini "dövlət xadimi və vətənpərvər” adlandıraraq onun "Qərbin sol yönlü dəyərlərinə qarşı həqiqi Qərb dəyərlərini müdafiə etdiyini” bildirib və ona "uzun ömür” arzulayıb.

Qonaqlar arasında AfD deputatları – Hans-Tomas Tilşnayder, Florian Şreder və Frank Otto Lizurek də müşahidə olunub. Xüsusilə Tilşnayder 2022-ci ildə işğal olunmuş Ukraynanın şərqinə qalmaqallı səfəri və Rusiyapərəst bəyanatları ilə artıq tanınır.

AfD-nin Saksoniya-Anhaltdakı fraksiyasının həmsədri Oliver Kirxner həmkarlarının tədbirdə iştirakından xəbərdar olduğunu təsdiqləyib, baxmayaraq ki, özü dəvət edilməyib. Onun sözlərinə görə, "deputatlar bütün tərəflərlə ünsiyyət qurmalıdırlar”.

Siyasi rəqiblər bu hadisəni AfD-nin Rusiyapərəst meyllərinin növbəti sübutu kimi qiymətləndiriblər. Xristian-Demokrat İttifaqının (XDU) fraksiya rəhbəri Qido Xoyer bəyan edib ki, "Almaniya üçün Alternativ” partiyasının bir hissəsi "azad demokratik prinsiplərlə əlaqəsini itirib”. Liberal FDP nümayəndəsi Andreas Zilbersak isə partiyanı seçim etməyə çağırıb: "Onlar kiminlə yatağa girəcəklərinə qərar verməlidirlər – Putinlə, yoxsa Trumpla?”

Xatırladaq ki, bu gün Ukraynaya ən böyük hərbi yardım göstərən ölkə olan Almaniyada Rusiyapərəst "Almaniya üçün Alternativ” (AfD) partiyası ilk dəfə ölkənin ən populyar siyasi qüvvəsinə çevrilib.

Nəşrin sifarişi ilə keçirilən sorğuya əsasən, hazırda alman seçicilərinin 26 faizi AfD-yə dəstək verir. Bu göstərici partiyanın tarixində ilk dəfə onu ölkədəki bütün siyasi qüvvələr arasında birinci yerə çıxarıb.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->