Xəbər lenti

Ukraynanın qaz hasilatının 60 faizini məhv edilib - Qış ərəfəsində böhran
Dünya 13:42 09.10.2025

Ukraynanın qaz hasilatının 60 faizini məhv edilib - Qış ərəfəsində böhran

Rusiya ordusunun Ukraynanın enerji infrastrukturuna endirdiyi raket və pilotsuz təyyarə hücumları nəticəsində ölkənin təxminən 60% təbii qaz hasilat gücü sıradan çıxıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg” agentliyi vəziyyətə yaxın mənbələrə istinadla məlumat yayıb.
 
Mənbələrin sözlərinə görə, 3 oktyabrda Xarkov və Poltava vilayətlərinə edilən kütləvi hücumlar qaz sənayesinə ən ağır zərbə olub.

Nəticədə Ukrayna yanacaq hasilatının yarıdan çoxunu itirib və qarşıdan gələn qışı keçirmək üçün xarici bazarlardan təxminən 4,4 milyard kubmetr qaz idxal etməli olacaq.

Bu, ölkənin illik qaz istehlakının təxminən 20%-nə bərabərdir və təxminən 2,2 milyard dollar vəsait tələb edəcək.

"Bloomberg” yazır ki, Ukrayna artıq Qərb tərəfdaşlarına müraciət edib – enerji infrastrukturunun bərpası üçün avadanlıq, əlavə hava hücumundan müdafiə sistemləri, eləcə də qaz idxalının maliyyələşdirilməsi üçün yardım istəyib.

Prezident Vladimir Zelenski 6 oktyabr tarixində demişdi:

"Rusiya əlimizdən gələn qədər qaz hasil etməyimizə mane olmağa çalışacaq. Bütün obyektləri qorumaq çətindir. Əsas məqsəd – qaz idxalı üçün vəsait tapmaqdır ki, xalq qazsız qalmasın”.

2025-ci ilin əvvəlindən etibarən Ukrayna xarici təchizatçılardan 4,58 milyard kubmetr qaz alıb. Onun 3,67 milyard kubmetri keçmiş qızdırma mövsümünün bitdiyi dövrdən bəri idxal edilib.

İlkin planlara görə, il ərzində ümumilikdə 5,8 milyard kubmetr qaz idxal ediləcəkdi.

Lakin son rus zərbələrindən sonra Ukrayna tərəfdaşlarını xəbərdar edib ki, bu rəqəm təxminən 30% artacaq – yəni əlavə 1,38 milyard kubmetr qaz alınmalıdır.
Energetika naziri Svetlana Qrinçuk bildirib ki, Kiyev artıq bu əlavə idxalın maliyyələşdirilməsini beynəlxalq tərəfdaşlarla müzakirə edir.
Dövlət şirkəti "Naftoqaz Ukrayiny” vəziyyəti şərh etməyib. Lakin şirkətin rəhbəri Sergey Koretski sosial şəbəkədə G7 ölkələri və Beynəlxalq Valyuta Fondu ilə "məhsuldar görüş” keçirdiyini bildirib:

"Tərəfdaşlarımız vəziyyətin bütün ciddiliyini anlayır,” – deyə o vurğulayıb.

"Bloomberg”in məlumatına görə, Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Avropa İnvestisiya Bankı (EIB) və Avropa Komissiyası Ukraynanın enerji sektoruna əlavə maliyyə dəstəyi vermək imkanlarını nəzərdən keçirir.

Rusiya artıq bir neçə ildir ki, hər qış Ukraynanın enerji sisteminə hücumlar endirir. Məqsəd – mülki əhalinin ruhunu sındırmaq və Moskva ilə mübarizəyə dəstəyini zəiflətməkdir.

Son aylarda bu hücumlar, xüsusilə də Kiyev 2025-ci ilin əvvəlində Rusiya qazının Avropaya tranzitini dayandırdıqdan sonra daha da intensivləşib.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->