Miçiqan ştatından olan konqresmen Şri Tanedar ABŞ Nümayəndələr Palatasına Prezident Donald Trampa qarşı impiçment maddələri təqdim edib.
Qaynarinfo xəbər verir ki, bu barədə konqresmen X sosial şəbəkəsində bildirib.
"Mən Prezident Trampa qarşı impiçment maddələri irəli sürdüm. Tramp Konstitusiyanı, Konqresi və məhkəmələri görməzdən gəldikdə, o, Amerika uğrunda mübarizə aparmır. O, onu dağıdır və demokratiyamızı təhlükə altına qoyur”, — o qeyd edib.
Konqresmen qeyd edib ki, Trampa qarşı yeddi impiçment maddəsi təqdim edib və onu müxtəlif ciddi pozuntularda ittiham edir. Xüsusilə, Tanedar Trampı Konqresin icazəsi olmadan Hökumət Effektivliyi Departamenti (DOGE) vasitəsilə bəzi dövlət qurumlarının maliyyəsini qanunsuz şəkildə azaltmaqda günahlandırır.
Tanedara görə, impiçment üçün başqa bir səbəb isə Trampın aqressiv tarif siyasətidir. Onun tətbiq etdiyi misilsiz gömrük rüsumları beynəlxalq iqtisadiyyata mənfi təsir göstərib. Konqresmen həmçinin Trampı jurnalistlərə təzyiq göstərməkdə, ABŞ Konstitusiyasının söz azadlığını təmin edən Birinci Dəyişiklik maddəsini pozmaqda, rüşvət almaqda, məhkəmə sisteminin işinə müdaxilə etməkdə və vətəndaşların şəxsi məlumatlarını qanunsuz toplamaqda ittiham edib.
"Yeddinci maddə — səlahiyyətlərin tiranik şəkildə aşılmasıdır. Tramp məhdudiyyətsiz hakimiyyəti öz əlində cəmləməyə və prezidentlik institutunun konstitusion sərhədlərini dağıtmağa çalışır. Bizim ölkəmizdə prezidentlər var, padşahlar yox. Bu, sadəcə bir qanun pozuntusu deyil — bu, impiçment üçün əsas yaradan bir qanun pozuntusudur”, — deyə Tanedar bildirib.
Bundan əvvəl, apreldə ABŞ Nümayəndələr Palatasının Texasdan olan üzvü El Qrin də Donald Trampa qarşı impiçment maddələri irəli sürəcəyini açıqlamışdı. Onun sözlərinə görə, hazırkı Ağ Ev rəhbəri "öz vəzifəsinə layiq deyil”.
Ukraynalı diplomat və siyasətçi Roman Bessmertnı isə daha əvvəl bəyan etmişdi ki, ABŞ Prezidenti Donald Tramp uğurlu və qətiyyətli addımlarla impiçmentə doğru gedir. Onun sözlərinə görə, Tramp Kanadanı hədəfə aldıqda, dünyanın ən varlı ailələrindən biri olan Rokfellerlərə də toxunur.
"O, təəssüf ki, bunu başa düşmür. Onu xəbərdar edirlər, amma o, impiçmentin ağzına doğru irəliləyir. Və bu vəziyyətdə onu qaçılmaz şəkildə yaşayacaq”, — deyə diplomat vurğulayıb.
Alpər
Şərhlər