(Yazı "Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması;” mövzusu üzrə hazırlanıb.)
Son 5 ildə Azərbaycanda nikahdankənar doğulan uşaqların sayı açıqlanıb. Statistikaya əsasən, 5 ildə Azərbaycanda 82 944 uşaq nikahdankənar doğulub. 2022-ci ildə 18814, 2021-ci ilə 17566, 2020-ci ildə isə 17714 uşaq qeyri-rəsmi nikahlardan doğulub.
Statistikadan göründüyü kimi rəqəmlər ilbəil dəyişir. Qadınlar niyə nikahdankənar doğuşa üstünlük verir?
Həkim-ginekoloq Təranə Həsənova Qaynarinfo-ya qadınların nikahdankənar doğuşa üstünlük verməsinin müxtəlif səbəblərini açıqlayıb:
"Bu problem həmişə olub və olacaq da. Sadəcə, rəqəmlər dəyişə bilər. Bunun arxasında müxtəlif məqsədlər gizlənə bilər, ev, torpaq və s. Bəzən cütlüklər özləri nigah bağlamaq istəmir, bu, onlara maraqlı deyil. Bu, onların yadında uşaq məktəbə gedəndə düşür".
Həkim bəzən qadınların nikahdankənar doğuşa üstünlük verdiklərini vurğulayıb:
"Digər bir mühim məsələ var, hamının ailəsi olmur. Hamı ailə qura bilmir. Bəzən qadınlar nikahdankənar uşaq dünyaya gətirməyə üstünlük verir. Çünki həmin qadın istəyir ki, onun övladı olsun, tək qalmasın və s. Nə üçün belə edir? Bunun cavabı həmin qadınlardadır, ana olmaq istəyir".
"Beynəlxaq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsi”nin sədri Səadət Bənənyarlı nikahdankənar doğum hallarının artmasında kəbinin rolu olduğunu hesab edir:
"Kəbin nikahdan sonra bağlanılmalıdır. Bu məsələdə Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi üzərinə böyük iş düşür. Onlar kəbini kəsən mollalarla işləyir. Kəbinin nikah olmadan kəsilməsinə görə məsuliyyət olmalıdır. Təklif edərdim ki, bu məsələdə gələcəkdə həm də cinayət işi açılsın".
Səadət Bənənyarlı bunun böyük və şaxələnmiş fəsadlar əmələ gətirdiyini xatırladıb:
"Böyük problemdir, təəssüf ki, say artımla gedir. Buna ən çox şərait yaradan kəbinlə qurulan ailələrdir. Belə ailələrin uşaqları təhsildən kənar qalır və onların sosial hüquqları da gözlənilmir”.
Bahar Rüstəmli
Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır
Şərhlər