"Bu səfərlə Tramp İran əleyhinə yeni koalisiyanın yaradılmasına çalışacaq".
Qaynarinfo-ya açıqlamasında bunu Azərbaycan Yəhudi Media Mərkəzinin politoloqu Rüstəm Tağızadə ABŞ prezidenti Donald Trampın ilk xarici səfər olaraq Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ-yə planlaşdırılan səfərlərini şərh edərkən deyib.
Rüstəm Tağızadə bildirib ki, Trampın Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ-yə planlaşdırılan səfəri, onun yalnız iqtisadi və diplomatik deyil, həm də geostrateji və seçki kampaniyası ilə əlaqəli hədəflərinə işarədir:
"Bu səfərin əsas məqsədləri təkcə ABŞ-ın regiondakı mövqeyini möhkəmləndirmək deyil, həm də Trampın şəxsi siyasi gələcəyini gücləndirmək ola bilər. Tramp administrasiyası dövründə ABŞ-ın Yaxın Şərq strategiyası əsasən İranın təsirini məhdudlaşdırmaq və İsrailin təhlükəsizliyini möhkəmləndirmək üzərində qurulub. Baydenin prezidentliyi dövründə isə ABŞ-ın bölgəyə diqqəti nisbətən azalmış, Çin və Rusiya isə öz təsirlərini gücləndirməyə çalışmışdılar. Trampın yenidən qayıdışı ilə isə Vaşinqtonun Körfəz ölkələri ilə əlaqələrini daha aqressiv şəkildə bərpa edəcəyi gözlənilən idi".
Trampın seçdiyi üç ölkə - Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ ABŞ-ın Yaxın Şərq siyasətinin əsas dayaqlarıdır:
"Səudiyyə Ərəbistanı-ABŞ-ın ənənəvi müttəfiqi, neft siyasətində mühüm oyunçu və İranla regional rəqibdir. Qətər-ABŞ-ın Yaxın Şərqdə ən böyük hərbi bazalarından birinə ev sahibliyi edir, lakin eyni zamanda İran və Türkiyə ilə yaxın əlaqələri var. BƏƏ-İsrail ilə münasibətləri normallaşdıran ilk Körfəz ölkələrindən biridir və ABŞ-la hərbi-strateji əməkdaşlığa xüsusi önəm verir".
Ekspert düşünür ki, Səudiyyə Ərəbistanı və BƏƏ-nin ABŞ-dakı biznes və siyasi lobbi fəaliyyətlərinə təsiri nəzərə alınarsa, Tramp səfər çərçivəsində regionun zəngin hökumətlərindən və iş adamlarından maliyyə dəstəyi almağa çalışa bilər:
"Körfəz ölkələri isə Trampın ikinci prezidentliyi zamanı onların maraqlarını Bayden administrasiyasından daha yaxşı qoruyacağını düşünərək, bu dəstəyi verə bilər. Bu səfərlə Trampın həmçinin, İran əleyhinə yeni koalisiyanın yaradılmasına çalışacağı da istisna deyil. Tramp dövründə İsrail və ərəb ölkələri arasında münasibətlərin normallaşdırılması (İbrahim Sazişləri) ABŞ-ın ən mühüm nailiyyətlərindən biri sayılırdı. Bu səfərin əsas məqsədlərindən biri həmin sazişlərin davamlılığını təmin etmək və İran əleyhinə regional koalisiyanı yenidən gücləndirmək ola bilər".
Ekspert deyir ki, Tramp bu səfərilə Əl-Riyadın neft siyasətini dəyişməyə çalışacaq:
"ABŞ-ın əsas narahatlıqlarından biri Səudiyyə Ərəbistanının və BƏƏ-in Rusiya ilə enerji sahəsində əməkdaşlığını davam etdirməsidir. Tramp bu səfəri vasitəsilə OPEC+ çərçivəsində Səudiyyə Ərəbistanının neft istehsalı siyasətini dəyişməyə razı salmağa çalışa bilər. Əgər Səudiyyə ABŞ-ın maraqlarına uyğun hərəkət edərsə, Rusiya iqtisadiyyatına ciddi təsir göstərə bilər. Bir sözlə, səfərdə məqsəd Yaxın Şərqdə ABŞ-ın nüfuzunu bərpa etmək və Çin-Rusiya təsirini məhdudlaşdırmaq, İran əleyhinə yeni siyasi və hərbi əməkdaşlıq formatını gücləndirmək, Səudiyyə Ərəbistanı və BƏƏ-ni neft siyasətində ABŞ-ın maraqlarına uyğun hərəkət etməyə razı salmaq, İsrailin təhlükəsizliyini qorumaq və Abraham Sazişlərinin davamlılığını təmin etməkdən ibarətdir".
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp yaxın zamanlarda Səudiyyə Ərəbistanı, BƏƏ və Qətərə səfər edəcəyini elan edib. O əlavə edib ki, səfərlər "gələn ay, bəlkə bir qədər sonra" baş tuta bilər.
Daha əvvəl bildirilmişdi ki, Tramp may ayında Səudiyyə Ərəbistanına səfər edəcək. Bu, Ağ Evə qayıtdıqdan sonra onun ilk xarici səfəri olacaq.
Rüfət Sultan
Şərhlər